"Qarabağda yenidən müharibə alovlana bilərmi?"

26.10.2015 17:35     A-reaksiya     2478

Xəbər verildiyi kimi, bu günlərdə "Bloomberg" agentliyi Dağlıq Qarabağ münaqişəsinə dair təhlil yayımlayıb. Təhlildə deyilir ki,  Rusiya prezidenti Vladimir Putin Suriyadakı hərbi avantüraya davam etdiyi bir vaxtda onun öz sərhədləri yaxınlığında köhnə müharibə yenidən alovlana bilər.

Qeyd edək ki, bir çox məqamlara toxunulan yazıda “Azərbaycan Ermənistan təmas xəttindəki hazırkı vəziyyət I Dünya müharibəsini xatırladır” - deyə bəhs edilir.

İndiki məqamda Qərb siyasətinin ruporlarından olan “Bloomberg”in bu açıqlamasının arxasında əslində nə dayanır?

Reaksiya.az politoloq Nurlan Qələndərli ilə “Bloomberg”in təhlilini müzakirə edib, suallara cavab axtarıb.

Politoloq bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli problem olduğuna görə zaman-zaman müxtəlif məsələlərlə bağlı ona dair spekulyasiyalar ortaya çıxarılır:

“Rusiyanın Yaxın Şərqdə sonuncu strateji qalası olan Suriya ətrafında cərəyan edən proseslər Qərbin müxtəlif cəbhələrdə aktivləşməsini şərtləndirib. Bu sırada transmilli media qurumları vasitəsilə rəsmi Moskvaya ismarıcların göndərilməsi Rusiya-Qərb qarşıdurmasının “ideoloji ayağını” təşkil edir. Bununla Qərb diplomatiyası Rusiyanı öz sərhədləri yaxınlığında yeni təhdid və təhlükələrlə qarşı-qarşıya qoya biləcəyini demək istəyir.  Dolayısıyla, “Bloomberg”də yer alan bu məlumat Rusiyanı Suriya cəbhəsində mübarizədən və növbəti strateji həmlələrdən çəkindirməyə yönəlib. Burada məsələ təkcə Azərbaycan-Ermənistan təmas xəttindəki hazırkı vəziyyətlə bağlı deyil, növbəti məlumat və açıqlamalarda Moskvaya daxili separatizmlə, onun sərhədləri ətrafında digər bir sıra təhdid ünsürləri ilə bağlı ismarıclar göndərilə bilər. Yəni bu addım və prosesin mahiyyəti Qərbi Rusiyaya yönəlik çəkindirmə siyasətini əks etdirir”.

Şərhlər