Nobel siyasi mükafatdır? - EKSPERT RƏYİ

17.10.2015 17:11     A-reaksiya     2628

“Nobel də siyasi mükafatdır. Bu mükafatın necə verildiyini çoxunuz yaxşı bilirsiniz. Bu mükafat sifarişlə verilir. Mükafatı alan adamın buna layiq olub-olmadığı müzakirə mövzusu belə deyil, əsas sifarişdir”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan G-20 zirvə toplantısındakı çıxışı zamanı səsləndirib.

Nobel sülh mükafatının siyasi xarakterli olduğunu bəyan edən Ərdoğan Nobel Komitəsinin ünvanına tənqidlərini dilə gətirib: “Biri çıxır miqrant axını ilə bağlı danışır, deyir ki, 30-40 min miqrantı qəbul edəcəklər. Sonra necə olursa, onlar Nobel mükafatına namizəd olur. Bizim ölkəmizdə isə hazırda 2,5 milyon miqrant var, amma bununla heç kim maraqlanmır”.

Qeyd edək ki, Azərbaycanda da Türkiyədəki siyasi vəziyyət hökm sürür. Ancaq təəssüflər olsun ki, ilk maliyyə qazanclarını Azərbaycandan götürən Nobel qardaşlarının adına təsis edilmiş bu mükafat indiyə qədər bir dəfə də olsun ölkəmizə verilməyib.

Reaksiya.az bu mövqedən çıxış edərək azərbaycanlı mütəxəssislərin Ərdoğanın səsləndirdiyi bu fikirlərə, ümumiyyətlə Nobel mükafatının verilmə mexanizminə aydınlıq gətirməyə çalışıblar.

Mütəxəssislər bildiriblər ki, bu gün dünyada kifayət qədər problemlər var ki, Nobel sülh mükafatı komitəsi onlardan yan keçir: “Mükafat verilən şəxslərə nəzər yetirdikdə hər birində siyasi motivlər olduğunu görərik. Necə ki, Avrovision müsabiqəsində siyasi motivlər rol oynayır, eləcə də Avropanın bütün müsabiqələrinin demək olar ki, hər birində siyasi motivlər çox böyük rol oynayır. Eləcə də Nobel sülh mükafatında. Nobel mükafatının ədəbiyyat namizədi İosif Brodski örnəyini götürsək, görərik ki, onu ölüm ayağında Avropaya aparıb tezbazar Nobel mükafatı verdilər".

"Eyni zamanda da, bu gün Əziz Sancar olsun, yaxud da Tunis İnsan Haqları bürosu deyilən təşkilat olsun, bunların hər biri sırf siyasi motivlər üzərində qurulub. Burada Alekseyiviçi də götürmək olar. Bir ayağı Avropada, bir ayağı Belarusda olan yazıçının da nəyə görə önə çəkildiyi yaxşı bəllidir. Orxan Pamukun özünü də qeyd edə bilərik. Hər kəsə məlumdur ki, Pamuk “ermənilərə qarşı türklər soyqırım etdilər” sözünə görə Nobel mükafatı aldı. İndiyə qədər Nobel sülh mükafatı komitəsinin bircə dəfə olsun belə hansısa əzilənin hüququnu müdafiət etdiyi görülməyib. Komitə sırf imperialist qüvvələrin maraqlarına uyğun olaraq hərəkət edən təşkilatdır. Və bu təşkilat da təbii ki, fəaliyyətini bu formatda da davam edəcək”.

Ekspertlər Ərdoğanın məsələyə müdaxiləsinə də haqq qazandırıblar: “Türkiyəyə qarşı Avropa İttifaqı hər zaman ikili standartlarla hərəkət edib. Dəfələrlə Aİ-yə üzv olmalı olan Türkiyə sırf şərqli, sırf müsəlman olduğuna görə hadisələrdən kənarlaşdırılıb. Türkiyənin dövlət başçısının bu formatda danışması çox normal haldır. Türkiyənin indiki vəziyyəti heç də Azərbaycandan fərqlənmir.  Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Buna baxmayaraq bir dəfə də olsun, Qərbin insan institutları, insan resursları bu barədə səslərini qaldırmayıblar. Eyni zamanda da Türkiyədə olan proseslərə də. Baxmayaraq ki, hazırda Avropa ölkələri miqrant qəbul etməmək üçün müxtəlif bəhanələr yaradırlar. Türkiyə buna baxmayaraq Suriyada vətəndaş müharibəsi başlayandan bəri miqrantları qəbul etməyə başlayıb. Istanbulda hazırda bəlkə də, türkdən çox suriyalı miqrant var. Ərdoğanın artıq dilə gəlməsi normal qarşılanmalıdır”.

Şərhlər