"Böyük Xorasan" əməliyyatı - TƏHLİL

16.06.2015 12:28     A-reaksiya     2699

Mərkəzi Asiya "İslam dövləti" terrorçularının hədəfində

Böyük Xorasan İranın tarixi vilayətidir. Vaxtilə Əfqanıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın bir hissəsi məhz buraya daxil olub. "İslam dövləti" (İD) terror təşkilatı rəhbərlərinin fikrincə, onların nəzarətində olacaq "gələcək Xorasan"a Pakistan, Əfqanıstan ərazisi, həmçinin İranın etnik azərbaycanlıların yaşadıqları şərq və şimal vilayətləri, Mərkəzi Asiya respublikaları, Hindistanın bir hissəsi və Qərbi Çin də daxil olmalıdır. İD rəhbərliyi bu vilayətin idarə olunması üçün 12 nəfərdən ibarət rəhbər orqan da yaradıb, əmir vəzifəsi təsis edib.

Əlbəttə, hazırda bu iddia absurd səslənir. Amma məgər cəmi bir neçə il əvvəl Suriya və İraqın geniş bir ərazisində dəhşətli edamların törədiləcəyi, mağara qanunlarının hökm sürəcəyi kvazidövlətin peyda olacağını kimsə düşünürdümü? Üstəlik, terrorçular Pakistan-Əfqanıstan sərhədində 10 minlərlə yaraqlıdan ibarət ordularının olduğunu deyirlər.

İD ilə İŞİD-in (İraq və Şam İslam Dövləti) eyni təşkilat olduğuna dair fikir heç də tam doğru deyil. İŞİD lokal terrorçu qrup idisə, onun planına İraqın və Şamın (müasir Suriya, Livan, Fələstin və İordaniyanı özündə birləşdirən tarixi vilayətin) ələ keçirilməsi daxil idisə, onun adını dəyişərək "İslam dövləti" etməsi daha geniş ərazilərdə xilafətin yaradılması planından xəbər verir. Plana görə Xorasan vilayəti də həmin əraziyə daxil olmalıdır. 

 

Onlar haradan peyda olurlar?

 

İD-yə Mərkəzi Asiya ölkələrindən qoşulanların sayı getdikcə artır. İndi onların sayı 4000 nəfərə çatıb və bu rəqəm get-gedə artmaqdadır. Şimali Çindən və postsovet ölkələrindən olan terrorçular nə vaxtsa vətənlərinə qayıdacaqlar və bu, heç də dinc qayıdış olmayacaq.

Hələ ötən yayın sonlarında İD lideri əl-Bağdadinin əmri ilə Suriyanın böyük vilayətlərindən olan Rakkaya etnik tacik əmir təyin olunmuşdu. Bu, terror təşkilatının kadr siyasətində Mərkəzi Asiya istiqamətinin prioritet təşkil etdiyini göstərirdi. Bu mənada o, Tacikistan DİN-in xüsusi təyinatlı milisinin dəstə komandiri, xarizmatik və təcrübəli zabit Qulmurad Xalimovun İD sıralarında peyda olması kifayət qədər xarakterik hadisədir. Xalimov videomüraciətində "qardaşlarının geriyə silahla dönəcəklərini", "islamı sıxışdıranlara" qarşı savaşacaqlarını bildirir. Maraqlıdır ki, Xalimov Rusiyada əmək miqrantı kimi çalışaraq, ailəsinə pul qazanan həmvətənlərini "qul" adlandırıb və onları "cihad"a çağırıb.

Ekspertlərin fikrincə, Xalimovun bu videomüraciəti Mərkəzi Asiyadan daha çox insanın İD-yə qoşulmasına yol aça bilər.

İnsanların bu qruplaşmaya qoşulmasının bir sıra səbəbləri var. Avropadan İD-yə axın Yaxın Şərq və Afrikadan olan miqrantların Aİ-də "mədəni şok" yaşamalarının, marginallaşmanın bütün "üstünlük"lərini öz gözləri ilə görmələrinin nəticəsidir. Bəs Mərkəzi Asiya sakinlərini terrorçulara qoşulmağa nə vadar edir? Əlbəttə ki, burada əsas amillərdən biri beyinlərin "mücahid-cihad-cənnət-huri" süjeti ilə doldurulmasıdır. Beyinlərin doldurulması prosesində düşüncə ilə manipulyasiya edilməsi üçün müasir neyrolinqvist üsullardan (NLP) daha çox istifadə olunur. Bununla yanaşı, İD-yə üz tutanların sayının artmasının iqtisadi səbəbləri də nəzərə alınmalıdır. İD həm də kifayət qədər uğurlu biznes layihəsidir: onun büdcəsinin gəlir hissəsini narkotika və neft alveri, qiymətli tarixi və bədii əşyaların talan edilməsi, insan oğurluğu (istər pul qarşılığında geri qaytarılması, istərsə də orqanlarının transplantasiyası üçün) təşkil edir. Təşkilatın əsas xərclərinin yaraqlıların xidmətinə görə ödənişlərin edilməsi olduğunu nəzərə alsaq, bu ödənişlərin az olmadığı aydınlaşar. Şübhəsiz,  İD-nin əsas "aktivləri" "əmir"lərin cibinə gedir. Amma bu, ayrı söhbətin mövzusudur.

Beləliklə, "cihad"ı yaşamaq, qazanmaq vasitəsi kimi də qiymətləndirmək olar. Rublun dəyərini itirməsini, Rusiya iqtisadiyyatında yaşanan böhranı da nəzərə almaq lazımdır. Rusiyada miqrantlar üçün qaydaların sərtləşdirilməsi Mərkəzi Asiyadan olan qastarbayterləri "çəkindirən" daha bir amildir. Rusiya Federal Miqrasiya Xidməti isə onların sayının 4 milyona çatdığını bildirir. Bu kütlənin bir hissəsinin asan yolla pul qazanmaq naminə gələcəkdə İD-yə qoşulacağı istisna deyil. Amma bu, heç də o demək deyil ki, Mərkəzi Asiyadan İD-yə yalnız yoxsul təbəqənin nümayəndələri qoşulur. Bu respublikalarda ali təhsilli işsizlər tapmaq çətin deyil. Xalimovla bağlı vəziyyət isə cəmiyyətdə daha dərin problemlərin mövcudluğunu göstərir. 

 

"Münbit şərait"

 

Bəlkə də problem Mərkəzi Asiya ölkələri hökumətlərinin müstəqillik illərində xalqlarına qaneedici ideoloji konsepsiya təklif edə bilməməsindədir? Hələ müstəqilliyin ilk illərində bəzi ölkələrdə islam anlayışı populyar idi. Hökumət öz növbəsində dini ekstremizmin arta biləcəyindən ehtiyatlanaraq inanclıların təqib olunmasına başladı. Nəticədə, paradoksal vəziyyət yarandı: bir tərəfdən, islam dinini hər kəs qəbul edir, digər yandan, gənclər məscidlərə gedə bilmir. Təqib olunan yalnız İD fonunda daha liberal təsir bağışlayan islamçı müxalifət deyil. Praktiki olaraq, siyasi müxalifət də yoxdur. Bu təcrübə davam etdirilərsə, əlverişli müxalifət vakuumu yaranacaq və bu vakuumu İD tərəfdarları son dərəcə asanlıqla dolduracaqlar. Bundan sonra dövlətin daxilindəki vəziyyətdən narazı olan əhalinin hamısının yeganə müxalif qüvvə olan radikallara qoşulması qaçılmaz olacaq. Güc strukturlarına gəlincə, regionda islamçıların qarşısında dayanan "sonuncu maneə"yə çevrilən bu qüvvələr də Xalimov kimi, mövqelərini dəyişə bilərlər.

Ümumiyyətlə, Mərkəzi Asiya ölkələrində daxili siyasi vəziyyət öz xüsusiyyətinə görə son dərəcə təhlükəlidir və barıt çəlləyini xatırladır.

Birincisi, Özbəkistan, Qazaxıstan və Tacikistan kimi ölkələrdə siyasi varislik məsələsi çox sərt şəkil alıb. Prezidentlərin yaşlı olması və səhhətlərindəki problemlərlə bağlı mütəmadi xəbərlərin yayılması bu vəziyyəti daha da ağırlaşdırır.

İkinci məqamı birincinin davamı da saymaq olar. Burada söhbət artıq dini, etnik və konfessional zəmində klanların qarşıdurmasından gedir. Tacikistanda "kulyab", "xuncan"" və digər klanlar, Özbəkistanda "daşkəndlilər" və "səmərqəndlilər" arasında qarşıdurma, həmçinin Qazaxıstanın, xüsusilə Qırğızıstanın şimal və cənub hissələrinə bölünməsi və s.

Bu bölgədə təhlükəsizliyə təsir göstərən üçüncü amil narkotik daşımalarıdır. Qərbin Əfqanıstana hərbi müdaxiləsindən sonra, bölgədə narkotrafikin həcmi görünməmiş həddə yüksəlib. Bu dövrdə gizli islamçı təşkilatlar da yox olmayıb, əksinə, indi Özbəkistan İslam Hərəkatının yaraqlıları "Taliban", "Hizb ut-Təhrir" kimi qruplaşmaların tərkibində döyüşürlər. Qırğızıstan və Qazaxıstanın cənubunda müxtəlif radikal islamçı qruplaşmalar yaraqlılara təlimlər keçir. İD-nin Mərkəzi Asiyaya gəlib-çıxacağı təqdirdə, onların ortaya hansı mövqe qoyacaqlarını güman etmək çətin deyil.

Bu ölkələrdə etnik münaqişələr də çözülməmiş qalır.

Son 25 ildə yalnız qırğızlarla özbəklər arasında 2 böyük toqquşma baş verib. Bu qarşıdurmalar nəticəsində minlərlə insan həlak olub, yüz minlərlə insan qaçqın düşüb. Zaman-zaman özbəklərlə taciklər arasında da toqquşmalar olur; Tacikistanda sünnilərlə şiələr qarşı-qarşıya gəlir; Qazaxıstanda qazaxlarla etnik azlıqlar arasında problemlər yaşanır.

Mərkəzi Asiyanın öz "Bermud üçbucağı" var. Bu, Tacikistan, Özbəkistan və Qırğızıstan ərazilərini özündə birləşdirmiş Fərqanə vadisidir. Bu vadinin əsas şəhərləri olan Hucand və İsfara Tacikistan ərazisindədir; vadi ərazisinin, təxminən, 90%-i əhatə edən Nəmanqan, Əndican və Kokənd Özbəkistana aiddir; Oş və Cəlal-Abad Qırğızıstanın şərqindədir. Fərqanə vadisində əhalinin etnik baxımdan qarışıq olması, milli zəmində illərdir davam edən münaqişələr, əhalinin sıxlığı (22 000 kvadratkilometrlik ərazidə 11 milyon insan yaşayır), torpaq və su resursları çatışmazlığı, dini ekstremizmin yayılması, yerli hökumətlərin düzgün olmayan taktikası (məsələn, 2005-ci ildə Andicanda nümayişçilərin kütləvi şəkildə güllələnməsi), regional və qeyri-regional dövlətlərin kəşfiyyat xidmətlərinin aktiv fəaliyyəti, sərhəd mübahisələri, narkotik maddələrin və digər məhsulların kütləvi qaçaqmalçılığı - bütün bunlar regionda sabitliyin pozulması üçün şərait yaradır.

Mərkəzi Asiya ölkələrinin Əfqanıstanın şimal sərhədi ilə yanaşı, məhz Fərqanə vadisində vəziyyət gərginləşə, ora İD üçün əlverişli məkana çevrilə bilər. Bu halda İD yaraqlıları regionda mövqelərini genişləndirmək üçün yaxşı imkan qazanacaqlar. 

 

"Zəncirli köpəklər"

 

Son amil bu regionda "yanğın" törətməyin kimlərə sərf etməsidir. Mətbuatda zaman-zaman Qərb xüsusi xidmət orqanlarının və transmilli korporasiyaların İD adlı kabusun yaradılmasına, gücləndirilməsinə dəstəyindən bəhs edən informasiyalar, hətta bunu təsdiqləyəçn faktlar peyda olur. Söhbət heç də yalnız qruplaşma lideri əl-Bağdadinin vaxtilə Amerikanın İraqda yerləşən "Əbu-Qreyb" həbsxanasında saxlanılmasına dair xəbərlərdən, ABŞ və NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanı general Devid Petreusla görüşdən sonra möcüzəvi şəkildə sərbəst buraxılması haqda deyilənlərdən getmir. Söhbət əl-Bağdadinin xoşagəlməz amerikalı senator Con Makkeynlə şəklinin olmasında, yaxud koalisiya qüvvələrinin İD-nin mövqelərini bombalamasından sonra cihadçıların simurq quşu kimi daha da güclənmələrində də deyil. Maraqlı görünən başqa məsələdir - necə olur ki, Qərbin və İD-nin düşmənləri eyni qrupdan olan ölkələrdir? Terrorçuların komandirləri bütün videomüraciətlərində cihadı Qərbin "sivil" ölkələrinin - "beynəlxalq birliy"in "demokratiyanın düşməni" saydığı dövlətlərə qarşı elan edirlər. Yəni həm Qərb, həm də İD eyni qüvvələr qarşıdırlar: İran, Suriya, Çin, Rusiya.

Xəritəyə nəzər yetirməklə bir məqamı aydın şəkildə görmək mümkündür: Mərkəzi Asiyaya od vurularsa, bu yanğının alovu asanlıqla Rusiya, Çin, İran, həmçinin son zamanlar "özbaşınalıq edən, Çinlə yaxınlaşmaqda olan Pakistana keçəcək. Bütün dövrlərin və xalqların aktual prinsipi də ləğv edilməyib: "Düşmənimin düşməni mənim dostumdur".

"Fransa beynəlxalq radiosu"nun baş redaktoru Rişar Labevyer hələ 1999-cu ildə özünün "Terror dollarları. Birləşmiş Ştatlar və islamçılar" adlı kitabında cihadçıları "Amerikasayağı qloballaşmanın zəncirli köpəkləri" adlandırmışdı. Tədqiqatçı jurnalist bunu həm cihadçıların, həm də Amerika transmilli korporasiyalarının, maliyyə strukturlarının vahid düşməninin olması ilə əsaslandırmışdı. Söhbət milli dövlətlərdən gedir. Amma artıq cihadçıların nə dərəcədə keçmiş sahiblərinin nəzarətində olduqları da mübahisəlidir.

 

Fuad Hilalov

 

Reaksiya.az

 

Şərhlər