ABŞ-la Rusiyanın Suriyadakı əsas məqsədi nədir?

17.09.2015 17:51     A-reaksiya     2765

Xəbər verildiyi kimi, dünən gecə ABŞ xüsusi təyinatlıları Suriyaya daxil olub.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlarının komandanı açıqlamasında xüsusi təyinatlıların Suriyaya bölgədə daha çox təhlükəsizliyi qorumaq, yardım etmək və məsləhətləşmələr aparmaq məqsədi ilə girdiyini bildirib.

Pentaqondan adının açıqlanmasını istəməyən mənbə isə deyib ki, ABŞ ordusunun mümayəndələri İŞİD-lə birbaşa mübarizə aparmayacaq. Sadəcə PYD-yə təhlükəsizlik məsələlərində yardım göstərəcək.

Xatırladaq ki, Rusiyanın Suriyanın Dəməşq şəhəri yaxınlığında hərbi bazası yerləşir və bu yaxınlarda Rusiya oradakı hərbi potensialını genişləndirib. Hərbi bazaya yeni ağır tipli silah və sursatlar gətirilib.

Və rəsmi Rusiya bunu Bəşər Əsəd hakimiyyətinə nəzarət etmək məqsədilə həyata keçirsə də, İŞİD-ə qarşı mübarizə aparmaq üçün hərbi bazasını möhkəmləndirdiyini vurğulayıb.  

Hər kəsə yaxşı məlumdur ki, ABŞ-ın əsas hədəfi Rusiyadan fərqli olaraq Bəşər Əsəd hakimiyyətini süquta uğratmaqdır. Rəsmi Vaşinqtonun Rusiyadan sonra Suriyada İŞİD-ə qarşı mübarizə əməliyyatlarında istirak edəcəyi barədə xəbərlər yayılsa da, bu xəbərlər sadəcə diqqəti əsas hədəfdən yayındırmaq məqsədini güdür.

ABŞ-ın Suriyaya qoşun yeritməsi onu deməyə əsas verir ki, Rusiya və ABŞ Suriyada bir daha üz-üzə gələcək. Hər iki ölkə Suriya ərazisində bir-birinin hərbi təsirini azaltmağa səy göstərəcək. Bu məqsədlə ABŞ artıq ilk addımlarını atıb. Belə ki, ABŞ Yunanıstan, Bolqarıstan, Ukrayna və İraq hökümətlərindən hava məkanını Rusiya təyyarələri üçün bağlamağı tələb edib. Həmin ölkələrdən təkcə İraq ABŞ-a müsbət cavab verməyib. Bu zaman belə bir  məqam ortaya çıxır ki, ABŞ Suriyadakı quru əməliyyatlarında iştirak edəcək.

Suriya ətrafında baş verən bu proseslər onu göstərir ki, iki nəhəng ölkə Suriyada Sovet dönəmində Vyetnam, Əfqanıstan, İraq, Koreya yarımadası və digər regionlarda olduğu kimi birbaşa üz-üzə gəlməsələr belə mübarizələrini gizli formada davam etdirəcəklər.  

ABŞ-ın Rusiyadan sonra Suriyaya hərbçi göndərməsi eyniylə 1962-ci ildə baş verən "Karib böhranı"nı xatırladır. Həmin il SSRİ ilə ABŞ arasında sovet raketlərinin Kubada yerləşdirilməsi ilə bağlı yaranan gərginlik dünyanı nüvə müharibəsinin astanasına gətirmişdi.

ABŞ-ın Rusiya ilə Suriya ərazisi üzərində aparacaqları gizli çəkişmələrin bu dəfə hansı böhranla nəticələnəcəyini isə ancaq zaman göstərəcək.

Ümid edək ki, dünya bir daha nüvə müharibəsi kimi bir böhranla qarşı-qarşıya qalmayacaq.

Şərhlər