"Xarici mətbuat bu məsələni "şişirtməyə" çalışır" - POLİTOLOQ

22.10.2015 13:16     A-reaksiya     2437

Dünən Suriya prezidenti Bəşər Əsəd gözlənilmədən Moskvaya səfər etdi və prezident Vladimir Putinlə görüşdü.

Xəbər yayılan kimi Əsədin qəfil səfəri müzakirə mövzusuna çevrildi. Müzakirə olunan məqamlardan biri də Əsədin Moskvaya hansı yolla və necə getdiyi məsələsi idi. Bu mövzuda da bir çoxları müxtəlif mülahizələr irəli sürürdü.

Çox keçmədi ki, Bəşərin Moskvaya hansı xətlə getdiyi barəsində xarici KİV-lər məlumat yaydı. Məlum oldu ki, Əsədin Moskvaya Rusiyaya məxsus təyyarə ilə uçub. Təyyarə Rusiyaya məxsus olsa da, Əsəd təyyarənin vurulmasından ehtiyat edərək Türkiyənin üzərindən uçmaqdan imtina edib. Və elə ona görə də Əsəd Moskva səfərində bir neçə tranzit ölkədən istifadə edib. Belə ki, o, əvvəlcə İraq üzərindən keçərək İrana gəlib və oradan da Xəzər dənizinin üzərindən Rusiyaya uçub.

Reaksiya.az politoloq Tofiq Abbasovla bu olay barəsində danışıb.

Ekspert ilk əvvəl Bəşər Əsədin Rusiyaya hansı yolla getdiyi barədə öz ehtimallarını səsləndirib: “Suriyanın üzərindəki hava sərhədləri bağlı deyil. Qərb koalisiyası əvvəl gündən istədilər ki, Suriyanın üzərindən uçuşa qadağa qoysunlar. Rusiya, Çin və digər ölkələr bu məsələyə kəskin etiraz etdilər və əvvəldən Putinin münasibəti elə idi ki, Qərb koalisiyasının məhdudiyyətləri Rusiya və onun tərəfdaşlarına tətbiq edilməyəcək. Ona görə də Suriya üzərindən tək hərbi təyyarələr deyil, mülki təyyarələr də uça blir. Burada qeyri-adi heç bir məsələ yoxdur. Birincisi, hava üzərindən uçuşlar üçün beynəlxalq İKAU-nun izni ilə müxtəlif istiqamətlərdə dəhlizlər mövcuddur. Suriyanın üzərindən uçuşlara qadağalar qoyulmayıb və hazırda həmin hava sərhədlərini Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi idarə edir. Onların idarəetmə kodları, açarları Rusiyanın hərbi qüvvələrindədir ki, onların hərbi qüvvələrində həm havadan, həm də yerdən nəzarət edirlər. Suriyanın üzərindən bir neçə hava dəhlizləri keçir. Hər bir mülki, hərbi təyyarə uçuş etməzdən əvvəl müvafiq strukturları məlumatlandırır ki, hava üzərində toqquşmalar, anlaşılmazlıqlar olmasın. Bu məsələdə beynəlxalq hüquq normaları artıq təsdiq olunub və tətbiq edilir. Ola bilsin ki, Rusiyanın hərbi təyyarələri uçan dəhlizlə də Bəşər Əsədin şəxsi təyyarəsi gedib”.

T.Abbasov daha sonra xarici KİV-lərdə yayılmış məlumatları şərh edib: “Əgər xarici KİV-lərin yaydığı xəbər təsdiqini tapıbsa, bu, Bəşər Əsəd üçün ən etibarlı bir dəhlizdir. Çünki ən təhlükəsiz xətt Rusiya təyyarələrinin uçduğu dəhlizdir və belə hallarda bütün tərəflər məlumatlandırılır ki, uçuş zamanı hər hansı bir insident yaşanmasın. Bildiyimiz kimi, Xəzərin də orta arealı beynəlxalq zona hesab olunur, istər su üzərində, istərsə də havada. Yəni orada beş ölkənin razılığı olsa da, olmasa da həmin ölkələr məlumatlandırılır və onlar da müvafiq qaydada bilirlər ki, hansı vaxtda oradan hansı təyyarə keçəcək. Xəzərin ortasından, yəni İran tərəfdən təyyarə uçubsa, demək ki, beynəlxalq sulara daxil olub. O üzdən də Həştərxan tərəfdən Rusiyanın əraziləri başlayır”.

Politoloq sonda onu da vurğulayıb ki, xarici KİV-lərdə səfərin “marşrutu” haqqında yürüdülən mülahizələr əslində hədəfləri başqa istiqamətə yönəltməyə xidmət edir: “Öz-özlüyündə bu səfər bir qədər gözlənilməz oldu. Ona görə də bir çox ölkələrin həm ekspertləri, həm hərbi dairələri, həm də mətbuatı bu məsələni “bəzəməyə”, “şişirtməyə” çalışırlar”.   

Şərhlər