Onların "məsləhət"i olmasaydı, nə edərdik? - TƏHLİL

09.11.2015 18:11     A-reaksiya     2449

Xəbər verildiyi kimi, bu günlərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Tvitter” hesabında yazmışdı ki, AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ haqqında məruzə və qərarlar dərc etməzdən öncə ATƏT-in həmsədrləri ilə məsləhətləşməlidirlər.

ATƏT-in Minsk qrupu həmsədrlərinin niyə narahatlıq keçirdiyi barədə millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Reaksiya.az-la fikirlərini bölüşüb.

Millət vəkili həmsədrlərin narahatlıq keçirtməsinin əsas səbəbini belə qiymətləndirib: “Həmsədrlərin AŞPA-nın öz hüquq normalarını beynəlxalq hüquq normalarına əsaslanaraq qəbul etməsindən narahatlıq keçirirlər. Amma çox təəssüf ki, həmsədrlər özlərinin təmsil etdiyi təşkilatların təməl sənədlərini və hüququn aliliyini unudurlar. Cənab Uorlik də AŞPA-nın beynəlxalq hüquq normalarına əsaslanan qərarlarının onlarınb laqeyd münasibətini ifşa edəcəyindən narahatdır”.

O, ATƏT-in 2015-ci ildə münaqişənin həlli istiqamətində heç bir mesbət təsirinin olmadığını vurğulayıb: “ATƏT-in 2015-ci ildəki fəaliyyətini dəyərləndirəndə onların çox gözəl beynəlxaq turizm uğurları əldə etdiyini görə bilərik. Onun xaricində heç bir şey yoxdur. Dünyanın tanınmış paytaxtlarını, ölkələrini gəzməklə məşğuldurlar. Amma beynəlxalq hüquq normalarına laqeyd yanaşdıqlarına görə, heç bir nailiyyət əldə etmirlər. 2016-cı ildə də onlardan heç bir şey gözləmirəm”.

Reaksiya.az eyni mövzuda Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının da münasibətini öyrənib.

O, AŞPA-nın hazırladığı məruzənin Ermənistanda ciddi narahatlığa səbəb olduğunu söyləyib: “AŞPA-nın qəbul etdiyi bu məruzəni xarici siyasət, xüsusilə Dağlıq Qarabağ problemi barədə son zamanlar əldə etdiyi ciddi uğur kimi dəyərləndirmək olar. Əlbəttə bu uğur düşmənlərimizi sevindirə bilməzdi, elə də oldu. Bu, ilk əvvəl Ermənistanda mənfi qarşılandı və AŞPA-nın üzvləri haqqında siyasətdən kənar, normal əxlaqdan kənar ifadələr işlətdilər, onların haqqında müəyyən qeyri-mənfi fikirlər səsləndirdilər. Ermənistan da, qərbdəən bu məsələyə maraqlı olan dairələr də məruzəyə mənfi münasibət bildirərək Ermənistan hakimiyyətinin mövqeyini dəstəkləməyə çalışdı. Ceyms Uorlik AŞPA-dan belə bir məruzə hazırlamadan əvvəl Minsk Qrupu həmsədrləri ilə məsləhətləşməsi gərəkdiyini vurğulaması isə həmsədrlərin Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində tərəfsiz vasitəçilik missiyasını yerinə yetirmədiklərini bir daha sübut etdi ”.

H. Cabbarlı belə hesab edir ki, 20 ildən çoxdur Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu elə də ciddi qurum deyil.

“Burada Minsk Qrupu beynəlxalq təşkilat deyil, elə bir ciddi səlahiyyəti də yoxdur, AŞPA-nın xarici siyasətində və ümumiyyətlə AŞPA-nın hazırladığı məruzələrə izah və məsləhətləşmə tələb etmək səlahiyyəti də yoxdur. AŞPA isə tam əksinə olaraq beynəlxaq, Avropa Birliyinə və Avropa Şurasına üzv olan dövlətlərin nümayəndələrindən təşkil olan müstəqil qrupdur. Müstəqil fikir və siyasi iradə bildirmə səlahiyyətinə sahibdir. Əslində Uorlikin belə bəyanatı birbaşa ABŞ-ın Dağlıq Qarabağ probleminə münasibətini ifadə edir” – deyə exspert əlavə edib.

O, Ceyms Uorlikin bəyanatının açıq fomada tərəfkeşlik etdiyinin sübutu olduğunu bildirb: “Uorlikin bu bəyanatı Ermənistanda sevinclə qarşılandı və və Ermənistan onu bu çıxılmaz vəziyyətdən xilas edən bəyanatın səslənməsindən məmnun qaldı. Bu bəyanat eyni zamanda onu göstərir ki, sadəcə ABŞ deyil, ATƏT Minsk Qrupunun digər həmsədrlər üzvləri də birtəfəli münasibət bəsləyə bilmirlər və əvvəllər daha siyasi, diplomatik şəkildə Ermənistanı dəstəklədiklərini bildirsələr də indi açıq-aşkar, çox qaba, kobud şəkildə Ermənistanın yanında olduqlarını vurğulayırlar. Azərbaycan höküməti də məsələni birmənalı qarşılanmamalıdır, bunun üçün Uorlikdən izahat tələb etməlidir, vasitəçilik missiyasına uyğun olmayan bəyanatı geri götürməsini tələb etməlidir. Həmçinin Azərbaycan ATƏT-in Minsk qrupu ilə münasibətlərdə daha tələbkar olmalıdır”.

H. Cabbarlı da ATƏT-in Minsk qrupundan növbəti ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ciddi bir addım atacağını zənn etmədiyini söyləyib: “20 ildən çox keçən zaman müddətinə fikir versək ATƏT Minsk Qrupunun tərəfləri ortaq məxrəcə gətirə biləcək layihələr, planlar təklif etmədiyini görürük. Bu qurum Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində qurulsa da, qurum hələ də kimin torpağının işğal edildiyini və kimin işğal etdiyi faktını belə razılaşdıra bilmir. Yəni, tarixi həqiqətləri görə bilmirlər. Bu baxımdan, 2016-cı ildə də ATƏT Minsk Qrupunun səmərəli fəaliyyət göstərəcəyi şübhə altındadır. Prezidentlərin görüşünü təşkil etmək kimi müəyyən fəaliyyətləri ola bilər, amma müəyyən fikirlərin həyata keçirilməsində tərəfsiz münasibət göstərə biləcəklərinə dair  yenə ciddi problemlər olacaq”.

Şərhlər