Cəmi 125 saniyə... - MÜNASİBƏT

15.06.2015 12:50     A-reaksiya     2410

Ta uşaqlıqdan xatırlayıram, kənd məktəblərindən birində müəllimə işləməkarzularımdan biri idi. Hətta yağışlı-palçıqlı kənd yollarından qapısı-pəncərəsi sınıq-sökük taxtalardan ibarət olan məktəbə doğru baxan o gənc müəlliməni belə təsəvvür edirdim... Kənd həyatını kitablardan oxumuşdum ancaq. Əkin-biçin tarlalarının kotan-dırmığını özünə oyuncaq edən o körpə balaların həyatının sonunadək belə yaşamaması, oxuyub ən azından özünə faydalı  insan olmasını arzulayırdım. Düzdür, kənddə çalışan insanlarımız vətənə ən böyük faydadır amma hər zaman bu körpə cocuxların ömrünü o tarlalarda oxumadan, elmə yiyələnmədən keçirmələrinin narahatlığını daşıyırdım.

Sonralar məni ətrafımda az qala hər kəsin, sənlik deyil kənd həyatı, sən orada baş çıxara bilməzsən, bu cəmiyyəti düzəltmək sənə qalmayıb və s. kimi sözləri müəllim olmaqdan soyutdu. Doğrudur, bəlkə də müəllim olmağı ürəkdən istəsəydim, kimsə məni bu fikrimdən daşındıra bilməzdi. Arzular tükənməzdir, amma hər zaman qəlbimdə saxlayıb, bir gün mütləq gerçəyə çevirəcəyim bir arzum daha var idi... Bu arzumu ancaq sözün əsl mənasında mənə mənəvi dəstək olacaq adamlara deyərdim. Bu müqəddəs arzuma əks fikir eşitməmək üçün...

Bəlkə də çox duyğusal səslənəcək amma sözün əsl mənasında millətin vəkili olmaq idi arzum! Kənd məktəbində müəllimə ola bilmədim amma o kənd məktəblərində müəllimlərə dəstək verəcək, millət vəkili olacağım o ərazinin bütün kəndlərində insanlarla münasibət qura bilmə fürsətim, səlahiyyətim olacaqdı.

İnsan həyatda qarşısına qoyduğu məqsədlərə çatmaq üçün ailəsi, yaxınları, sevdikləri, dostları tərəfindən dəstəklənərsə, mütləqdir ki, istədiyi yola tez varacaq. Çünki biz özgüvəni məhz onların sayəsində artırırıq.

Doğru deyirlər, niyyətin hara, mənzilin oradır.

Mənzilə gedən yol məni “125-lər” Siyasi Klubuyla tanışdırdı. Klubumuz haqda yazılar da yazıldı, tənqidlər də oldu, hətta bizi gözü götürməyənlər də. Amma insanları tanımadan, onun işini, məqsədini, amalını bilmədən baltalayanlar cahil adlandırdığı cəmiyyətdən daha cahildir...

Nədir “125-lər”-in məqsədi? Kimlər bu klubun ətrafında yığışıb? Bir daha xatırlatmaq istədim...

Ölkəmizin müstəqilliyi qazanması heç də asan yollarla başa gəlmədi bizlərə. 9 milyon əhalisi olan bu ölkənin çətinliklə də olsa sovet rejimindən ayrıla bilməsi Azərbaycan üçün, Azərbaycan insanı üçünböyük uğur oldu. Bu bəzilərinə asan gələ bilər amma 35 milyondan çox əhalisi olan Güney Azərbaycan hələ də İran rejiminin haqsızlıqlarına, öz ana dilində oxumaq hüquqlarından məhrumdursa, düşünək artıq...

Bizim məqsədimiz quzeyli-güneyli Azərbaycanımız üçün çalışmaqdır. Bizim məqsədimiz müstəqilliyimizi qorumaq, möhkəmləndirmək yolunda çalışmaqdır...

Bütün bunları nəzərə alıb ictimai-siyasi həyatda aktiv iştirak edən  vətəndaş olaraq, ölkəmizin demokratikləşməsinə öz töhfəmizi vermək üçün “125-lər” Siyasi Klubunda birləşdik. Azərbaycanda  demokratik idarəçilik sisteminin yaradılması, milli dəyərlərin qorunması, barış və əminamanlığın həm ölkədə, həm də regionda bərqərar olması naminə fəaliyyət göstərəcəyimizə inanan siyasi birlik olaraq, 2015- ci il parlament seçkilərində iştirak etməyi qarşımıza məqsəd qoyduq.

 

Təəsüflər olsun ki, ölkəmizin 20%-i işğal altındadır, azad cəmiyyət quruculuğunda, şəffaf seçkilərin keçirilməsində hələ də problemlər yaşanır. Bütün bunları nəzərdən keçirərkən bir daha fərqinə varırıq ki, qarşımızda dayanan problemlərin həlli üçün daha çox insanın proseslərə cəlb olunmasına, ölkədə baş verən hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinə böyük ehtiyac var. Çünki hüquqi dövlət quruculuğu prosesində nə qədər çox fəal vətəndaşlarımız iştirak etsə, uğurlarımız o qədər çox olar.

 

Bu gün nəinki mən, bu gün “125-lər” Siyasi Klubunuseçən hər bir üzvümüz istədiyi ortamda, sevdiyi kollektivlə addımlayır. Bu gün biz inandığımız yoldayıq.

Bu gün ictimai-siyasi həyatda aktiv olanlar müstəqilliyimizin qorunması, dövlətçiliyimiz, vətəndaş cəmiyyəti problemlərinin həlli istiqamətində səylər göstərir, yollar axtarır. Lakin müxtəlif səbəblərdən göstərilən səylər hələ ki, müsbət nəticə vermir.

Gələcəyimizi əmanət edəcəyimiz uşaqlarımızı təmiz və rifah bir ölkədə yaşamasına imkan yaradaraqnormal yaşam imkanları vermək, müasir təhsil dəyərlərini yüksək sərgiləmək bizim əsas amacımızdır. Bizim klub Azərbaycanın və azərbaycanlıların gələcəyini millətimizlə birgə planlamağı və inşa etməyi hədəf edən siyasi bir klubdur. Bu hədəf ən başda insanlıq dəyərlərini üstün tutur, demokratik, haqq və hüququn üstünlüyü olan, məhz insanı mərkəz alan bir ideologiyaya sahibdir. Əsas fərqlərimizdən də biri budur ki, bizim klubda xanım siyasətçilər də çoxluq təşkil edir. Bu toplumsal və siyasi hərəkat içində qadının olması və gərəkən yeri alması qaçılmaz bir görəvdir. Bu ölkədə anaların ağlamasının nə demək olduğu daha iyi anlaşılacaq, məhz qadın olan siyasətçilərin çox olduğu bir ortamda gerçək çözümlər ortaya qoyula biləcəkdir. İnanıram ki, kişi siyasətçilərimizin dəstəyiylə qadınların siyasətdə yer aldığı bir ölkədə mütləqdir ki, hüzur hakim olacaqdır. Ən əsas da insan həyatında önəmli olan hüzur...

Bəzən addımladığımız, tutduğumuz yolun mümkünsüz, mənasız olduğunu deyənlərə cahil, maarifsiz cəmiyyət deyirik. Seçkilərlə bağlı neqativ enerji, mənfi təsir edənlər ilk başdan şayiələr yayırlar ki, onsuz da seçilməyəcəksən, seçiciylə işləməyə imkan vermirlər ki, seçki yoxdu. Bununla da seçicini inandırırlar ki, seçki boş şeydi və o da seçkiyə gəlmir. Seçki isə aktiv vətəndaş deməkdir. Seçkidə passiv vətəndaş varsa, deməli əsas namizəd də passivdi. İnsanlarla işləmir, ərazisini problemlərini bilmir, özünü tanıda bilmir, tanıtmağa səy göstərmir. İnsanlara getdikləri yolda bu cür sözlərlə həvəsdən salıb daş-kəsək atmaqdansa, zatən qarşılarını kəsən o daş-kəsəyi yığmağa yardımçı olun. Sadəcə birliyin nə demək olduğunu anlayacaqsız. BİRLİK! Bəli, birlik! O birlik olaraq, seçkilər zamanı cəmi 125 saniyə olar ya olmaz, vaxtınızı ayırıb, inandığınız, güvəndiyiniz namizədinizin adının qarşısından işarə cızıb səs verəcəksiniz. Səs verin ki, səsiniz eşidilsin... Siz səs versəniz, səsinizi duyan olacaq, mütləq olacaq... Yetər ki, cəmi 125 saniyəni özünüzçün tarixə salın... Cəmi 125 saniyə...

Sayğılarla “125-lər”dən biri...

 

Tamilla Qulami

 

Şərhlər