Sarkisyan Gürcüstanı Azərbaycandan ayırmağa çalışır? - TƏHLİL
31.10.2015 12:39 A-reaksiya 2439
Xəbər verildiyi kimi, Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstanın paytaxtı Tiflisə rəsmi səfər edərək gürcüstanlı həmkarı Georgi Marqvelaşvili və baş nazir İrakli Qaribaşvili ilə ayrı-ayrı görüşlər keçirib.
Görüş zamanı iki ölkə arasındakı münasibətlərdən, bu münasibətləri daha da möhkəmləndirməyin əhəmiyyətindən, regionda xüsusilə Abxaziya və Cənubi Osetiyadakı son vəziyyətin necə araşdırıldığından bəhs olunub.
Tərəflərin eyni zamanda Azərbaycan və Ermənistan arasındakı münasibətlərin və Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu yayılan xəbərlər arasındadır.
Səfərin pərdəarxası məqamları, Azərbaycanla Gürcüstan münasibətlərinə hansı formada təsirinin olacağı barədə politoloq Aqil Familoğlu Reaksiya.az-a açıqlama verib.
O, Serj Sarkisyanın Gürcüstana səfərini belə qiymətləndirib: “Bir ölkə başçısının digər ölkəyə səfər etməsi normal bir hadisədir. Ancaq Ermənistan prezidentinin Gürcüstana gözlənilmədən səfət etməsi və bu səfər barədə cəmi 1 gün öncə ictimaiyyətə xəbər verilməsi səfər haqda müəyyən suallar doğurur. Səfərin xüsusilə Azərbaycan prezidentinin səfərindən əvvəl olması Sarkisyanın regionda cərayan edən son proseslərdən çəkindiyi mənasına gəlir”.
A. Familoğlu qeyd edib ki, Sarkisyan təmas xəttindəki son vəziyyətdən narahatlıq duyur.
"Son zamanlar təmas xəttində erməni ordusuna vurulan ağır zərbələr Ermənistan hakimiyyətinin güclü erməni ordusu haqqında xalqa sırıdıqları yalanla dolu hava şarını boşaldıb. Ermənilər hərbi əməliyyatlara start veriləcəyi təqdirdə Ermənistanı hansı nəticələrin gözlədiyini real olaraq görə bilirlər. Son günlər Türkiyə Baş Qərargah rəisinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqlamaları, Azərbaycan müdafiə nazirliyinin iki ölkənin hərbi təlimlərinin Qarabağın azad edilməsinə yönəlməsi barədə bəyanatları Sarkisyan rejiminin laxlayan sütunlarını daha çox əsdirməyə başlayıb” - deyə politoloq əlavə edib.
O, sadaladığı səbəblərə görə, Sarkisyanın Gürcüstana gözlənilmədən səfər etdiyini vurğulayıb:
“Sarkisyan Marqvelaşvili ilə tələm-tələsik görüşərək bu ölkə prezidenti vasitəsi ilə Azərbaycan prezidentindən yəqinki müəyyən xahişlər etməsini istəyib. Ancaq Ermənistan rəhbərinin regionda söz və güc sahibi olmadığını nəzə alaraq bu səfərə elə də ciddi əhəmiyyət verilməməlidir. Gürcüstan üçün Ermənistan sadəcə qonşu ölkə statusu daşıyır və təhlükə mənbəyindən başqa heçnə deyil. Azərbaycan isə Gürcüstanın qonşusu, strateji tərəfdaşı və iqtisadi partniyorudur. Ona görə də, Sarkisyanın səfəri bu ölkənin Azərbaycana münasibətinə təsir etmək gücündə deyil”.
Şərhlər