Yəməndəki münaqişə Suriyaya nisbətən daha tez həll oluna bilər - Ekspert

07.11.2015 16:42     A-reaksiya     1184

“Ərəb baharı” başladığı dövrdən sabitliyin pozulduğu ölkələrdən biri də Yəməndir.

Ərəbistan yarımadasının ən kasıb ölkəsi hesab olunan Yəməndə hazırda da siyasi böhran davam edir. Lakin Yəmən hadisələri dünya mətbuatında və siyasi dairələrdə Suriya qədər diqqətçəkən deyil.

Politoloq Exlan Şahinoğlu Yəməndəki hazırkı vəziyyət, Yəmən hadisələrini Suriyadan fərqləndirən əsas amillər barədə fikirlərini Reaksiya.az-la bölüşüb.

O, Yəməndə gedən proseslərin Suriyadakı qədər ağır olmadığını qeyd edib: “Yəməndə də əslində vətəndaş müharibəsi gedir, sadəcə Suriaydakı qədər şiddətləşməməsinin səbəbi böyük qətliamların qeydə alınmamasıdır. Savaşda ölən və yaralananların olduğu məlumdur, hətta müxtəlif dövlətlər də bu prosesə qarışıb, amma böyük şəhərlər dağıdılmayıb, çox sayda insan təlafatına yol açan hadisə baş verməyib. Hazırda Səudiyyə Ərəbistanı müxtəlif qruplaşmaları, mövqeləri bombalayır, amma bu, böyük müharibə deyil. Bu müharibədə böyük dövlətlərin də maraqları kəsişmir. ABŞ, Rusiya, İran, Türkiyə, Səudiyyə Ərəbistanının Suriya ilə bağlı maraqları kəsişir, lakin Yəməndə belə deyil. Bu səbəblərdən Yəməndəki vəziyyət Suriyadakı qədər diqqət cəlb etmir”.

E. Şahinoğlu Yəməndə mərkəzi hakimiyyətin fomalaşması üçün danışıqların getdiyini və zamanla vəziyyətin nizamlanacağını bildirib.

“Yəməndə hakimiyyətin ələ keçirilməsi istiqamətində çox ciddi savaşlar keçən il də olub, bu il də davam edir. Ara-sıra danışıqlar da olur, və yaxud yaralıların savaş meydanından götürülməsi ilə bağlı razılaşmalar əldə olunur. Lakin bunların heç biri Suriyada olmayıb.Orada təkhakimiyyətlilik var idi. Birdən-birə hakimiyyət insanlara qarşı silahlara əl atdı və bundan sonra ölkə vətəndaş müharibəsinə sürükləndi, terrorçular orada yuva saldılar. Lakin Yəməndə onsuzda müxtəlif məzhəblər arasında hakimiyyət uğrunda mübarizə gedirdi. Hazırda da müxtəlif danışıqlar mühiti var. Ona görə də Yəməndə sülh əldə etmək daha asan olacaq, nəinki Suriyada”, - deyə politoloq əlavə edib.

Ekspert Səudiyyə Ərəbistanı və İranın Yəməndə hansı maraqlarının olduğuna aydınlıq gətirib: “Səudiyyə ilə İranın yaxınlaşması mümkün deyil, Yəməndəki qruplar heç deyilən qədər də İrana yaxın deyil. İran Yəməndə şiə qruplaşmalarına mənəvi dəstək göstərir, amma Suriyada olduğu kimi burada aktiv ola bilmir. Amma Səudiyyə Ərəbistanı bu dövlətlə qonşudur və burada şiə məzhəbinə aid olan qrupların tamamilə hakimiyyəti ələ keçirtməsini istəmir. Həmin şiə qruplar da Səudiyyə Ərəbistanın maraqlarına qarşı Yəməndə savaşsalar da, onlar Səudiyyənin dialoq körpüsündən imtina etmirlər. Səudiyyə Ərəbistanı da, ABŞ da danışıqlar prosesinə dəstək verərsə, Yəməndə prosesləri öz axarına qaytarmaq mümkün olacaq”. 

Şərhlər