Korrupsioner məmurların cəza mexanizmi necə olmalıdır? - Ekspert rəyi

17.10.2015 15:19     A-reaksiya     2698

Oktyabr ayının 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Prezident İlham Əliyev bəzi qurumları, korrupsioner məmurları sərt tənqid etmişdi. Və bu sahədə ciddi islahatlar aparılmalı olduğunu vurğulamışdı.

Prezidentin məlum çıxışından sonra Milli Məclisin iclasında bir çox millət vəkilləri məsələyə münasibət bildirmişdilər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Azay Quliyev korrupsiyaya qurşanmış məmurlar ciddi şəkildə cəzalandırılmalı olduğunu qeyd etmişdi. Və bildirmişdi ki, Prezident İlham Əliyevin dediyi kimi, islahatlar davam etdirilməlidir: “Korrupsiyanı yerli-dibli yox etmək üçün islahatlar davamlı olmalıdır. Artıq bir sıra hüquq-mühafizə orqanları bu istiqamətdə əməli işə keçiblər. Baş Prokurorluq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də bununla bağlı mühüm tədbirlər həyata keçirir”.

Bir çox millət vəkilləri korrupsiya faktları ilə mübarizə aparmağın yolunu “ASAN xidmət”in fəaliyyət sahəsini genişlətməkdə görmüşdülər. Həmçinin millət vəkili Azay Quliyev “ASAN xidmət”in Azərbaycanın korrupsiya ilə mübarizədə ən böyük uğuru olduğunu vurğulamışdı: “ASAN xidmət” öz funksiyasını çox uğurla həyata keçirir. Burada korrupsiya sıfır dərəcəsindədir. Korrupsiyaya qarşı elə bir qayda tətbiq olunub ki, orada rüşvətin mövcud olması mümkün deyil”.

Reaksiya.az Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vamiq Şükürova “Məmurların korrupsioner olduğu necə müəyyən edilməlidir?”, “Həmin məmurların cəza mexanizmi necə olmalıdır?” sualları ilə müraciət edib.

Hüquqşünas ünvanlanmış suallara ətraflı şərh verib: “Bu barədə qanunvericilik mövcuddur. Korrusiya ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, o cümlədən Etik davranış qaydaları və Cinayət Məcəlləsinə görə korrupsiya hüquq pozuntusu törədən və ya korruspiya hüquq pozuntusuna şərait yaradan şəxslər məsuliyyyətə cəlb olunur. Bu halın 2 formada pozuntusu ola bilər: Birincisi, korrupsiya birbaşa hüquq pozuntusu hesab olunur. Məsələn, şəxs birbaşa rüşvət aldığı yerdə, rüşvət təklif etdiyi yerdə, hansısa dövlət əmlakını mənimsədiyi yerdə, vətəndaşlara qarşı hər hansı bir qanuni işlərin görülməsinə görə rüşvət tələb etdikdə və ya rüşvət verilmədiyinə görə həmin işlərdən imtina etməsinə görə, yaxud da dövlət orqanlarında xidmət edən müəyyən məmurların ələ keçirilməsi, onlarla qanunsuz işbirliyinin qurulması birbaşa korrupsiya faktıdır. Və aşkar olunduqda aidiyyati maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunur”.

V.Şükürov korrupsiya halıyla mübarizə mexanizmini də açıqlayıb: “Bu halları necə aşkarlamaq olar, məsələsinə gəldikdə isə deyərdim ki, bunun ancaq bir yolu vardır. Korrupsiyaya qarşı mübarizə haqqında Qanunda göstərilib ki, dövlət qulluqçuları, dövlət orqanlarının vəzifəli şəxsləri öz əmlakları barəsində əmlak bəyamnaməsi verilməlidirlər. Həmin əmlak bəyannaməsinin verilməsi qaydaları da Qanunvericiliyə uyğun olaraq hazırlanmalı idi. Təəssüflər olsun ki, indiyə qədər həmin qaydalar hazırlanmayıb və qüvvəyə minməyib. Həmin qaydalar necə ola bilərdi? Dünyanın inkişaf etmiş ölkələrində belədir ki, vəzifəli şəxslər hər il əmlak bəyannamələri təqdim edirlər. Əmlak bəyannaməsində göstərilən faktlarla realda malik olduğu, istifadə etdiyi əmlaklar tutuşdurulur. Əgər uyğunsuzluq müşahidə edilirdisə, həmin vəzifəli şəxsin korrupsiya fəaliyyəti ilə məşğul olduğu nəticəsinə gəlinirdi. Məsələn, məmurun əmlak bəyannaməsində əmək haqqının miqdarı göstərilir və əmək haqqının miqdarı ilə onun istifadə etdiyi maşınlar, yaşadığı evlər, sahib olduğu qiymətli əşyalar, lüks həyatı müqayisə olunur. Uyğunsuzluq aşkar edildikdə isə həmin şəxslər rahatlıqla cinayət məsuliyyətinə cəlb edilir. Həmin məmurlar da buna görə qanunsuz fəaliyyət göstərməkdən çox qorxurlar. Onlar, hətta dövlətə məxsus əşyalardan, maşınlardan ailələri üçün istifadə etməyə belə çəkinirlər. Bilirlər ki, üzərilərində çox ziddi nəzarət var. Hesab edirəm ki, hazırkı gündəmdə də korrupsiyanın qarşısını almaq üçün əmlak bəyannamələrinin verilməsi qaydaları hazırlanmalıdır və təsdiq olunub qüvvəyə minməlidir”. 

Şərhlər