Avropa mediasının gerçək mahiyyəti...

12.10.2015 15:37     A-reaksiya     2417

XXI əsrdə qloballaşma şəraitində milli dövlətlərə qarşı təsir mexanizmləri və vasitələri dəyişikliyə uğrayır. Klassik siyasi və iqtisadi vasitələrdən fərqli olaraq, müəyyən ümumbəşəri dəyərlərdən istifadə olunur ki, bu sırada da "demokratiya" və "insan hüquqları", "siyasi plüralizm" kimi institusional məfhumlar xüsusilə fərqlənir. Amma məsələ ondadır ki, bu dəyərlər siyasi manipulyasiya vasitəsinə çevrilir, bunun fonunda çoxsaylı ikili standartlar nümunələri ortaya çıxır. Hədəf kimi seçilmiş ölkələrə təzyiq mexanizmi formalaşdırılan zaman iqtisadi və siyasi vasitələrlə yanaşı, bu cür ideoloji alətlərdən də geniş istifadə olunur.

QƏRBİN SUBYEKTİV "DEMOKRATİYA" ANLAYIŞI…

Bu hallar daha çox özünü dünyaya "demokratiya keşikçisi" kimi təqdim edən Qərb ölkələrinin  mövqe və siyasətində göstərir. Sirr deyil ki, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Qərb dövlətlərinin özündə çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi hallar mövcuddur. Xüsusilə də, vətəndaşlara qarşı ayrı-seçkilik, hüquq pozuntuları "demokratiya", "insan hüquqlarının qorunması" adı ilə pərdələnməkdədir. Ümumiyyətlə, bu ölkələrdə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının təzyiqlərə məruz qalması, mediaya yönəlik repressiv siyasətin həyata keçirilməsi, sərbəst toplaşmaq və vicdan azadlıqlarının pozulması kimi faktlar Qərb ictimai-siyasi mühitinin antidemokratik mahiyyətini göstərir.

QEYRİ-QANUNİ VƏ TƏXRİBAT XARAKTERLİ FƏALİYYƏT DEMOKRATİK DƏYƏRLƏRLƏ ASSOSİASİYA OLUNA BİLMƏZ

Qərb dövlətlərinin timsalında bu tip nümunələr kifayət qədər çoxdur. Həmçinin o da reallıqdır ki, belə media institutlarının fəaliyyətində müşahidə edilən başlıca reallıqlardan biri də müxtəlif dövlətlərə qarşı istifadə edilən təxribat və manipulyasiyalardır. Bu sırada daha çox "qara piar" komponentlərinə istinad edilir. Ziddiyyət yaratmaq, siyasi manipulyasiya etmək naminə gündəmə gətirilən məsələlər və dövriyyəyə buraxılan informasiyalar (əslində, dezinformasiyalar-N.Q.) bunu sübut edən başlıca arqumentlərdəndir. Həmçinin sözügedən transmilli media strukturlarının fəaliyyət göstərdikləri ölkələrdə müvafiq qanunvericiliyə zidd hallara yol verdikləri də müşahidə edilir. Hətta bir sıra ölkələrdə bu qurumlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi haqqında qərarlar qəbul edilib. Öz fəaliyyəti ilə dünyaya "nümunə" olduğunu iddia edən bu media qurumları, əslində, bir sıra hallarda təzyiq qruplarının ruporu qismində çıxış edirlər. Müxtəlif ölkələri subyektiv yanaşmalar əsasında hədəf seçən həmin media strukturları nədənsə Qərb ölkələrində, eləcə də Avropa məkanında çoxsaylı qanun pozuntularına dair hər hansı bir məlumat dərc etmir, bu məsələlərdən yan keçməyi üstün tuturlar.

"SÖZ AZADLIĞI" ARXASINDA GİZLƏNƏNLƏR, YAXUD AVROPA MEDİASININ UTANCVERİCİ REALLIQLARI…

Digər tərəfdən, "hüquqi  və demokratik ölkə" kimi səciyyələndirilən həmin dövlətlərdə qanunlarda olan boşluqlar, hüququn aliliyi prinsipinin tam təsbit olunmaması müəyyən "mərkəzdənqaçma" meyillərinin də ortaya çıxmasını şərtləndirir. Həmin tendensiyalar müxtəlif dövlətlərin rəsmi şəxsləri və ya müəyyən institutlarına  qarşı da müşahidə edilir və bunlar "demokratiya carçıları"nın gerçək mahiyyətinə işıq salır. Bu kontekstdə sonuncu nümunə odur ki, fransalı iki jurnalist - Erik Loran və Katrin Qrasye Mərakeş Kralından şantaj yolu ilə pul almağa çalışıblar. Onlar Kral haqqında nüfuzdan salan informasiyanı dərc etməmək müqabilində 3 milyon avro tələb edirdilər. "Editions du Seuil" nəşriyyatı onların kitab üzərində işlədiklərini təsdiq edib. Kral haqqında artıq bir kitabın müəllifi olan həmin jurnalistlər Mərakeş nümayəndəsindən tələb edilən pulu alarkən cinayət başında həbs olunublar.

Bütövlükdə isə, cari ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv və namizəd ölkələrdə 47 böhtan və şantaj xarakterli materialın nəşr edildiyi təsbit olunub. Lakin media nümayəndələri tərəfindən yazılan 120 materialın müxtəlif səbəblərə görə nəşrinə də icazə verilməyib. Həmçinin qeyd olunan dövr ərzində bu regionda qeyri-qanuni fəaliyyətlərinə görə 16 media nümayəndəsinə qarşı cinayət işi açılıb, 20 media nümayəndəsinə qarşı mülki iddia qaldırılıb, 47 media nümayəndəsi həbs olunub və yaxud saxlanılıb, 103 media nümayəndəsinə qarşı hüquqi ölçü götürülüb, 32 media nümayəndəsi işdən qovulub.

Bununla yanaşı, bir müddət öncə Azərbaycan haqqında böhtan xarakterli material hazırlayan "Cash Investigation" həftəlik araşdırma proqramına rəhbərlik edən Eliz Lüsenin tərcümeyi-halından da göründüyü kimi, onun heç bir diplomu yoxdur və o, səthi xarakterli subyektiv yanaşması ilə nəinki qərəzli şəkildə reallıqları təhrif edir, eyni zamanda, qeyri-qanuni mövqe nümayiş etdirir.

AVROPANIN MÜVAFİQ QURUMLARI "QOCA QİTƏ"DƏKİ QANUN POZUNTULARINA NƏ ÜÇÜN REAKSİYA VERMİRLƏR?

Digər bir nüans odur ki, müxtəlif ölkələrlə bağlı ardıcıl bəyanatlar verən, özlərini "demokratiya keşikçisi" kimi təqdim edən Avropanın müvafiq qurumları "qoca qitə"də baş verən kütləvi hüquq pozuntularına, xüsusilə də, insan haqlarının pozulması hallarına, müxtəlif media subyektlərinin illeqal fəaliyyətinə münasibət bildirmirlər. Bəs haqqında bəhs edilənlər dünyaya sırımağa çalışdıqları "demokratiya dərsləri"ndən özləri niyə yararlanmırlar? Əlbəttə, bütün bunlar Qərbin ikili standartlar siyasəti yürütdüyünün növbəti nümunəsidir. Bu, həm də ona dəlalət edir ki, milli dövlətlər Qərbin ikili standartlar siyasəti ilə qarşı-qarşıyadır. Və yeni dünya nizamında ikili standartlar Avropa və bütövlükdə Qərb üçün metodoloji prinsip kimi çıxış edir.

Şərhlər