İranın Suriya ilə bağlı qərarları Qərb üçün də vacibdir - Politoloq

29.10.2015 11:50     A-reaksiya     2414

Oktyabrın 30-da Vyanada keçiriləcək Suriya danışıqlarına ilk dəfə İran da qatılacaq. Zirvə toplantısında İranı xarici işlər naziri Məhəmməd Cavad Zərif və müavinləri təmsil edəcək. İranla yanaşı, İraq və Misir nümayəndələrinin də danışıqlara qatılacağı açıqlanıb.

Qeyd edək ki, oktyabrın 23-də keçirilən danışıqlarda isə ancaq Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ iştirak edib.

Danışıqlara yeni tərəflərin qatılmasının Suriya məsələsinin həllində nə kimi rol oynayacağı barədə Qafqaz Politoloqlar Klubunun rəhbəri, politoloq İlqar Vəlizadə Reaksiya.az-a açıqlama verib.

O, bu ölkələrin iştirakının məqsədəuyğun olduğunu vurğulayıb: “İran, İraq və Misir Suriyada cərəyan edən proseslərdə bilavasitə iştirak edirlər və ya maraqlıdırlar. Suriya ilə bağlı dialoq bu ölkələrsiz natamam olardı. İran Suriyada gedən proseslərdə fəal oyunçulardan biridir. İranı dəstəkləyən "Hizbullah" təşkilatı, İranın hərbi məsləhətçiləri, digər hərbi qüvvələrin nümayəndələrinin Suriya ilə bağlı qəbul edəcəkləri hansısa qərar vacibdir. İran hansısa məsələlərdə öz mövqeyini bildirməklə gedən proseslərə müdaxilə edə və ya başqa səmtə yönəldə bilər. Ona görə də, İranın iştirakı təqdirəlayiqdir”.

Onun sözlərinə görə, İranın Suriya ilə bağlı qərarları Qərb üçün də əhəmiyyət daşıyır.

Politoloq Vyana danışıqlarının yaxın gələcəkdə Suriyada əsaslı dəyişikliyə səbəb olub-olmayacağına da münasibət bildirib: “Bu danışıqlar prosesi ola bilər ki, uzunmüddətli olsun. Danışıqlarda iştirak edən tərəflər fərqli mövqelərdən çıxış edirlər, bütün mövqeləri isə ortaq məxrəcə gətirmək çətin olacaq. Ona görə yaxın aylarda Suriya kəskin dəyişikliyi gözləmirəm”.

İ.Vəlizadə danışıqlara yeni tərəflərin qatılmayacağını da qeyd edib.

“Bu məsələlərdə digər körfəz ölkləri, o cümlədən, Qətər də maraqlıdır. Amma bu situasiyada həmin ölkələrin qatılacağını düşünmürəm, çünki bu danışıqları daha da mürəkkəb edə bilər”, - deyə politoloq əlavə edib.

Şərhlər