Dağlıq Qarabağ məsələsində NATO aktiv rol oynaya bilər - Ekspert

04.11.2015 11:05     A-reaksiya     2469

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) İraqda və Suriyada gedən prosseslərə birbaşa müdaxilə etmək ehtimalı müzakirələrə səbəb olur.

Qeyd edək ki, NATO sonuncu dəfə 2011-ci ildə Liviyada hərbi-hava əməliyyatlarında müdaxilə edib.

NATO-nun hazırda regionda baş verən münaqişələrin həlli istiqamətində hansı addımları ata biləcəyi ilə bağlı  NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov Reaksiya.az-a fikirlərini bölüşüb.

O, NATO-nun Suriya və İraqda gedən prosesləri yaxından izlədiyini və lazım gələrsə müdaxilə edəcəyini bildirib: “NATO bugün dünyada qlobal problemlərin həllində iştirak edən yeganə güc olaraq öz mövqeyini qoruyub saxlayır. Şimali Atlantika Alyansı bütün qərarları üzv ölkələrin iştirakı ilə qəbul edir. Ərəb dünyasında baş verən hadisələr dünyada sülh və stabilliyi təhlükə altına almışdı. Liviyada vətəndaşların kütləvi şəkildə dövlət tərəfindən məhv edilməsi bu müdaxilənin zəruriliyini ortaya çıxardı və bu səbəblərdən də NATO-nun iştirakı mütləq şəkildə qəbul olundu Bu gün eyni ssenari üzrə Suriya ve İraqda prosesler gedir. Lakin Suriyadakı situasiya bir qədər fərqlidir. Təşkilat bu gün regionda gedən prosesləri yaxından izləyir və birbaşa iştirak etməsə də orada kəşfiyyat tədbirləri həyata keçirir. Bu, gələcəkdəki təhlükəsizliyin və stabilliyin dərəcəsini ölçmək üçündür. Əgər kəşfiyyatın verdiyi məlumatlar ürəkaçan olmasa, NATO-nun Suriyaya müdaxiləsi qaçınılmaz olacaq. Bu gün, hələ ki, bu haqda hər hansı bir fikir yoxdur”.

F. Məmmədov qeyd edib ki, NATO həbi ittifaqı münaqişələrin həllində hər zaman aktiv fəaliyyət göstərir.

“NATO yalnız hərbi ittifaq deyil, həm də siyasi alyansdır. Kosova, Əfqanıstan məsələlərində NATO-nun əldə etdiyi nəticələr məlumdur. NATO hər zaman münaqişələrin həlli istiqamətində öz aktiv planını və fəaliyyətini münaqişə ölkələrinə təklif edib. Bu gün alyansın əraziləri daha da genişlənir və yaxın gələcəkdə təşkilatın başqa münaqişələrin həlli isiqamətində də aktiv rol oynayacağının şahidi olacağıq. NATO-nun passivləşməsi məsələsi kökündən səhvdir. Hazırda NATO-ya alternativ ikinci bir güc dünya ölkələrində mövcud deyil. NATO-nun sərhədləri demək olar ki, yoxdur və dünya okeanına belə nəzarət edir. İstənilən ərazidə vacib məsələlərə müdaxilə gücünə sahibdir” – deyə politoloq əlavə edib.

O, NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllində də əsas rol oynamasının vacibliyini vurğulayıb: “Bizim istəklərimizdən biri də, yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsinin həllində ATƏT-in Minsk Qrupunun deyil, məhz NATO-nun aktiv rol oynamasıdır. Bu, hazırda real görünməsə də, lakin masa üzərində olan məsələlərdəndir. NATO əgər Cənubi Qafqaza öz addımını atarsa, o zaman münaqişələrin həlli istiqamətində köklü dəyişikliklərin şahidi olacağıq. Belə olacağı təqdirdə Rusiya üçün qorxunc siyasi proses başlayacaq”. 

Şərhlər

Çox oxunanlar