Rusiyanın Suriya əməliyyatları: - Türkiyə qazanacaq, Rusiya itirəcək...

19.10.2015 11:28     A-reaksiya     2589

Rusiyanın Suriyada intensiv şəkildə davam edən hərbi əməliyyatının iqtisadiyyat üzərindəki təsiri necə olacaq? Rusiya na qazanacaq, nə itirəcək? Əməliyyatların uzanmasının nəticələri necə ola bilər?

Sanksiyalar qarşısında Rusiyanın müqavimətinin artdığı və sıxıntıların həll ediləcəyi müşahidə olunduğu bu günlərdə başlayan sürpriz əməliyyat yuxarıda qeyd etdiyimiz sualları gündəmə gətirib. Qeyd edək ki, Orta Şərqdəki hər hansı başqa bir müharibə kimi Suriyadakı mühribə də ciddi iqtisadi dəyərlərə sahibdir, çünki dünyanın ən böyük neft və qaz ehtiyatlarla yanaşı cərəyan edir. Buna görə də münaqişənin Rusiya iqtisadiyyatı üzərində qısa və uzun müddətli müəyyən nəticələri olacaq. Həm müharibənin özü, həm də Rusiyanın bu müharibəyə daxil olması bu nəticələri bərabərində gətirəcək.

Suriya qlobal karbohidrogen bazarında major oyunçulardan deyil. Ən yaxşı dövrlərdə, yəni 2000-ci illərdə gündəlik istehsalı 520 min barrel idi. Bu da dünya istehsalının 0,6% -dan bir az yuxarı idi.

Vətəndaş müharibəsinin və Avropa sanksiyalarının başlamasından sonra, neft istehsalı sürətlə düşdü. Bu ilin əvvəlində 30 min barrel civarında idi. Qaz istehsalı da dünya səviyyəsində deyil. İldə 5,5 milyard kubmetr (2010-cu ildə 9 milyard idi). Buna görə də müharibə necə nəticələnirsə nəticələnsin, bunun dünya neft bazarına ciddi bir təsiri olmayacaq.

Müharibənin Rusiyaya daha böyük bir təsir ola bilər, bu da müharibəyə birbaşa müdaxiləsi ilə bağlıdır. Rusiyalı rəsmilər İŞİD –i bölgədən çıxartdıqlarını deyirlər, ancaq bəzi mənbəələr də, Rusiyanın Əsədə qarşı olan mülayim müxalifəti hədəf aldığını iddia edir. Bölgədəki Türkiyə və Səudiyyə Ərəbistanı kimi əhəmiyyəti böyük olan ölkələr də görünən odur ki, Suriyanın sünni müxalifətini dəstəkləyir. Buna görə də  Rusiya müdaxiləsi nə qədər uzun və geniş diametrli olacaqsa, bu həmin ölkə üçün bölgədə o qədər siyasi və iqtisadi problemlər yaradacaq. Bunu hətta Rusiyadakı bəzi mətbuat nümayəndələri də qeyd edirlər.

Məsələn, bu yaxınlarda Rusiya İnvestisiya Fondu Səudiyyə Ərəbistanı və BƏƏ dövlət fondları ilə ortaqlıq planını açıqlayıb. Həmin plana görə bu fondlar Rusiyaya 7-10 milyard dollar investisiya qoymaq istədiklərini bildiriblər. Qərb maliyyə bazarlarına çıxışa qoyulan sanksiyalara görə, ruslar alternativ mənbə kimi Körfəz ölkələrinin sərmayələrini gözləyirdi. Amma Rusiyanın Suriya əməliyyatlarına başlaması bu planların reallaşması ehtimalını demək olar ki, sıfıra endirib.

Bundan başqa, Türkiyə geosiyasi mövqeyinə görə Rusiyanın Suriya əməliyyatlarına başlamasından dərhal sonra  Avrasiya nəqliyyat layihələrində, təbii qaz boru xəttləri məsələsində kilid bir ölkə halına gəldi.

Məhz elə bu səbəblərə görə Rusiya Suriyada hərbi əməliyyatlara başlamaqla qısa müddət üçün özünə ziyan vurmaya bilər, amma ciddi mənada heç bir qazancı da olmayacaq. Amma əməliyyatlar uzunmüddətli olarsa, onsuz da ciddi iqtisadi itkilərə üz – üzə olan Rusiya iqtisadiyyatının sabahını indidən demək çətindir.

Şərhlər