SSRİ-nin dağılması faciə idimi? - Zərdüşt Əlizadə və Aqil Səmədbəyli qarşı-qarşıya

23.10.2015 16:08     A-reaksiya     3716

Hər zaman maraqlı açıqlamaları, bəyənatları ilə gündəmi zəbt edən Rusiya prezidenti Vladimir Putin dünən növbəti bir çıxışı ilə yadda qaldı.

Amerikalı jurnalistə müsahibə verən Putin  bəyan edib ki, ruslar dünyada ən böyük bölünmüş millətdir və bu, onun üçün problemdir: “Mən həqiqətən demişəm ki, Sovet İttifaqının dağılmasını XX əsrin böyük faciəsi hesab edirəm. Bilirsiniz niyə? Hər şeydən əvvəl ona görə ki, eyni saatda Rusiya Federasiyasının sərhədinə 25 milyon rus insanı yığışdı. Onlar vahid ölkədə yaşayırdılar – birdən sərhəddən kənarda qaldılar. Təsəvvür edirsiniz, nə qədər problem yarandı? Məişət məsələləri, ayrılmış ailələr, iqtisadi problemlər, sosial problemlər – sadəcə, hamısını saymaq olmur. Siz isə hesab edirsiniz ki, 25 milyon rusun sərhədin o üzündə qalması normaldır? Ola bilsin ki, bu, sizin üçün problem deyil, mənim üçünsə problemdir ”.

Nəzərə alsaq ki, hələ SSRİ dövründə belə bir neçə xalq - çeçenlər, Krım tatarları, mesxeti türkləri, çərkəzlər, o cümlədən də azərbaycanlılar dəfələrlə öz torpaqlarından deportasiya olunub. O üzdən də deyə bilərik ki, parçalanan təkcə rus xalqı olmayıb. Və əgər SSRİ-nin parçalanması faciədirsə, SSRİ-i özü də həmin xalqları parçalamaqla ən böyük faciələrə səbəb olub. Digər bir məqam isə odur ki, ruslar SSRİ-nin parçaladığı həmin xalqlar kimi sürgün edilməyiblər, sadəcə bəlli ölkələrdə yaşayırlar. Bu açıqlamadan aydın olur ki, Putin həmişəki kimi yenə də Rusiyanın maraqlarından çıxış edir.

Politoloqlar Zərdüşt Əlizadə və Aqil Səmədbəyli bu olayla bağlı Reaksiya.az-a açıqlamalarında bir-birinə əks mövqedən çıxış ediblər.

Hər zaman Qərbə meylli politoloq kimi tanınan Zərdüşt Əlizadə  ilk öncə köçürülmə məsələsinə münasibət bildirib: “SSRİ tarix boyu eyni mövqeli dövlət olmayıb, müxtəlif dövrlərdə hansısa bir amil, cərəyan, hadisə ön planda olub, sonra isə keçib arxaya. İlk öncə köçürmələr məsələsinə aydınlıq gətirmək istəyirəm. Böyük bir toplum insan doğma evindən qoparılıb ölkənin ucqar yerlərinə göndərilir. Yadınıza salmaq istəyirəm ki, SSRİ ilə mübarizənin gücləndiyi bir dövrdə 1920-1930-cu illərdə milyonlarla rus kəndlisi qolçomaq adı ilə öz doğma kəndlərindən Sibirə köçürülmüşdü. Bu da kütləvi köçürmədir, rus xalqının kütləvi köçürülməsi. Bundan başqa, vətəndaş müharibəsindən sonra bir neçə milyon rus xaricə qaçmalı olmuşdu. Bu da axı zorla köçürülmədir. Yəni biz deyəndə ki,  "Mesxeti türklərini, çeçenləri, balqarları, karaçayları köçürüblər, amma rusları köçürməyiblər" bu, düzgün deyil. Yəni bu taleyi rus xalqı da yaşayıb”.

Zərdüşt Əlizadə SSRİ-nin dağılmasının faciə olduğu məsələsində də Putinin fikirlərinə şərik çıxıb: “İndi Avropa böyük müşküllərlə rastlaşır və onun həllini axtarmaq üçün hansısa səmərəli vahid siyasi mərkəz yaratmaq haqqında düşünən insanlar var. Lakin hər dəfə səsvermə zamanı Avropanın bəzi dövlətləri bunu dəstəkləyir, əksər dövlətləri isə bunu istəmir və bu qərar qəbul edilmir. Avropanın müşküllərini həll etmək üçün hansısa vahid mərkəz olmalıdır ki, orada qərar qəbul edilsin və sonra da icra edilsin. Çünki Avropa vahid siyasi-iqtisadi, xarici, miqrantlarla bağlı siyasət yürüdə bilmir. Avropa vahid bir siyasi mərkəzə möhtacdır ki, özünü dünyada daha güclü oyuncu kimi sərgiləsin. Yer üzünün altıda birində belə bir mərkəz var idi, SSRİ hökuməti. O başqa məsələdir ki, bu hökumət səmərəsiz idi, proletar idi və sair və ilaxır. O zaman proses başlayanda bir çoxları, o cümlədən də mən belə bir təklif etmişdik ki, biz SSRİ-ni saxlayaq, lakin onu dərindən inşa edək. Yəni respublikalar hər biri azad bərabər hüquqlu beynəlxalq subyektlər olsun, iqtisadi əlaqələr dünya bazarı qiymətlərinə həyata keçsin. Eyni zamanda çox partiyalılıq, insan haqları, qanunun aliliyi, azad məhkəmə olsun. Belə olsaydı, həqiqətən də SSRİ bir dövlət kimi səmərəsini çox artırardı. İndi isə fikir verin, sabiq SSRİ-nin 3 respublikası Avropa Birliyinə (AB) daxil oldu. Yəni onlar da öz dövlət səlahiyyətlərinin bir hissəsini Brüsselə ötürdülər. Bir neçəsi, Moldova, Gürcüstan, Ukrayna da AB-nə daxil olmaq istəyirlər və onlar da tam müstəqillikdən imtina edib süverenliklərinin bir hissəsini Brüsselə ötürmək istəyirlər. Deməli, mütləq müstəqillik yoxdur, hər şey nisbidir. SSRİ adlanan dövlətdə bəzi təkamülçülərin düşündüyü kimi o dərin islahatlar keçirilsəydi, vahid SSRİ qalardı, onun vahid energetika, hüquq, nəqliyyat məhkəmə sistemi, vahid dili, mədəniyyəti olacaqdı. Xalqlara xeyli miqdarda milli, siyasi, iqtisadi hüquqlar veriləcəkdi. Bu baxımdan SSRİ-nin saxlanması həqiqətən də bu xalqların hamısına, içində rus xalqı da olmaqla MDB-yə üzv olan xalqların hamısının xeyrinə olacaqdı”.

Politoloq, həmçinin SSRİ-nin dağılmasının ölkələrə, o cümlədən Azərbaycana vurduğu ziyandan da danışıb: “Lakin nə baş verdi? SSRİ, dünyanın ikinci böyük dövləti dağıldı və nəticədə böyük siyasi, iqtisadi, sənaye, elmi, hətta idmanda belə tənəzzül baş verdi. SSRİ zamanında Azərbaycanın elmi sənaye potensialı imkan verirdi ki, hər il 67 ölkəyə dəzgah və cihaz ixrac etsin. Lakin indi biz Liviya kimi bir ölkə olmuşuq, yalniz bir bu itki deyil. Azərbaycan alimlərinin əsərləri dünyanın aparıcı jurnallarında dərc olunurdu, çünki biz aparıcı SSRİ elminin tərkib hissəsiydik. İndi Azərbaycan elmi bir “cındır” olub, heç kimi maraqlandırmır. Bütün sahələrdə, təsərrüfatda, sənayedə, təhsildə, səhiyyədə, siyasi münasibətlərdə belə tənəzzül var. Bütün məmurlar deyir ki, “Kimə istəyirsən, get şikayət elə”. Ancaq Sovetin vaxtında bu sözü deyə bilməzdilər. Moskvaya şikayət edərdilər, elə Azərbaycanın özündə elə təşkilatlar var idi ki, qudurmuş məmurların ciyərini çıxardardılar. Rusiyada da həmin tənəzzül baş verdi, bütün sahələrdə itirdi. Ukrayna itirdi, Azərbaycan Qarabağı itirdi, Ermənistan “cındır” oldu,  əhalisinin yarısını itirdi, Rusiyanın tulasına döndü, Gürcüstan ərazisini itirdi, Moldova itirdi. Bu xalqlar, dövlətlər bir-birlərinə düşmən kəsildilər. Mən demirəm ki, SSRİ bərpa olunsun, o mümkün deyil. Putin deyəndə ki, SSRİ-nin dağılması faciə idi, bu faciənin səbəbkarı rus hakimiyyətinin zümrəsi idi, kommunist partiyasının rəhbərliyi idi, ilk növbədə ümumxalq malını sonradan mənimsəyən, oğurlayan zümrə idi ki, onlar SSRİ-nin dağılmasından kifayət qədər faydalandılar. Sabiq SSRİ məkanında 140 milyoner yarandı”.

Politoloq Aqil Səmədbəyli Zərdüşt Əlizadədən fərqli olaraq SSRİ-ni sərt tənqid edib: “Rus xalqı dünyanın ən şovinist xalqıdır! Putin də onların RUHunun təmsilçisidir. Bu xalq imperialist düşüncələrdən əsla vaz keçmək fikrində deyil. SSRİ 50 milyon insanın qanı üzərində qurulmuş, rus xalqının ağalığı əsasına söykənən bir imperiya idi. Azərbaycanın başına bu xalqdan, bu xalqın imperiyasından çox müsibətlər gəlib. Ölkəmizi bir neçə yerə bölüblər. Bizim torpaqlarımız üzərində ermənilərə dövlət qurublar. Bu azmış kimi, Qarabağı da alıb ermənilərə veriblər. Daşaltında, Xocalıda başımıza gələn faciələrin arxasında əsasən ruhlar var. İndi də yenə Azərbaycanı bütövlükdə əsarət altına almaq istəyirlər. Azərbaycan bir daha bunu qəbul etməməlidir”.

Şərhlər

Çox oxunanlar