"Gürcüstanın Rusiya ilə danışıqları əsasən bununla bağlıdır" - POLİTOLOQ

19.10.2015 16:22     A-reaksiya     2845

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.  

Görüş zamanı Azərbaycan-Gürcüstan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə fəal şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın bizi birləşdirən irimiqyaslı nəqliyyat, energetika və iqtisadi layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə birgə regional layihələrin, o cümlədən “Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışılıb, bu layihələrin icrası ilə bağlı koordinasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, az əvvəl Gürcüstanın Rusiyanın "Qazprom" şirkətindən qaz alacağı barədə məlumatlar yayılmışdı. Və həmin məlumatlar yayılandan dərhal sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəmizə səfər etmişdi.

Baş nazirdən sonra xarici işlər nazirinin Azərbaycana səfərinin də məhz Gürcüstanın "Qazprom"la qaz alışı məsələsi ilə bağlı olması ehtimal olunur.

Reaksiya.az politoloq Elxan Şahinoğlu ilə məsələyə aydınlıq gətirməyə çalışıb.

Elxan Şahinoğlu bildirib ki, gürcüstanlı nazirlərin ölkəmizə səfərləri həqiqətən də enerji məsələləri ilə bağlıdır: “Çünki xəbər yayıldı ki, Gürcüstan "Qazprom"dan qaz ala bilər. Bu da Azərbaycanda haqlı suallar yaratdı. Amma Gürcüstanın baş naziri Qaribaşvili Bakıya səfəri zamanı Azərbaycanı əmin etdi ki, Azərbaycanla əməkdaşlıqdan vaz keçməyəcəklər. Buna baxmayaraq Gürcüstan müstəqil dövlətdir, istəsə "Qazprom"la müəyyən danışıqlar apara bilər. Ancaq bütün bu danışıqlar Azərbaycan qazının Gürcüstana çatdırılmasına əngəl olmayacaq. Digər danışıqlar da əsasən bununla bağlıdır. Pakistan da Rusiya ilə danışıqlar aparır, Rusiya Pakistana da qaz çatdırmaq istəyir. Bölgədə gedən danışıqlar əsasən enerji resurslarının dünya bazarına çatdırılması ilə bağlıdır. Ona görə də Rusiya Pakistanla, Gürcüstanla bu danışıqları intensivləşdirir. Azərbaycanın da öz maraqları var, çünki bu sağlam rəqabətdir. Rusiya əgər öz qazını müxtəlif dövlətlərə çatdırmaq istəyirsə, Azərbaycanın da maraqları eynidir. Azərbaycan da gəlir imkanlarını artırmaq üçün qazını dünya bazarına çatdırmaqda öz maraqları var. Burada heç bir narahatedici amil yoxdur”.

Şərhlər