I Avropa Oyunlarında subliminal mesajlar - TƏHLİL

13.06.2015 17:05     A-reaksiya     2806

Şəmil Sadiq: "Əminəm ki, mütəxəssislərin araşdırmalı, mesaj almalı olduğu məqamlar ən yüksək formada təqdim edildi"

Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim, dosent Şəmil Sadiq  iyunun 12-də Bakıda baş tutmuş I Avropa Oyunlarının açılış mərasimindəki mühüm subliminal mesajlar barədə Reaksiya.Az-a danışıb.

Ş.Sadiq mərasimin səhnə quruluşunda çox önəmli fəlsəfi və tarixi məqamların əks olunduğunu qeyd edib: “Hüseyn Cavid “Azər Poeması”nda Azərin kimliyini belə bir fikirlə təqdime edir: “Mən doğuldum atəşlə suyun qouvuşduğu torpaqlarda”. Bəli, dünənki I Avropa Oyunlarının açılşında məhz türk təfəkküründə paklıq, saflıq, birlik rəmzi olan oda xüsi yanaşılmışdı. Dörd müqəddəs ünsürün dördünün də mükəmməl təqdimatının şahidi olduq. Cadar-cadar olmuş torpağın alovlanması və sonradan suyun ona can verməsi və yaşıllığın yaranması bir təbiət hadisəsi idi ki, gözümün önünüdə texnikanın imkanları ilə canlanırdı. Azərbaycan elə bir məkandır ki, burda hər şey şifrələnib. Bu şifrələr oxunduqda bəşəriyyətin xilası mümkündür. Çünki orta əsrlərdə Avropa odu şeytana satanda Azərbaycanda Nizamilər, Şeyx Səfilər, Nəimilər, Nəsimilər, Yunis İmrələr yaşayır, kamillik konsepsiyasını yayırdılar.  Həmin müdriklər o şifrələri çözmüş, insan və tanrı arasındakı sirrə vaqif olub.

Tədiqatçı-alim vurğulayıb ki, I Avropa Olimpiya oyunlarının açılışında istifadə edilən simvolika isə bu ilahi məkanın və tanrının sirləri ilə şifrələnmiş Türk insanının ruhunu göstərmək adına böyük iş görüb.

“Əlbəttə ki, sadə insanların təmtəraq hesab etdiyi bir tədbir kimi də yadda qala bilər. Əminəm ki, mütəxəssislərin araşdırmalı, mesaj almalı olduğu məqamlar ən yüksək formada təqdim edildi. Ocaq insan yarandığından onun bir olduğu yeganə yerdir. Od-ocaq başında qəlblər qızınır, ruhlar paklaşır. “Sarı gəlin” musiqisinin sədaları altında oğlanın odu götürərək qıza tərəf gəlməsi və qovuşması səhnələrində günəşin alovlandırılması, yer və göyün vəhdətini tərənnüm edirdi. Rejissorun və ssenari müəllifinin tariximizi dərindən araşdırdıqları açıq aydın görünürdü”, - deyə Ş.Sadiq qeyd edib.

Onun sözlərinə görə, ən önəmli simvol isə bəsirət gözü ilə qəlbləri nurlandıran, lakin maddi dünyanı görməyən İlham Zəkiyevin son məşəli alovlandırması idi.

“Düzdür, burda Azərbaycanın Qarabağ kimi yarasının olduğu, qaziyə verilən dəyər, idmançıların dövlət tərəfindən diqqətdə saxlanılması amilləri görünən və aydın bir mesaj idi. Amma məsələnin batini tərəfi isə məncə tamam fərqli idi. İnsanın təfəkkürü işıqlı olmalıdır. O qədər gözlülər var ki, həqiqəti görmür və ya görmək istəyənlərə yol göstərə bilmir. Amma müdriklik söz və əməlin vəhdətindən doğur ki, o da ətrafa işıq saçır. İlham Zəkiyev bir daha bəsirəti kor olanların işıqlı dünyanın kamillikdə olduğunu göstərdi.  Qürur hissi keçirməyən kimsə qalmadı, məncə. Amma bizə düşən ən böyük vəzifələrdən biri də, oda-ocağa gələn dost-düşmənin bu odu oğurlamasına, söndürməsinə imkan verməməkdir”, - deyə filoloq əlavə edib.

Şərhlər