Rusiya Baltik regionunda gərginlik istəmir - Politoloq

05.11.2015 18:00     A-reaksiya     2445

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən mini-NATO sammitində Şərqi və Mərkəzi Avropa ölkələri birgə bəyənnamə qəbul ediblər.

Bəyənnaməni Polşa, Rumıniya, Slovakiya, Çexiya, Bolqarıstan, Macarıstan, Latviya, Litva və Estoniyanın hərbi əməkdaşlığı möhkəmləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirmək olar.

Sənəddə qeyd olunur ki, “Bu, Krımın Rusiya tərəfindən qanunsuz ilhaqına cavabdır – hansı ilhaq ki, bütöv qitənin təhlükəsizliyini təhlükə altına alıb”.

Bu sənədin Rusiyaya hansı təsirinin olacağı, ümumiyyətlə, regiondakı təhdidlərlə bağlı Rusiya üçün təhdid daşıyıb-daşımaması ilə bağlı Qafqaz Potiloqları Klubunun rəhbəri, politoloq İlqar Vəlizadə Reaksiya.az-a açıqlama verib.

O, Rusiya ilə Baltikyanı ölkələr arasındakı münasibətlərin yaxın gələcəkdə gərginləşmə ehtimalının olmadığını deyib: “Rusiyanın Baltikyanı ölkələrlə bağlı hansısa aqressiv planı olduğuna inanmıram. Hazırda Rusiyanın başı Ukraynada, Suriyada gedən proseslərə qarışıb, ona görə də başqa cəbhə açmaq məqsədi yoxdur. Son vaxtlar gərginlik, həmçinin Rusiyanın şərq sərdədlərində də yaşanır. Yapon dənizi ətrafında bir neçə həftə əvvəl Rusiya Çinlə birlikdə hərbi təlimlər həyata keçirdib. Bu, həmin ərazilərin hazırda Rusiya üçün daha vacib olmasından xəbər verir. Gündəmdə yeni cəbhələrin açılmasına, gərginliyin yaranmasına lüzum yoxdur. Xüsusilə, Baltikyanı ölkələr Rusiyanın Sank Peterburq şəhərinin yaxınlığında yerləşir və burada Rusiya Almaniya ilə birlikdə "Şimal axını" qaz layihəsini həyata keçirir. Ona görə də, Rusiya bu regionda sabitliyin olmasına xüsusi əhəmiyyət verir”.

Politoloq NATO-nun Baltikyanı ölkələrdə möhkəmlənməsinin region üçün ciddi təhlükə daşımadığını dilə gətirib: “NATO-nun bu planları daha çox komplekt xarakter dayışır, təkcə Baltikyanı ölkələrdə deyil, Avropanın Şərqi və Şimali qruplaşmaların da möhkəmlənməsindən söhbət gedir. Bu ölkələrin silahlı qüvvələrinin NATO standartlarına, NATO-nun regionda həyata keçirtdikləri məqsədlərə cavab vermədiyi ötən illərdə müşahidə olunub. Son illər hətta ABŞ bu ölkələrə kifayət qədər yardımlarını artırıb. Bu ölkələrin isə xarici imkanlar yox, daxili imkanlar əsasında çevik və hazırlıqlı silahlı qüvvələrin yetişməsinə ehtiyac var. Rusiya isə bu prosesə başqa cür tərif verir. Bu proseslər Rusiyaya qarşı yönəlir. Amma bu, sırf Rusiya ilə bağlı məsələ də deyil. Ümumiyyətlə, NATO ölkələrinin əsas daxli tələbi bu və ya digər şəkildə bütün milli silahlı qüvvələrin kifayət qədər hazırlıqlı görünməsidir. Ukrayna hadisələri də bu strategiyanın həyata keçirilməsinə kifayət qədər böyük təkan verib. Digər regionlarda vəziyyətin təkrarlanmaması üçün, Baltikyanı ölkələrdə xüsusi olaraq belə hazırlıqlar həyata keçirilir”.

İ. Vəlizadə Estoniya, Litva və Latviyanın birlikdə Rusiyaya qarşı divar çəkməsinə də münasibət bildirib: “Divarın çəkilməsi qabaqlayıcı tədbirdir. Digər ölkələrin təcrübəsi onu göstərir ki, divar insan axınının qarşını almaq üçündür. Macarıstan da Serbiyadan gələn qaçqınların qarşısını almaq üçün belə divarın çəkilməsinə start verib. Rusiyada sosial iqtisadi vəziyyət pisləşə, kəskinləşə bilər. Çünki Rusiyadakı sanksiya rejimi artırılır və Pskov, Leninqrad vilayətindən  insanların axını müşahidə oluna bilər. Rusiya sərhəddində də elə bu səbəblərdən divar çəkilir”.

Şərhlər