Suriyada keçid dövrü başlayır - Əsəd seçkilərə qədər qalacaq

31.10.2015 11:53     A-reaksiya     2501

Vyana danışıqlarının ikinci raundu günündə, ABŞ son zamanlar dünya mətbuatında dolaşan şaiyələrə işıq saldı: Suriyada müxalif qüvvələrə dəstək məqsədi ilə azsaylı qoşunlar göndəriləcək.

Qeyd edək ki, bu danışıqlar zamanı Rusiya XİN “qərbli tərəfdaşlara əməkdaşlıq etməyin mümkün olduğu müxalif qüvvələrin siyahısını təqdim etdiyi halda, ABŞ tərəfdən müvafiq siyahının irəli sürülmədiyini” açıqlayıb.

Moskva ABŞ-ın “mötədil müxalifət” dediyi qüvvələrlə bağlı məsələyə aydınlıq gətirmək üçün bir neçə dəfə bu mövzuda müzakirə tələb edib. Proseslərin bu qədər ləng və uğursuz davam etməsində də, ekspertlər əsas səbəb kimi məhz “mötədil müxalifət” məsələsindəki fikir ayrılıqlarını qeyd edirlər.

 

Şübhəsiz ki, ABŞ-ın və ya digər bir superdövlətin öz dəstəklədiyi qüvvələri “əsas alternativ” kimi qələmə verməsi anlaşılandır.

Pentaqon Suriyaya 50 xüsusi təyinatlı göndərəcək ki, bu qüvvələr Suriya müxalifətinin qoşunlarının təlimində iştirak edəcək. Bununla yanaşı, onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər.

ABŞ və Rusiya bundan əvvəl  Rusiya və Amerika təyyarələrinin Suriyada təhlükəsiz uçuşunu təmin etmək üçün işləri koordinasiya etmək barədə razılaşmışdı. Lakin radikal islamçı qruplara qarşı quruda ABŞ və Rusiya arasında koordinasiya çatışmazlığı var.

Bu çatışmazlıqlar da tərəflərin Suriya məsələsinə yanaşmasında fərqlərdən irəli gəlir. Vyana danışıqlarının ikinci raundunun suriyalılar olmadan keçirilməsi isə dünya mətbuatında müxtəlif fikirlərə və mülahizələrə səbəb oldu.

Yeddi saatdan çox davam edən görüş hələ ciddi bir nəticə verməsə də, prosesin davam etməsi üçün ümumi rəy ortaqlığı nümayiş olundu. Görüş iştirakçıları 14 gün sonra yenidən bir araya gələcəklər.

Görüşdəki ümumi əhval-ruhiyyənin danışıqların davamına köklənməsinə o da dəlalət edir ki, 19 ölkədən heç biri mətbuata hər hansı ciddi məlumat sızdırmadı.

Aİ-nin beynəlxalq əlaqələr üzrə komissarı Federika Mogerini jurnalistlərin “görüşdə proqres olub-olmadığı” barədə suala belə cavab verib: “Şərh etməyəcəm. Lakin bu, o demək deyil ki, hər hansı proqres yoxdur”.

Rusiyanın XİN başçısının müavini Mixail Boqdanov isə daha optimist açıqlama verib: “Uğurlar? Var, həmişəki kimi”.

İraq XİN başçısı İbrahim əl-Cəfəri daha “ünsiyyətcil” görünərək, mətbuata siyasi nizamlanmanın başlaması üzrə müzakirələrin getdiyini və əsas mövzunun siyasi proses olduğunu bildirib.  Onun sözlərinə görə, bütün mübahisələr məhz keçid dövründə aparıcı rolun kimə veriləcəyi – müxalifətə, yoxsa iqtidara veriləcəyi mövzusunda olub.

“Ümumilikdə isə, hamı terrorla mübarizədə hamımız həmfikirik”, - deyə iraqlı nazir qeyd edib.

 Görüşdə nə Bəşər Əsəd rejiminin, nə də müxalifətin nümayəndələrinin iştirak etməməsi isə həm Lavrov, həm də Kerrinin açıqlamasına görə, razılaşdırılmış qərar idi ki, ilk əvvəl regiondakı oyunçular məsələyə yanaşmada razılaşa bilsinlər.

Suriya danışıqlarında ilk dəfə iştirak edən İran tərəfinin də Əsədi şərtsiz dəstəkləməkdən vaz keçdiyi bildirilir. Tehran alt aylıq keçid dövrünə razılaşıb ki, bu dövrün sonunda Suriya prezidentinin taleyini ümumxalq səsverməsi müəyyən edəcək.

Ümumilikdə razılığa gələn məqamlar isə birgə addımlarla bağlı kommunikedə qeyd olunub.

Birgə sənəd 9 bənddən ibarətdir.

Burda “İslam dövləti” (İŞİD) qruplaşması və BMT reyestrinə daxil edilən digər qruplaşmaların məhv edilməsi, BMT-nin təşəbbüsü ilə Suriyada müxalifət və iqtidar nümayəndələrinin siyasi nizamlanmaya cəlb edilməsi, yeni konstitusiya və seçkilərə hazırlıq, seçkilərin BMT-nin müşahidəsi altında keçirilməsi,  Suriyada dövlətçilik institutlarının toxunulmazlığının qorunması, ölkənin bütöv və dünyəviliyinin qorunaraq milli azlıqlara və dini qruplara bərabər hüquqların təmin edilməsi kimi mühüm məsələlər yer tapıb.

Bütün qeyd olunan proseslər BMT-nin himayəsi və nəzarəti altında olacaq.

BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura da bildirib ki, BMT nümayəndələri tərəflərlə görüşərək, onları danışıqlara, masa arxasına cəlb etməyə çalışacaq.

Şərhlər