Kerrinin Orta Asiya sərgüzəştləri - Vaşinqtonun niyyəti nədir?

02.11.2015 15:00     A-reaksiya     2676

Ötən gün Özbəkistanın Səmərqənd şəhərində baş tutan ABŞ və Orta Asiya ölkələrinin XİN başçılarının birgə görüşündən sonra, ABŞ Dövlət Departamentinin yaydığı açıqlama diqqəti çəkdi.

ABŞ Dövlət Departamentinin açıqlamasında Qazaxıstan, Qırğızıstan, Taxikistan, Türkmənistan və Özbəkistana yardım proqramlarının başlaması elan olundu.

Mərkəzi Asiya ölkələrinin çiçəklənməsi, suvereniteti, sabitliyi və təhlükəsizliyini, eləcə də “Yeni İpək Yolu” formatında tərəfdaşlığı qətiyyətlə dəstəklədiyini bəyan edən ABŞ DD bir sıra yardım proqramlarının adını və təyinatını açıqlayıb.

Qeyd olunur ki, 1991-ci ildən bəri ABŞ Mərkəzi Asiya ölkələrinə yardım proqramları çərçivəsində 8,8 milyard dollar vəsait ayırıb.

Hazırda elan olunan yardım proqramları isə aşağıdakılardır:

Rəqabətədavamlılıq, tədris və məşğulluq məsələlərində yardım:  Yeni çoxillik proeqam region ölkələrinin rəqabətədavamlılığını yüksəltməyə yönəldiləcək. Layiha bağçılıq, nəqliyyat və logistika sahələrində ixracatın genişləndirilməsini, eləcədə də xarici bazarlarda, xüsusilə də Əfqanıstan və pakistanda biznes və ticarət strukturları ilə əlaqələrin formalaşdırılmasını ehtiva edir. Həmçinin proqram çərçivəsində yeni iş yerlərinin yaradılması və gənclərə peşəkarlığın aşılanması planlaşdırılır.

Mərkəzi Asiya Ticarət Forumu. Bu yaxınlarda ABŞ  Almatada 500 nəfərin iştirakı ilə ticarət forumu keçirib və daha 6 forumun keçirilməsi planlaşdırılır. Bu forumun iştirakçılarının sayını növbəti ildə iki dəfə artırmaq və əsas yeri gənclərə vermək planlaşdırılır.

İqlim dəyişikliyinə adaptasiya və Aralətrafı fəsadların yüngülləşdirilməsi proqramı. ABŞ  Mərkəzi Asiyada iqlim dəyişmələri barədə Ümumdünya Bankının çoxillik təşəbbüsünü dəstəkləyəcək və yeni tərəfdaşların iştirakını təmin etməyə çalışacaq.

“Ağıllı su” (“Smart Waters”). Mərkəzi Asiya ölkələri və Əfqanıstan üçün su resurslarının idarəedilməsi üzrə kadrların hazırlanmasını nəzərdə tutan yeni çoxillik proqramdır. Layihə Mərkəzi Asiya üçün Regional Ekologiya Mərkəzi (MAREM) vasitəsi ilə gerçəkləşdirilir.

Mərkəzi Asiyada Amerika Universiteti. 2002-ci ildən bəri ABŞ bu universitetə 30 milyon dollar ayırıb və bu dəstəyi davam etdirməyi planlaşdırır.  O cümlədən, təqaüdlər və yeni proqramlar vasitəsi ilə Amerika Universitetinə dəstəyin artırılması nəzərdə tutulub.

Həmçinin “Fulbright” proqramı üzrə peşəkar və təhsil xarakterli mübadilələr, təcrübə mübadiləsi proqramları, mədəni irsin qorunması ilə bağlı proqramlar üzrə də əməkdaşlıq nəzərdə tutulur.

Beləliklə, görünür ki, ABŞ bu ölkələrə 1991-ci ildən bəri göstərdiyi diqqət və dəstəyi dəfələrlə artırmaq qərarına gəlib.

Lakin burdan sual doğur ki, Rusiyanın siyasi, Çinin isə daha çox iqtisadi cəhətdən  möhkəmləndiyi, eləcə də Avrasiya İqtisadi Birliyinin nüfuz dairəsinə daxil olan bu regionda ABŞ hansı strategiya yürüdəcək? Bəs bu strategiyanın nə kimi perspektivləri olacaq?

ABŞ-ın Əfqanıstan və Pakistandakı dayaqları laxlamaq üzrədir və Vaşinqton bu dayaqları qorumaq, sözügedən ölkələrin Orta Asiya regionu ilə inteqrasiyasını sürətləndirmək üçün bu addımı ata bilər.

Bununla yanaşı, burda siyasi təsir dairəsinin genişləndirilməsindən söz gedir ki, qərbyönümlü elitanın yox səviyyəsində olduğu bir bölgədə qeyd olunan proqramların həyata keçirilməsi, eləcə də Qərb təşkilatlarının möhkəmlənməsi proseslərə “əlavə rənglər” qatacaq.

Ukrayna böhranından sonra, daha doğrusu bu böhran həll olunmamış Rusiyanın cənub qonşuları ilə bu “inteqrasiya” planları bir çox ekspertləri düşündürməyə vadar edir.

O da aydındır ki, nə bu bölgənin əhalisi, nə də siyasi elitası Rusiyadan uzaqlaşmaq və ABŞ-la yaxınlaşmaq əhval-ruhiyyəsində deyil.

Lakin bütün atılan addımlar göstərir ki, Vaşinqton  yaxın bir neçə il ərzində - Rusiyanın sanksiyalardan əziyyət çəkdiyi zamanda, fürsətdən lazımınca yararlanmağı qarşıya məqsəd qoyub.

Əgər bu alınmasa, bir daha belə fürsət ələ düşməyəcək.

Şərhlər