Səudiyyə Ərəbistanı yaman oynayacaq... - Bəs qar necə?... Yağacaqmı?
03.10.2015 10:57 A-reaksiya 2908
Rusiyanın son günlər Suriyada əməliyyatlara başlaması, Livana qoşun göndərməyə hazırlaşması, hətta İraqa da göz dikməsi bölgədəki digər bir böyük gücün Səudiyyə Ərəbistanının yəqin ki, heç xoşuna gəlmir. Hətta, nəinki, xoşuna gəlmir, bir az da dərinə getsək Səudiyyə Ərəbistanı Rusiyaya qarşı istənilən addımı atmaq məcburiyyətindədir. Səbəblər müxtəlifdir, birinci başlayaq ondan ki, Səudiyyə Ərəbistanı bölgədəki döyüşən tərəflərdən birini – “Ceyşül - İslam” qruplaşmasını maliyyələşdirir. Həmin qruplaşma da Rusiyaya qarşı açıq cihad elan edəcək qədər güclənib. Təbii, nəzərə alsaq ki, “Ceyşül - İslam” əmrləri bir başa Səudların sarayından alır və eyni zamanda Səudiyyə Ərəbistanı ilə Rusiya arasında Rusiya daxilində yaşayan müsəlmanlar üzərinə təsir dairəsi formalaşdırmaq üstündə görünməyən gizli savaşlar gedir, o zaman bu münaqişənin heç də təkcə Suriya və bütövlükdə Yaxın Şərq üzərində getmədiyini demək olar. “Ceyşül – İslam”la digər qruplaşmaların bir müddət əvvəl bir araya gəlib Bəşər Əsədə qarşı savaşmasından belə bir nəticəyə gəlmək olar ki, həmin birliklər(konkret olaraq “Ceyşül Ümma” qruplaşması) Rusiyaya qarşı da birləşəcəklər. Çünki, bu qruplaşmaların içində olan döyüşçülərin böyük əksəriyyətində bu və ya digər şəkildə Rusiyaya qarşı bir aqressiya və nifrət var. Bəziləri postsovet məkanından gedən döyüşçülərdir, bəziləri isə Əfqanıstanda SSRi – yə qarşı döyüşən mücahidlər... Hə, bu arada... yuxarıda da qeyd etdiyimiz kimi Rusiyanın Suriyaya getməsinin ciddi bir səbəbi məhz gələcəkdə özünü qarant altına almaqdır. Rusiya düşünür ki, əgər Suriyada Bəşər Əsəd yox, qarşı tərəf qalib gəlsə, o zaman qarşı tərəfin tərkibində döyüşən Rusiyadan olan silahlılar Rusiyaya qayıtdıqdan sonra orda əməlli – başlı terror əsdirəcəklər. Bu da Rusiyaya sərf etmir. İkinci bir tərəfdən, əgər Suriyada yaraqlılar qalib gəlsə və onlar Rusiyaya qayıtsalar, Səudiyyə də Rusiyaya qalib olaraq qayıdan yaraqlılara öz dəstəyini əsirgəməyəcək. Nəticədə isə ölkədə dini təmayülə əsaslanan vətəndaş müharibəsi qaçılmaz hala gələcək...
Hər nə qədər analitiklər Rusiya – Çin arealının dünyada ikinci bir supergüc kimi artıq qəbul olunmağa başladığını iddia etsələr də görünən odur ki, Səudiyyə Ərəbistanı da Yaxın Şərqdən çıxmaq istəmir və bu ölkələrdəki liderliyini heç cür əlindən çıxarmaq niyyətində deyil. Işin içinə bir də din faktoru girdimi, o zaman işin ciddiyyətinin fərqinə varmaq elə də çətin deyil. Son zamanlar Səud sarayında yaşanan çalxantılar, sarayda radikalların İŞID – i, nisbətən mütərəqqi düşüncəlilərin isə Əl – Qaidəni və dolayısı ilə “Ceyşül Ümma”nı dəstəkləməsi, Həccdəki sonuncu faciə iddialarının özü belə Səudiyyə Ərəbistanı – Rusiya qarşıdurmasının sadə formatda davam etməyəcəyinin bariz göstəricisidir.
Bu iki qüvvə arasında gedən mübarizənin təkcə siyasi və hərbi müstəvidə davam etməyəcəyi ilə bağlı artıq siqnallar gəlməyə başlayıb. Bəzi Qərb mərkəzli beyin mərkəzlərinin iqtisadi sferada fəaliyyət göstərən cinahları Səudiyyənin önümüzdəki iqtisadi hücuma keçəcəyi ilə əlaqədar xəbərdarlıq edirlər. Belə ki, Səud sarayı noyabr ayında neftin qiymətini bir neçə dəfə aşağı salacaq və ucuzlaşdırdığı neftin bazarını isə məhz Rusiyanın hazırda neft satdığı ölkələrdə axtarmağa başlayacaq. Və görünən odur ki, bu bazarı tapacaq da. O zaman nə baş verəcək, bax, onu deməyə dilimiz gəlmir.
Görünən odur ki, Səud sarayı yaman oynayacaq. Bəs Rusiyada qar necə, yağacaqmı? Axı, dəvə oynayanda qar yağır adətən...
Qar da tez - tez Rusiyada yağır...
Şərhlər