Lukaşenko Qərblə yaxınlaşmanı Putinlə razılaşdırıb? - TƏHLİL
31.10.2015 22:41 A-reaksiya 2421
Belarus prezidenti Aleksandr Lukaşenko bu həftənin əvvəlində bəyan etdi ki, Rusiyanın Belarusda yeni aviabazası nə Minskə, nə də Moskvaya lazımdır.
Əslində, bu bazanın Moskvaya nə qədər lazım olduğu məlumdur, lakin Minskin birdən-birə “lüzum” barədə fərqli fikirlərlə çıxış etməsi diqqət çəkdi. Həftəsonuna doğru isə daha bir diqqətçəkən hadisə baş verdi: Avropa İttifaqı Lukaşenkoya və 200-ə yaxın Belarus vətəndaşına qarşı sanksiyaları aradan qaldırdı. Burda həm siyasi, həm də iqtisadi məqamlar nəzərə çarpır.
Putin aviabaza yaradılması barədə Rusiya-Belarus sazişinin qüvvəyə minməsinə dair sərəncamı bu il sentyabrın 18-də imzalayıb.
Bununla yanaşı, Rusiya prezidenti Aleksandr Lukaşenko ilə bu yaxında Soçidə görüşərkən bildirib ki, Rusiya XİN belaruslu həmkarlarla məsləhətləşməli və müqaviləyə operativ düzəlişlər aparmaq üçün “onların arzularını da diqəttə almalıdır”.
Bu günlərdə iki ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında belaruslu diplomat Vladimir Makey baza barəsində suala birbaşa cavabdan qaçdı və bildirdi ki, bu işlər paralel olaraq hərbi qurumlar məşğul olur. Artıq növbəti gün Belarus tərəfi bazanın taleyinə baxışını radikal şəkildə dəyişdi. Daha dəqiq desək, Minsk tərəfi heç də yanaşmasını dəyişməyib, çünki bu mövzuda konkret bir yanaşma da yox idi. Prezident Lukaşenko elə bir reaksiya verdi ki, sanki bu barədə birinci dəfə eşidir, hətta bu, sanki “müxalifətin iddiası” imiş. Nazir Makey isə açıq şəkildə bəyan etdi ki, baza Belarusa lazım deyil. Növbəti dəqiqləşdirmə isə Lukaşenkodan gəldi: sən demə, bu baza Rusiyaya da lazım deyilmiş.
Bu "aydınlaşma"lar davam edərkən, “əsəbi” qonşular da Minskə təzyiqləri artırmağa başladı.Litva XİN başçısı Linas Linkyaviçyus ilk olaraq bəyan etdi ki, “hərbi bazanın yaradılması etimad səviyyəsini qaldırmır”. Digər tərəfdən də, Litva öz ərazilərində NATO-nun aviqanadını yerləşdirməyə çalışır.
Ekspertlər bölgədəki prosesləri təhlil edərkən belə qənaətə gəlir ki, ortada bir bazarlıq gedir və Lukaşenko bu bazarlığa nəinki Rusiyanı, Litva və Polşanı da qatıb.
Belarusda yeni aviabaza yaradılması barədə müzakirələr 2013-cü ildən gedir, lazımi vəsait də ayırılıb. Prosesin artıq icraya buraxıldığı bir zamanda, Lukaşenkonun tərəddüləri və ya məsələni uzatması ciddi suallar ortaya çıxardı.
Digər tərəfdən, Avropa İttifaqı Lukaşenkoya münasibəti daha da yumşaltmağa, güzəştlərə getməyə başladı.
Əlbəttə ki, Lukaşenkonun növbəti dəfə prezident seçilməsi və iqtisadi çətinliklər içində ölkədəki sabitliyi qoruması Avropa ilə münasibətləri yaxşılaşdırmadan çətin və hətta qeyri-mümkün ola bilərdi.
Amma Aİ liderləri də yaxşı bilir ki, Belarus və Rusiyanın yaxınlığına son vermək üçün, Lukaşenkonun nəinki fikrini dəyişməsi, hətta hakimiyyətdən getməsi belə kifayət etmir.
Belarus və Rusiya arasında hərbi tərəfdaşlıq haqqında saziş var və Rusiya bu ölkənin müdafiə və təhlükəsizliyi məsələsində istənilən vaxt qarant kimi çıxış edə bilər.
Həmçinin Lukaşenko Aİ-yə inteqrasiya və BVF-nin “islahatlara yönələn” təzyiqləri altında hakimiyyəti və sabitliyi çox qorumayacağını bilir.
Hazırda Lukaşenko üçün ən təhlükəli “kabus” məhz sanksiyalar sayıla bilər. Rusiya sanksiyalardan çətinliklə də olsa çıxa bilər, Belarus üçün isə sanksiya və embarqolar “ölüm” demək olar. Avrasiya İqtisadi Birliyini seçən Belarus prezidenti onu da yaxşı anlayır ki, yaxın illərin perspektivində ölkəni Avropasız "dolandırmaq" üçün AİB-in cari imkanları yetərli deyil.
Bu “yaxınlaşma” həm də bir gediş sayıla bilər. Aİ-nin Şərq qanadındakı dövlətlərlə münasibətləri qaydasında saxlamaq, sanksiyalar və təzyiqləri aradan qaldırmaq, müxalifətlə və Qərb institutları arasındakı əməkdaşlığın dərinləşməsinə yol verməmək, eləcə də “bitərəflik” görüntüsü yaradaraq Minski regional münaqişələrin danışıqlar meydançasına çevirmək Lukaşenko üçün xilas strategiyasıdır.
Beləliklə, heç şübhəsiz ki, Lukaşenkonun bu manevrlərindən Putinin xəbəri və hətta razılığı var.
Hazırkı vəziyyətdə Rusiyaya Belarusun da problemləri “artıq yük” olar.
Ən azından, Lukaşenkonun Qərblə “yaxınlaşması” Belarusu Ukraynanın yaşadığı aqibətdən qoruyur.
Şərhlər