Azadlıq Radiosunun Ramazan fitvası - SÖZARDI

20.06.2015 13:44     A-reaksiya     2519

Qafqaz Müsəlmanları İdarəsi inanclı idmançıların I Avropa Oyunları zamanı oruc tutması (və ya tutmaması) ilə bağlı fətva verdi və bütün ölkə mətbuatına da eyni mətn “pres-reliz” kimi yayıldı. Bütün KİV-lərdə bu məlumat məhz ədəbi dildə olduğu kimi – “fətva” formasında dərc olundu, bircə Azadlıq Radiosunun Azərbaycan dilindəki saytından başqa. Azadlıq Radiosunun Bakı ofisi həmin məlumatı ya bilərəkdən, ya da bilməyərəkdən “fitva” ifadəsi ilə yayımladı.

Yazımı sırf Azadlıq Radiosuna həsr etmək fikrində deyiləm, amma bir neçə sözlə toxunmağı lazım bildim...

Sözügedən radionun “Oxu zalı” portalı mənə və bir çox gənc yazara meydan verib, müsabiqələr keçirib, yeni istedadların üzə çıxmasına yardımçı olub. Amma... “Fətva” sözü ilə “fitva” sözünün fərqini bilməyən jurnalistin öz mütaliəsi, ədəbi dil qabiliyyəti necədir, görəsən?

Fitvanın fətvadan fərqini izah etmək üçün xüsusi dərslərə, məruzəyə, "fitva" sözünün mənfi məna daşıdığını geniş zah etməyə ehtiyac varmı? Təəssüflər olsun ki, belə “bilərəkdən və ya bilməyərəkdən” yanaşmalar da özlüyündə bir fitvaya çevrilir.

İndi isə keçək cəmiyyətdəki Ramazan əhval-ruhiyyəsinə. Oruc tutmaq və ibadət etmək din tələbləri olsa da, fərdlərin könüllü təşəbbüsünə bağlı bir şeydir. Necə deyərlər, "Allahla aramıza girən olmasın!"

Azərbaycan dünyəvi dövlətdir və ölkəmiz yetərincə tolerant bir ölkə kimi tanınır. Ən azından, buna dəlalət kimi, xeyli dini konfessiyanın sərbəst fəaliyyətini nümunə göstərə bilərik. Problemlərin olmasını mən də qəbul edirəm, amma bir çox müsəlman ölkələri ilə müqayisədə vəziyyət yaxşıdır.

Cəmiyyətdə tolerantlıq var, lakin sosial şəbəkələrə baxanda bu tolerantlığı çox zəif formada görürük. Dindarlar və dinsizlər arasındakı virtual müharibələr, qalmaqallar, təhqir və söyüşlərlə gedən mübahisələr çoxumuzun qarşısına çıxır. Bəzən açıq-aşkar ekstremizmə çağırışlar da “göz oxşayır”.

Ramazan ayında isə bu “gözoxşama”ların miqyası artır. Ya bəzi dinçi çevrələr məqsədli şəkildə dini mübahisələrə şərait yaradır və aqressiya göstərir, ya da bəzi dinsiz çevrələr “İslamı baltalamaq” fürsətinin ələ düşdüyünü zənn edib hücuma keçirlər...

Təəssüflər olsun ki, bəzi jurnalist həmkarlarımız da (müxtəlif KİV-lərdə) bu cür mübahisələrin mətbuata çıxmasına yol açırlar. “Peycvyu” xatirinə, yoxsa hansısa məqsədi həyata keçirmək üçün?...

Öz aramızdır, kim niyə oruc tutur özü bilər, mən tuturam, ya tutmuram... Bundan “Facebook” dostlarıma nə dəxli?

Ya da nə üçün, kimlərsə davamlı olaraq ölkədə din və məzhəb qarşıdurması yaratmağa çalışır? Axı bunun üçün sosial zəmin də yoxdur!.. Fitva verməklə deyil ki!

 

Rüfət Əhmədzadə

 

Şərhlər

Çox oxunanlar