Qafqazda İŞİD təhlükəsi varmı?

28.10.2015 11:05     A-reaksiya     2214

“Rusiya üçün hazırda İŞİD-in ətrafında baş verən hadisələr milli təhlükəsizlik, praqmatik olaraq milli maraqların məhv edilməsi məsələsidir və Rusiya belə qərara gəldi ki, bu qruplaşmanı öz yerində məhv etmək lazımdır. Rusiya üçün bu, böyük səfərbərlik idi. Çünki İŞİD-in planında Şimali Qafqaz da var, hansı ki, bu bölgəni də ələ keçirmək istəyirlər”.

Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ANS TV-yə müsahibəsi zamanı söyləyib. Rusiyanın Suriya münaqişəsində iştirakından danışan səfirin bu sözləri səsləndirməsi cəmiyyətdə bir mənalı qarşılanmayıb. Çoxları hesab edir ki, Rusiyanın Azərbaycanla münasibətlərinin istiləşməyə doğru getdiyi bir dövrdə rusiyalı səfirin bu sözləri Azərbaycana bir mesaj idi.

Reaksiya.az səfirin fikirlərinin əslində nəyə xidmət etdiyini, Şimali Qafqaza İŞİD hədəsinin arxasında nəyin dayandığını araşdırmağa çalışıb.

Yerli politoloqlar hesab edirlər ki, Doroxinin sözlərini birmənalı yanaşmaq lazım deyil. Çünki, Rusiyanın əslində Suriyada müharibəyə başlamasının əsasında məhz o amil yatır. Yəni, Rusiya bilir ki, İŞİD bir gün Qafqaza gələ bilər. Bu fobiyanın da kökündə o dayanır ki, İŞİD-in içərisində kifayət qədər Rusiyadan və MDB ölkələrindən olan döyüşçülər var. Və bu döyüşçülər kifayət qədər radikaldırlar. Bu radikallıq Rusiyanın daxilindəki ictimai-siyasi vəziyyətə olduqca mənfi təsir edə bilər. Bu təsirin qarşısını almaq üçün Rusiya ilk növbədə özünün müttəfiqləri olan İran və Çinlə birlikdə Suriyadakı Bəşər Əsəd rejiminə dəstək verməyə bşlayıb. Bunun da səbəblərindən birincisi ilk növbədə Suriyanın içərisində olan radikal qüvvələrin aradan qaldırılmasıdırsa, ikinci əsas məsələ, Səudiyyə Ərəbistanının regionda, xüsusilə Dağıstanda və Çeçenistanda radikallıq meyllərini artırmasıdır.

Ekspertlər vurğulayırlar ki, əslində Daroxinin “Qafqaz üçün də İŞİD təhlükəsi mövcuddur” - fikrini səsləndirməsi o deməkdir ki, Rusiya Qafqaz dövlətlərinin hər birindən dəstək almaq üçün bu fikri səsləndirib. Yəni ki, arxa plandakı məqsəd budur. Ermənistanı çıxmaq şərtilə, çünki Ermənistan konkret olaraq monoetnik bir dövlətdir, Gürcüstanda radikallaşmağa meyilli kifayət qədər müsəlman əhali var və Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizmə baxmayaraq, yenə də müəyyən qruplaşmalar var ki, onlar region üçün ciddi təhlükə mənbəyidirlər. Və Rusiya əslində burada sətiraltı olaraq Cənubi Qafqaz ölkələrinə - Gürcüstana və Azərbaycana mesaj verməyə çalışır. Mesaj da tam olaraq “Bu təhlükə sizin üçün də var, birgə fəaliyyət planı tərtib etsək İŞİD-ə qarşı mübarizə aparsaq burada həm siz, həm də biz xeyirli çıxarıq” fikrindən ibarətdir.

Şərhlər