Əsədin Putinlə görüşü Türkiyəyə necə təsir edəcək? - Türkiyəli politoloqlar

21.10.2015 22:11     A-reaksiya     2589

Xəbər verildiyi kimi, Suriya lideri Bəşər Əsəd Moskvada Rusiya Prezidenti Putinlə görüşdü. Suriya böhranının həlli üçün “Əsədli keçid” prosesinin müzakirə edildiyi bir zamanda Bəşər Əsədin bu səfəri hər kəs üçün gözlənilməz oldu. Beş ildir ölkə xaricinə çıxmayan Əsədin Rusiyaya hansı yolla getdiyi belə müzakirə mövzusuna çevrildi.

Rəsmi Kremldən verilən açıqlamalarda bildirildi ki, görüşdə iki rəhbər arasında Rusiyanın Suriyadakı hərbi fəallığınının davamına dair məsələlər müzakirə olunub. Əsəd Putini Suriyadakı vəziyyət və ordusunun planlarına dair məlumatlandırıb.

Qeyd edək ki, Rusiya Prezidenti Putinin Bəşər Əsəd rejimini dəstəklədiyi açıq aşkar görünür. Dəfələrlə Putin öz açıqlamalarında bildirib ki, Rusiya qoşunlarının Suriyadakı məramı Bəşər Əsəd hakimiyyətini qorumaqdır.

Rusiyanın Suriya mövqeyinin hər kəsə aydın olmasına baxmayaraq Əsədin Moskvaya qəfil səfəri çoxlarında sual və maraq doğurdu. Bir çox yerli və xarici politoloqlar bu səfərin görünməyən tərəflərini açıqlamağa, müəyyən fikirlər yürütməyə çalışdılar.

Bildiyimiz kimi, NATO üzvü olan Türkiyə uzun müddət Əsəd rejiminin ən sərt əleyhdarlarından biri olub və Suriyada qalıcı sülhün onun iştirakı olmadan təmin olunmasının mümkünsüz olmasında israrlılıq nümayiş etdirib. Məhz o üzdən də Əsədin Moskva səfərinin türkiyəli politoloqlar tərəfindən necə qiymətləndirilməsi maraq doğurur.

Reaksiya.az türk politoloqlarının bu barədə fikirlərini öyrənib.

XXI yüzyıl İnstitutu Amerika Arasdırmaları Mərkəzinin sədri  Özdemir Akbal bu görüşdən sonra Bəşər Əsədin hakimiyyətdən gedəcəyini bildirib: “Məncə bu görüş bundan sonrakı müddətin alt qatı hazırlığıdır. Bilirsiniz ki, ABŞ və Rusiya Suriyanın ərazi bütövlüyü və dünyəvi quruluş məsələsində artıq razılığa gəlib. Yəni bu əsas məsələlərdə iki böyük dövlətin İŞİD-lə bağlı həmfikir olduğunu göstərir. Dolayısı yolla, bundan sonrakı müddətdə Əsədin rolunun nədən ibarət olacağı və keçid prosesinin necə həyata keçiriləcəyini planlaşdıracaq. Məncə, bu məqamda Əsəd ölkəni demokratiyaya aparan bir lider görüntüsü ilə hakimiyyəti təhvil verəcək”.

Kafkassamın rəhbəri Hasan Oktay həmkarından fərqli olaraq məsələyə geniş şərh verib və Suriyanın Əsədlə davam edəcəyini vurğulayıb: “ABŞ ilə Rusiya razılaşdı, Suriya Rusiya ilə davam edəcək artıq. Rusiyanın bölgədə manevr etməsi, hərbi əməliyyatlar aparması Əsəd üçün böyük bir dəstək oldu. Və dünya Əsədin qalması məsələsində ortaq bir məxrəcə gəlib. Türkiyə 5 ildir Qərb müttəfiqlərinin idarəsi ilə davam etdirdiyi Suriya siyasətində çox ciddi sıxıntı ilə üz-üzə qaldı. Çünki Qərb müttəfiqləri Türkiyəni bölgədə tək buraxdılar. İndi Türkiyə ilə Rusiya qarşı-qarşıya Suriya siyasətində böyük bir həmlə edəcək. Rusiyanın Suriyaya ilk müdaxiləsi və rus təyyarələrinin Türkiyə hava məkanını pozmasını yenidən düşünsək, o zaman ciddi mənada müharibə riskinin mövcud olduğunu görərik. Türkiyə ağıllı davranaraq bölgədə tək buraxılmanın verdiyi reflekslə Qərbli  müttəfiqlərindən daima gileyləndi. Və bu təcavüzün, eyni zamanda NATO-ya edilmiş bir hücum olduğunu ifadə edərək işin içinə NATO-nu çəkməyə başladı”.  

Politoloq, həmçinin Türkiyənin Qərbli müttəfiqlərin oyununun qurbanı olduğunu da iddia edib: “Proseslər göstərdi ki, qərbli müttəfiqlər Türkiyə ilə Rusiyanı Suriyada dalaşdıraraq həm Rusiya, həm də Türkiyəni zəiflətməyə çalışırdılar və bununla da regionda böyük iş görəcəkdilər. Amma Türkiyə bu oyuna gəlmədi. Əsəd və Suriya Türkiyənin birinci məsələsi deyildi və hətta AKP hökuməti bu məsələdə çox böyük səhvlər etdiyini etiraf edərək problemdən çıxış yolları axtardı. Lakin Suriya böhranı Türkiyənin üzərində “qaldı”. İndi Türkiyə Suriya məsələsində meydana gələcək hər bir gedişatda qərb müttəfiqlərinin iki üzlü siyasətinin icraçısı deyil, əksinə söz sahibi olması üçün hərəkətə keçəcək. Suriyada yeni bir sistemin qurulmasında Türkiyə terrordan ayılmış geniş xalq kütlələrinin sözçüsü olaraq hərəkət etməlidir. Türkiyənin İŞİD terror təşkilatının sahibi və hamısı görüntüsündən bir an əvvəl xilas olmalıdır. Hər nə qədər AKP hökuməti İŞİD-ə dəstək olubsa da, bunun ən böyük zərərini Türkiyə görüb. Bizdə dövlət ayrıdır, dövləti idarə edən müvəqqəti hökumətlər ayrı. Bu mənada İŞİD bəlasını Qərbli qüvvələr AKP-nin tətbiq etmələrinə görə Türkiyəni günahlandırmak istəyəcək. Baş verən hadisələr və ən son Ankarada baş verən partlayış da bunu göstərir”.

Hasan Oktay son olaraq yaxın müddətdə hadisələrin hansı axarda davam edəcəyi ehtimallarını da açıqlayıb: “AKP hökuməti İŞİD-ə dəstək olub. İndi İŞİD Qərbli müttəfiqlərin təsiri ilə AKP-nin deyil, Türkiyənin bir terror təşkilatı kimi dünyaya təqdim etmək, küncə sıxışdırmaq istəyir. İŞİD ingilislərin istiqamət verdiyi bir təşkilatdır və mənşəyi də Səudiyyə vəhhabizminə əsaslanır. Bu dünya görüşünün Türkiyə ilə uzaqdan yaxından əlaqəsi yoxdur. Türkiyə üzbəüz qaldığı təhlükənin fərqindədir və Suriya məsələsində Rusiya ilə müharibə etmədən Suriyadan ölkəsinə gələcək təhlükələrin də fərqində olaraq regionda “Əsədli keçid” dövrünə “hə” deyəcək. Hətta Əsəd ilə görüşərək mülayim müxaliflərlə Əsədin yeni konsepsiyada müqaviləsini təmin etməli, İŞİD-in Suriyadan kənara çıxmadan aradan qaldırılmasına dəstək olmalıdır.  Bu Rusiya üçün də çox lazımlıdır. Rusiya türkmənlərə sahib çıxacaq, Suriyada meydana gələcək yeni proseslərdə türkmənlərə sosial hüquqlar verəcək, Türkiyə də İŞİD adlanan terror təşkilatının Suriyadan Türkiyəyə və buradan da Qafqaza keçməsini əngəlləyəcək. Rusiya və Türkiyə baxımından bu həmrəylik şərtdir. Rusiya yeni Suriya siyasətində “Əsədli keçid”i istəyirsə, türkmənlərin vəziyyətini nəzərə alacaq, Türkiyədə  İŞİD-in Qafqaza keçidinin qarşısını alacaq. Növbəti 10 günün formulu budur”.

Şərhlər

Çox oxunanlar