Xəzər dənizindən Suriyanı vurmaq!... - Rusiya kimə, hansı mesajı verir?

08.10.2015 15:23     A-reaksiya     3020

"Güc göstərmək" bir hərbi termindir ve sülh dövründə hərbi təlimlər formasında həyata keçirildiyi kimi, eyni zamanda əsl hərbi əməliyyatlar kimi özünü göstərə bilər. “Güc göstərmək”lə tərəflərdən biri qarşısındakı rəqibinə mesajını vermək, “lazım gələrsə səni yerlə yeksan edərəm” demək məqsədini güdür. Güc göstərməkdə israrlı olan tərəf əsasən hər hansı düşmənin hücumu ilə üzləşmək istəməyən, onun mənfi tərəflərini öz üzərində görməyi düşünməyən tərəfdir.

Güc göstərməyin qısaca tərifini verəndən sonra keçək Suriyada son günlərdə baş verənlərə. Daha doğrusu, Rusiyanın bu ölkədə pıqhapıq qaynayan qazanlarına. Əslinə qalanda, Rusiya bu ilin avqust ayından etibarən Suriyaya göndərdiyi hərbi birlikləri sayəsində ABŞ – ın təxminən bir ildir girə bilmədiyi Əsədin nəzarətində olan Aralıq dənizinin şərq sahillərində on gün ərzində ABŞ liderliyindəki koalisiya qüvvələrinə aid təyyarələrin Suriya səmasında maneələr törətmiş, bununla da ABŞ və NATO qüvvələrinə öz gücünü göstərmişdi. Bəlkə də rus təyyarələrinin Türkiyənin hava sərhədlərini pozmasından sonra yaradılan süni gərginliyin arxasında da elə bu faktor dayanır.

Hərbi ekspertlər hazırki vəziyyəti çox gözəl anlayır, amma bunu kütlənin qavradığına çox da inanmaq olmaz. Dünən növbəti dəfə Rusiya təbiri – caizsə şoumən ədası ilə dünyaya özünün növbəti dəfə gücünü göstərməyə nail oldu. Xəzər dənizindəki hərbi dəniz qüvvələrinə aid dörd hərbi gəmisindən atdığı 26 ədəd raket vasitəsi ilə İŞİD – in 11 komanda müşahidə məntəqəsini vurduğunu qalib ədası ilə bütün dünyaya bildirən Rusiya yazının əvvəlində qeyd etdiyimiz "güc göstərmə" texnikasına hərf – hərf əməl etdi. Rusiya istəsəydi, elə Aralıq dənizinin şərq sahillərindəki donanması vasitəsi ilə bu qeyd olunan ərazilərdəki İŞİD - ə aid komanda müşahidə məntəqələrini vura bilərdimi? Əlbəttə ki, bəli! Amma vurmadı. Əvəzində isə Rusiya ABŞ liderliyindəki koalisiya qüvvələrinə və dünya ictimaiyyətinə əsl gücünü göstərmək niyyətini gizlətmədi. Özü də keçən ay təcrübədən çıxarılan  "gəmi-yer" raketi və "Kalibr-NK" sistemləri ilə. Mütəxəssislər cəmi 3 gəmidə qurulan, mənzili 300 km-ə bərabər bu raketlə Mazandaran və ya Ənzəlidən Suriyanı və ya İraqı vurmağın mümkünsüzlüyünü iddia etsələr də, Rusiya IŞİD hədəflərini vurarkən(və ya vurduğunu iddia edərkən) rəqiblərinə bir önəmli mesaj da vermiş oldu: yeni yaradılan uzaqmənzilli raketlər artıq test olunub və istədiyim yeri, istədiyim hədəfi rahatlıqla vura bilərəm. Yəni, Rusiya ABŞ - a və NATO – ya “əgər müharibə istəyirsinizsə, buyurun, mən də hazıram!” – demək istəyir!

Sonda onu da qeyd etmək lazımdır ki, Rusiya hər nə qədər raketlərin atışı ilə bağlı video görüntülər yayımlasa da, həmin raketlərin İran ve Suriya hərbi hava məkanından keçdiyi qeyd olunsa da, cavabı maraqla gözlənən suallardan biri də Rusiyanın raketlərini əslində hansı ərazilərdən keçirməsidir.

Şərhlər

Çox oxunanlar