Ermənistan parlametindəki qətlin - Bəzi sirrləri üzə çıxdı - VİDEO

27.10.2015 15:25     A-reaksiya     4392

Düz 16 il öncə 1999-cu il oktyabr ayının 27-də Ermənistan parlamentində qətl hadisəsi törədildi. 8 məmur, o vaxtkı parlament spikeri Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan və bir neçə deputat öldürüldü.

Hazırda Fransada yaşayan və ölkəsinə buraxılmayan erməni Aleksandr Varpetyan bu hadisəni xarici qüvvələrin təşkil etdiyini bildirərək şübhələri Rusiyanın üzərinə yönəldərək bildirmişdi ki, o hadisə rəsmi Moskva tərəfindən törədilmiş terror aktı olub: "Məqsəd Ermənistanla Azərbaycan arasında imzalanmağa hazırlanan “Pol Qobl planı”nı pozmaq məqsədini daşıyıb".

Xatırladaq ki, “Pol Qobl planı” Qarabağ danışıqlarını, konkret olaraq Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsini nəzərdə tutan sülh planı idi. Bu sülh planına əsasən, Azərbaycan Laçın dəhlizini Ermənistana verməyə razılaşırdı. Ermənistan isə əvəzində Azərbaycanı anklav Naxçıvan ərazisinə birləşdirən Mehri dəhlizini güzəştə gedirdi.  

Həmin hadisəyə nəzər yetirdikdə deyə bilərik ki, Ermənistan tərəfi indi də Azərbaycanla sülhə gedərsə, həmin hadisənin bir daha törədiləcəyindən narahatdır. Çünki iki ölkə arasında sülh müqaviləsinin bağlanılmasını istəməyən kənar qüvvələr kifayət qədərdir.

Araşdırmacı yazar, “Region +” jurnalının siyasi şöbəsinin müdiri, DR Fuad Hilalov həmin hadisənin hələ aydınlığa çıxmayan məqamlarını, hadisənin kimlər tərəfindən və hansı səbəbdən törədildiyi ilə bağlı fikirlərini Reaksiya.az-la bölüşüb.

Politoloq ilk olaraq hadisənin bəzi maraqlı məqamlarına toxunub: “Birincisi, hadisənin üzərindən sirr pərdəsinin hələ də götürülmədiyi, əksinə illər keçdikcə izlərin itirildiyini görürük. Teraktla bağlı həbs olunan Hamlet Stepanyan 2010-cu ildə həbsxanada ölü tapıldı, onun azadlığa çıxmasına az qalırdı. Bundan başqa, tutulanların sirli ölümü bununla bitmədi. Norayr Yegizaryan və Vram Qalstyan saxlandıqları kameralarda “intihar etdilər”. Daha sonra hadisələrdə adı hallanan Muşeq Movsesyan İrəvan - Aparan şossesində avtoqəza nəticəsində həlak oldu, elə o vaxtı da teraktdan dərhal sonra ABŞ-a qaçmış şahid qadın Roza Ovvanisyanın və ən son 2012-ci ilin noyabr ayında parlamenti gülləbaran etmiş terrorist dəstənin başçısı Nairi Unanyanın anası Natella Qalstyanın meyidləri tapıldı. Nairi Unanyanın özünün taleyi haqqında isə heç bir məlumat yoxdur”.

Fuad Hilalov daha sonra həmin hadisənin arxasında xarici qüvvələrin, konkret olaraq Rusiyanın durması məsələsinə aydınlıq gətirib: “Həmin hadisələrin arxasında Rusyanın durub - durmaması məsələsinə gəldikdə, onu demək olar ki, qeyd etdiyiniz “Pol Qobl planı” təbii ki, Rusiyada müəyyən qüvvələrin maraqlarına zidd idi. Amma məsələ yalnız “Pol Qobl planı”nda deyil. Mən o dövrdə bu planın reallaşma ehtimalının zəif olduğunu düşünürəm. Nə Azərbaycan, nə də Ermənistan belə bir plana çətin ki, razı olardılar. Pol Qobl da istər ABŞ-da, istərsə də onun sərhədlərindən kənarda hadisələrə və münaqişəyə təsir edəcək qədər nüfüzlü bir adam deyildi və indi də deyil. Amma bunu da yaddan çıxarmaq olmaz ki, münaqişənin həlli o zaman Rusiyanın maraqları çərçivəsində deyildi. Münaqişənin həlli ilə Rusiya Azərbaycana da, Ermənistana da olan təsirindən mərhum olurdu. Onu da nəzərə alaq ki, hadisədən bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər keçirilmişdi və hadisələrdən bir az sonra, noyabr ayında İstanbulda keçirilən ATƏT-in sammitində müəyyən bir sazişin imzalanacağı söz-söhbəti dolaşırdı”.

Politoloq, həmçinin hadisənin artxasında kimlərin durduğunu da ehtimal edib: “Terrorçularının əsas hədəfi – parlamentə girər-girməz güllələdikləri baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçiyan hakimiyyətdə olan Qarabağ klanının, yəni Robert Koçaryan və Serj Sarqsyan cütlüyünün ən iddialı və güclü rəqibləri idilər. Ölkədə hakimiyyət faktiki olaraq öldürülən Dəmirçiyan və Sarkisyanın əlində idi. Əgər Dəmirçiyan sovet dövründə ona tabe olan keçmiş kommunist funsionerlər tərəfindən hadisələrə nəzarət edə bilirdisə, Vazgen Sarkisyanın iqtisadi rıçaqları və xüsusilə orduya etdiyi nəzarət belə deməyə əsas verir ki, onların Qarabağ klanını yıxaraq hakimiyyətə gəlmələri an məsələsi idi. Bu hadisədən sonra Koçaryanın rəqibləri aradan götürüldü və Ermənistan cəmiyyətində bu gün də hakim fikir budur ki, hadisələrin arxasında məhz o vaxtkı və indiki prezidentlər durur. Digər məsələ isə terroristlərin liderlərinin keçmiş Daşnaksutyun üzvləri olmasıdır. Bu partiya yüz ildən çoxdur ki gurultulu sui-qəsdlərin və rəqiblərin fizikı olaraq aradan götürülməsi üzrə böyük təcrübəyə malik yarı siyasi, yarı terrorist bir təşkilatdır”.

“Bütün bunlar 16 il əvvəlki terror hadisəsinin altında yatan çox gizli və cani mətləblərdən xəbər verir”- deyən F.Hilalov hadisənin arxasında duran və indiyə qədər dilə gətirilməyən daha bir maraqlı məqamı da üzə çıxarıb: "Məsələ ondadır ki, 29 oktyabr 1999-cu il, eyni zamanda Ermənistan Apostol Kilisəsinin (erməni Qriqoryan kilsəsi) rəhbəri II Qareginin, Bütün Ermənilərin Katolikosu taxtına oturduğu gündür. Jurnalist Ara Manukyan o zamanlar seçkilər səbəbiylə Eçmiyazində olan, dövrün Qüds baş yepiskopu əmisi II Torgomu ziyarət etdiyini, II Torgomun, II Qareginin seçkisi ilə əlaqədar şokda oluduğunu və özünün II Qareginlə olan söhbətinin detallarını Manukyana açmışdı. İki ruhani liderin söhbətinin əsas mövzüsü seçkilərdə edilən hiylələr və II Qareginin ədalətsiz seçkisi ilə bağlı mübahisələr olub. II Qaregin, II Togroma "artıq hər şeyin geridə qaldığını, nəsə etmənin çox gec olduğunu və bu mövzuda hardasa “ağzını açmağın” II Togrom üçün yaxşı olmayacağını deyib. O axşam Manukyan, dövrün baş naziri Vazgen Sarkisyanın, II Qareginin kilsənin başına gələ bilməsi üçün şəxsən 3 milyon dollar rüşvət verdiyini öyrənib. Rüşvət üçün ödənilən pul erməni əslli Amerikalı zəngin iş adamı və xeyriyyəçi Alek Manukyanın İrəvandakı Müqəddəs Georgiy kilsəsinin bərpa edilməsi üçün ayırdığı puldan oğurlanıbmış. Fəqət nə qədər qəribə də olsa, məhz Qareginin seçildiyi dəqiqələrdə parlamentə hücüm oldu və bu hadisələrin əsas iştirakçısı, baş nazir Vazgen Sarkisyan öldürüldü”.

Вазген Саркисян. Фото: Hovhannes Armenakyan https://ru.wikipedia.org

Vazgen Sarkisyan

 

Şərhlər