ABŞ demokratiyası başqa millətlərə tədbiq edilən zor demokratiyasıdır
19.06.2015 05:47 A-reaksiya 2565
Törədilən müharibələr, insan faciələri üçün şübhəsiz, dünyada sülh yaratmağa qadir olan iri dövlətlər, beynəlxalq təşkilatlar cavabdehdirlər və bu həm də onların borcudur. Bu ölkələrin və təşkilatların rəhbərləri baş verən müharibələr, tökülən günahsız qanlar üçün dünya qarşısında məsuliyyət daşıyırlar. Çünki bu dövlətlər yer üzərində demokratiyanın, insan haqlarının, azadlıq və bərabərliyin təmsilçiləri kimi çıxış edirlər və güc mərkəzləri kimi onların hadisələrə təsir etmək imkanları böyükdür. Başda ABŞ olmaqla aparıcı Avropa dövlətləri bu məsələlərdə həlledici nüfuza malikdirlər. Demokratiya pərdəsi altında xalqlara təsir göstərmək, qarşıdurmalar yaratmaq, müharibələr törətmək, ümumbəşəri dəyərləri korporativ maraqlara qurban vermək təcrübəsi hegemon dövlətlərə xasdır. Bu dövlətlər demokratiya, insan haqları, qarşılıqlı əməkdaşlıq sahəsində qəbul olunan beynəlxalq normalara əməl etməkdə müstəqillik qazanmış kiçik ölkələrə öz fəaliyyətləri ilə nə dərəcədə nümunə olmağa layiqdirlər? Dünyanın super dövləti sayılan və özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının carçısı adlandıran ABŞ-ın dövlət siyasətində ədalət, demokratiya əslində şüarçılıqdan, başqa ölkələrə təsir vasitəsindən başqa bir şey deyildir. Son illər bu ölkənin rəhbərlərinin, siyasi dairələrinin, ictimai təşkilatlarının antidemokratik, qeyri humanist əməlləri, göstərişləri nəticəsində məhv olmuş yüz minlərlə insanın, viran edilmiş minlərlə yaşayış məntəqələrinin acı taleyi bunu deməyə əsas verir. İraq dövlətinin vəziyyəti bir nümunədir. Bu ölkə parçalanıb, dağılıb, dövlət orqanları iflic olub, qanunlar, qərarlar işləmir, vətəndaşları dilənçi, qaçqın-köçkün vəziyyətindədir. Burada hər gün insanlar terrorun qurbanı olur. Kimdir günahkar? Həqiqəti dərindən dərk etmək üçün dünyada baş verən hadisələrə nəzər salmaq kifayətdir. Bir çox ölkələr - Suriya, Misir, Livan, Əfqanıstan, İraq, Fələstin, Ukrayna od-alov içindədir. ABŞ, İtaliya, Fransa, Almaniya, Yunanıstan, Ermənistan, Pakistan və bir sıra ölkələrdə kütləvi nümayişlər vaxtaşırı davam edir. Sui-qəsdlər, terror hadisələri, oğurluq, qarət, insanların təqib olunması kütləviləşib. Yer kürəsində elə bir ölkə tapılmaz ki, o terror, müharibə, ölüm-qan təhlükəsi ilə yaşamasın. Bütün bunların səbəbkarları isə insanların taleyinə biganə yanaşan, sözü ilə əməli bir olmayan bir çox dövlətlərin rəhbərləridir. Milyonların gördüklərini, bildiklərini yalan və bəzəkli sözlərlə pərdələməyə, həqiqətləri inkar etməyə, insanları çaşdırmağa, əyri yollara yönəltməyə çalışan bu rəhbərlərin hərəkətləri, düşünülməmiş siyasi gedişləri isə ölkələr arasında ziddiyyətlərə, qarşıdurmalara, faciələrə şərait yaradır. İraqa kimyəvi silahı axtarışı üçün girən, demokratiyanı bərpa etmək, insan hüquqlarını qorumaq adı altında bu ölkənin ərazilərini zəbt edən ABŞ-ın silahlı qüvvələri burada nüvə silahı tapa bildilərmi, demokratik şərait yaratdılarmı? Diktator kimi Səddam Hüseyni milyonların gözü qarşısında asanlar onun dövründə olduğundan yaxşı vəziyyət yaradıb İraq xalqının rahatlığını, azadlığını təmin etdilərmi? Yox! və əlbətdə yox! İndi İraq tamamilə viranə qalıb, ayrı-ayrı silahlı qruplaşmaların, terrorçuların təsiri altındadır. İnsan hüquqlarının qorunmasından danışmağa belə dəyməz. Budurmu İraq xalqına bəxş olunan demokratiya, insan hüquqları, azadlıq? Viran qoyulan ölkələr bir-birinin ardınca sıralanır. Bu suallar səbəbkarların heç birini düşündürmür. Amerika rəsmiləri Azərbaycanda dövlətə xəyanətdə iştirakı araşdırılan bir hüquq müdafiəçisinin, ölumətəhrikə və təqibə görə saxlanılan jurnalistin, yaxud vətəndaş cəmiyyəti təmsilçisinin müdafəsinə qalxmazdan əvvəl öz ölkələrində baş verən qanunsuzluqlara ədalətli münasibət göstərməlidirlər. Diqqət edin! Küçədə polisə oyuncaq silah tuşlayan uşaq güllələnir və yaxud qaradərili gənc polisin əmrinə gec tabe olduğuna görə boğulub öldürülür. Bu ABŞ-da sanki təbii sayılır və elə bil ki, qaradərili vətəndaşın öldürulməsi insan hüquqlarının pozulması hesab edilmir. Beynəlxalq təşkilatlar isə susmağa üstünlük verir. Ancaq Azərbaycanda vətənə xəyanət edən və uzun müddət xalqın mənəviyyatına toxunaraq yalan məlumatlar yayan, araqarışdıran bir hüquq müdafiəçisi Leyla Yunus insanların gözü qarşısında polisi təhqir edir, onun papağını başından alıb ayaqlar altına atır və dövlətin ünvanına iftiralar yağdırır yenə azərbaycanlı polis zabiti dözümlülük və humanistlik nümayiş etdirir. Bu hadisə Amerikada baş versəydi sözsüz ki, Leyla Yunus yerindəcə güllələnə bilərdi. İndi bu müqayisəyə qiymət verək: Azərbaycanda insan hüquqları yaxşı qorunur, yoxsa Amerikada?
Öz ölkəsində irqi ayrı-seçkiliyi aradan qaldıra bilməyən, insan hüquqlarının pozulması qarşısını almağa qadir olmayan bir dövlət başçısının, onun rəsmilərinin başqa ölkələrə demokratiya dərsi keçməyə, haqq-ədalətdən danışmağa, yol göstərməyə mənəvi haqqı yoxdur. Əgər bu gün ABŞ və bir sıra Avropa ölkələri konkret cinayət əməllərinə görə saxlanılan bir hüquq müdafiəçisinin və ya jurnalistin müdafiəsinə qalxıb, ancaq milyonlarla azərbaycanlı qaçqın və köçkünün halına, yaratdıqları müharibə ocaqlarında qırılan, acınacaqlı vəziyyətə düşən yüzminlərlə insanın taleyinə acıyıb onları müdafiə etmirlərsə bu ədalətsizlikdir, insan hüquqlarına hörmətsizlikdir, bəşəriyyətə xəyanətdir. Qərb ölkələri, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlar, siyasi xadimlər Azərbaycandan insan haqları üzrə Avropa Konvensiyasının standartlarına hörmət etməyi tələb edirlərsə, yaxşı olar ki, əvvəlcə onlar işğal altında olan torpaqlarımızın erməni silahlı birləşmələri tərəfindən qeyri-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasının uzun illərdir icra edilməyən qətnamələrini də yada salsınlar və hüquqları pozulan milyonlarla insanın səsinə səs versinlər. Yaxşı olar ki, onlar işğal olunmuş Azərbaycan torpaqlarında vaxtaşırı hərbi təlimlər keçirən, sərhəd rayonlarında uşaqları, qocaları, dinc sakinləri atəşə tutan, öldürən, hər gün atəşkəsi pozan erməni silahlı birləşmələrindən, Ermənistanın terrorçu rəhbərlərindən qətllərə, müharibəyə son qoymağı tələb etsinlər, sərhədlərimizə soxulub təmas xəttindəki əsgərlərimizə atəş açan erməni helikopterinin məhv edilməsini bir faciəyə çevirməsinlər. Halbuki sərhədlərini pozan düşməni məhv etmək ölkənin qanuni hüququdur. Dünyada baş verən müharibələr, insan qətlləri üçün ayrı-ayrı xalqları, millətləri deyil, ölkələrə, xalqlara rəhbərlik edənləri günahlandırmaq lazımdır. Çünki Müharibələr xalqlar arasında deyil, dövlətlər arasındakı siyasətdən və münasibətdən doğur. Dövlətimizin rəhbəri Cənab İlham Əliyevin düzgün balanslaşdırılmış siyasət yeritməsi, ölkəmizin gündən-günə çiçəklənməsi, sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etməsi, vətəndaşların həmrəyliyi, ictimai-siyasi sabitliyin qorunması Azərbaycanın müstəqilliyini və inkişafını istəməyən qüvvələri ciddi narahat edir. Azərbaycan Prezidenti xalqın mənafeyinə zidd olan heç bir öhdəliyə, müqaviləyə imza atmır və öz problemlərini xalqla birlikdə özü həll etmək əzmindədir. Heç bir kəsin bizimlə zor dili ilə danışmağa, daxili işlərimizə qarışmağa, bizə təsir etməyə haqqı yoxdur.
Şəhla Qarayeva
Şərhlər