Türkiyədəki seçkilər fonunda İqdırdakı vəziyyət - TƏHLİL

02.11.2015 11:32     A-reaksiya     2626

Dünən Türkiyədə baş tutan parlament seçkilərində  AKP 49,1 faizlik səs nisbəti və 312 deputat ilə təkbaşına iqtidar olub.

Azərbaycan üçün olduqca həssas olan İqdır vilayətində seçkilərin necə keçdiyini, İqdırda bundan sonrakı vəziyyətin necə olacağı ilə bağlı Türkiyədə yaşayan azərbaycanlı jurnalist Kebuter Haqverdi Reaksiya.az-a açıqlama verib.

O, İqdır vilayətinə xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb: “Türkiyə ərazinsindəki İqdır vilayətində vəziyyət ayrıca dəyərləndirilməlidir. MHP və CHP-nin qazanmayacağı məlum idi. MHP sədri Dövlət Baxçalının HDP ilə gizli razılaşdığı idda olunur. İqdırın keçmiş MHP-li millət vəkili Sinan Oğana qadağaların qoyulması bunu sübut etdi. Çünki İqdırda Sinan Oğandan başqa MHP-dən səsləri bir yerə toplamağa qadir olan namizəd yox idi. Ümumilikdэ MHP sədrinin bu seçkilərdəki hərəkət dairəsi əslində seçkilərdə qələbə qazanmağa yox, öz postunu qorumağa hesablanmış olduğu ortaya çıxdı. Türkiyənin keçmiş daxili işlər naziri, keçmiş MHP-li millət vəkili Meral Akşener hadisəsi də buna sübutdur”.

Jurnalist MHP-nin bölgədə səs toplaya bilməməsinin səbəbini belə açıqlayıb: “Keçmiş millət vəkili Sinan Oğanın seçki dairəsində də MHP səs yığa bilmədi. Amma 2011-ci ildə ki, parlament seçkilərində Sinan Oğan  35.6 faiz səs toplayaraq qələbə qazanmışdı. Keçmiş millət vəkili partiyadan uzaqlaşdırıldığı üçün iyunun 7-də keçirilən seçkilərdə MHP bölgədəki səslərini itirərək 3-cü sırada yer aldı. Dünənki seçkilər MHP-nin bölgədə gücünü itirdiyini bir daha sübut etdi və bu dəfə yalnız 12.77 faiz səs toplaya bildi”.

K. Haqverdi İqdırdakı vəziyyətin bundan sonra elə də ürəkaçan olmayacağını qeyd edib: “Türkiyə vətəndaşları növbədənkənar seçkilərdə öz iradəsini ortaya qoyaraq qələbə qazandı. Lakin bunu İqdıra aid etmək olmaz, orada belə olmadı. Yəni ilk seçkidə AKP seçicisi onu rədd edə biləcəyini göstərdi".  

Onun fikrincə, HDP-nin barajı keçə bilməsi, AKP-nin məhdudlaşdırılması seçicinin ondan üz çevirməsinin nəticəsi idi.

"İqdırlılar  bunu bacarmadı. Əvvəl partiya, sonra vətən zehniyyəti ilə eyni səhvi yenə təkrarladılar. Bundan sonra iqdırlılar üçün dada da çətin olacaq. Amma seçkilərdə qələbə qazanmış Nurettin Aras İqdırdakı vəziyyəti yaxşı dəyərləndirə biləcək insandır və çiyinlərində ağır yükün olduğunun fərqindədir”, - deyə K.Haqverdi əlavə edib.

 

Şərhlər