"Qərbin ekspansionalist siyasəti bir çox ölkələri faktiki xaos meydanına çevirib" - POLİTOLOQ

17.09.2015 12:18     A-reaksiya     2736

“Son zamanlar yerləşdiyi coğrafi məkana və sahib olduğu resurslara görə dünya siyasətində müəyyən əhəmiyyətə malik olan bir sıra ölkələrdə baş verən dağıdıcı olaylar bəzi məqamlara yenidən aydınlıq gətirdi. Xüsusilə də çevrilişlər və qarşıdurmaların “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında aparılması bu dəyərlərin, əslində, hegemon güclərin maraqlarına xidmət etdiyini növbəti dəfə göstərdi. Və bir daha bəlli oldu ki, milli dəyərlər və maraqlardan uzaq olan “demokratiya” ssenariləri yalnız xaos və anarxiya mənbəyidir”.

Bu fikirləri Reaksiya.az-a politoloq Nurlan Qələndərli deyib.

Onun sözlərinə görə, bir sıra müstəqil milli dövlətlərin müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi, yaxud iqtisadi inkişaf tempinə malik olması hegemon güclər tərəfindən müsbət qarşılanmır:

“Məhz buna görə də həmin güc mərkəzləri, ilk növbədə, müstəqil milli dövlətlərə qarşı “qara piar” kampaniyası aparır, illeqal vasitələrə istinad edir, daha sonra isə “idarə edilən xaos” yaratmaqla həmin dövlətlərdə nəzarəti tamamilə ələ keçirməyə çalışırlar. Bu sırada daha çox ölkə daxilində fəaliyyət göstərən, vətəndaş cəmiyyətinin inkişafına dəstək verdiyi iddia edilən, lakin sözün əsl mənasında, təzyiq qrupu kimi çıxış edən təşkilatların fəaliyyəti, xidmətləri xüsusi yer tutur”.

Politoloq əlavə edib ki, bu kontekstdə “demokratiya” məfhumunu faktiki təsir və təzyiq vasitəsinə çevirən Qərbin mövqeyi və siyasətinə ayrıca nəzər yetirmək gərəkdir.

“Belə ki, nəhəng geosiyasi vahid olan SSRİ-nin süqutundan sonra yeni strategiya ilə çıxış edən Qərb dövlətləri islam dünyasını və müsəlman ölkələrini ayrıca hədəfə çevirdi. Xüsusilə də dini-etnik amillərdən istifadə edilməklə “parçala, hökmranlıq et” taktikasına istinad olundu, müxtəlif coğrafi regionlarda və ölkələrdə “demokratik idarəetmənin formalaşdırılması”, “terrorizmlə mübarizə” adı altında  xaotik proseslərə rəvac verildi. Və reallıq budur ki, Qərbin qeyri-standart və geosiyasi ambisiyalara söykənən maraqları Avrasiyada ciddi regional və qlobal təhdidlər yaratmaqla yanaşı, bir çox ölkələri faktiki xaos meydanına çevirib”, - deyə Nurlan Qələndərli vurğulayıb.  

Şərhlər

Çox oxunanlar