Avropa Məhkəməsinin qərarı: Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni mərhələ - Təhlil

22.06.2015 16:02     A-reaksiya     2104

Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək çıxarılmış ən mühüm qərarlardan biridir.

Qərarın özəlliyi həm də bu sənədin münaqişə ilə bağlı qəbul olunmuş ilk məhkəmə sənədi olmasıdır. Münaqişə tarixində ilk dəfə olaraq dünyanın ən mötəbər məhkəməsiDağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul edib və bu qərarda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı ilk dəfə olaraq beynəlxalq məhkəməsi instansiyası tərəfindən təsdiqlənib.

Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarında yaşamaq və mülkiyyətindən istifadə etmək hüququnu tanıyan Avropa Məhkəməsinin çıxardığı qərar Azərbaycan diplomatiyasının imkanlarını bir neçə dəfə artırmış olur. İndiyədəkBMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni əsas götürən rəsmi Bakı artıq münaqişənin nizamlanmasına dair danışıqlarda Avropa Məhkəməsinin qərarını da hüquqi qüvvəyə sahib sənəd kimi istifadə edə biləcək.

Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərar bir neçə baxımdan əhəmiyyətlidir.

Birincisi, Avropa İnsan Haqları Məhkəməsi çıxardığı qərarla Ermənistanın işğalçı dövlət olduğunu hüquqi əsaslarla təsbit və təsdiq etmiş olub. Qərar Ermənistanın işğal altında olan ərazilərdə effektiv nəzarət həyata keçirdiyini təsdiqləyib və bununla da İrəvanın on illərdir “Dağlıq Qarabağ Respublikası”nı münaqişə tərəfi kimi təqdim etmək siyasəti rəsmən arxivə atılmış olub. Məhkəmə hesab edir ki, Ermənistanın əksini iddia etməsinə rəğmən işğal zonasında effektiv nəzarəti bu ölkənin Silahlı Qüvvələri həyata keçirir və Azərbaycanla aktiv hərbi münaqişədə qarşı tərəfdən atılan istənilən addım iddia olunduğu kimi “DQR”ə deyil, Ermənistana məxsusdur. Azərbaycanın işğal altında olan ərazilərində insan haqlarının pozulmasına görə məsuliyyəti Ermənistanın daşıması qərarı da məhz həmin ərazilərdə effektiv nəzarətin bu ölkə tərəfindən həyata keçirilməsinin məhkəmə tərəfindən qəbulu ilə bağlıdır. Məhkəmə öz qərarını həm də beynəlxalq hüquqda işğal faktorunun müəyyənləşməsi qaydalarına əsaslandırıb və bu qaydalara əsasən effektiv nəzarət işğalın əsas xüsusiyyəti sayılır. İşğal zonasında hər il Ermənistan Silahlı Qüvvələrinin keçdiyi hərbi təlimlər (özəlliklə ötən il 47 min hərbçinin iştirakı ilə keçirilən və beynəlxalq səviyyədə tənqidə məruz qalan təlimləri qeyd etmək lazımdır), Ermənistan vətəndaşlarının işğal zonasında hərbi xidmət keçməsi, İrəvanın “DQR özünümüdafiə qüvvələri” kimi təqdim etdiyi qanunsuz hərbi birləşmələrin Ermənistan tərəfindən komplektləşdirilməsi kimi faktlar məhkəmə tərəfindən nəzərə alınıb və işğal zonasında effektiv nəzarətin Ermənistan tərəfindən həyata keçirilməsi qənaətinə gəlmək üçün əsas kimi qəbul olunub. Bu, beynəlxalq hüquq normalarına görə, Ermənistanın işğalçı dövlət olduğunun məhkəmə qərarı ilə təsdiqlənməsidir.

İkincisi, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Dağlıq Qarabağmünaqişəsinin nizamlanması prosesində Ermənistanın manevr imkanlarını daraldır. Məcburi köçkünlərin öz evlərinə qayıtmasının qeyd-şərtsiz təmin edilməsi artıq məhkəmə qərarı ilə təsbit olunmuş öhdəlikdir və Ermənistan danışıqlarda üzərinə düşən öhdəliyi artıq şərt kimi irəli sürə bilməz.

Üçüncüsü, məhkəmə işğal altında olan ərazilərdə insan haqlarının pozulmasına dair bütün məsuliyyəti Ermənistanın üzərinə qoyub. Bu o deməkdir ki, Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonda pozulmuş insan haqlarını bərpa etmək məcburiyyətindədir. Bunun yolu insan haqlarının kütləvi pozulmasına gətirib çıxaran əsas səbəbin - işğal faktının aradan qaldırılmasından keçir. Bu baxımdan Avropa İnsan Haqları Məhkəməsinin qərarı həm də Ermənistan üzərinə qoşunlarını işğal zonasından qeyd-şərtsiz çıxarmaq öhdəliyi qoyur. Münaqişənin nizamlanmasına dair danışıqlarda Ermənistan qoşunlarını ərazidən çıxarmaq üçün bir sıra şərtlər irəli sürürdüsə (bu şərtlərin hamısı Dağlıq Qarabağdakı separatçı rejimin legitimləşdirilməsinə hesablanıb), artıq Avropa Məhkəməsinin qərarından sonra qoşunların çıxarılması Ermənistanın üzərinə düşən bir öhdəlikdir. Bir məsələyə də diqqət yetirmək lazımdır. Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması tələbi BMT qətnamələrində də öz əksini tapıb, lakin İrəvan o qətnamələrdə işğal edən tərəfin Ermənistan, yaxud “DQR” olduğunun konkret göstərilməsini əsas gətirərək manevr edə bilirdi. Avropa Məhkəməsinin qərarı isə Ermənistanın bu manevr imkanını da əlindən almış olur.

Dördüncüsü, Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı qərarla Dağlıq Qarabağ və ətraf yeddi rayondan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarında yaşamaq, sahib olduğu mülkiyyətdən istifadə etmək hüququnu beynəlxalq səviyyədə tanımış olub. Həm də bu hüquq ilk dəfə siyasi qərarla deyil, dünyanın ən ali məhkəmə orqanı tərəfindən tanınıb.  Bu hüququn tanınması avtomatik olaraq növbəti mərhələdə işğalçı Ermənistanın azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməsi məsələsini gündəmə gətirəcək. Prosedura əsasən, təzminatın miqdarı və ödənilməsi üçün iddiaçı tərəfə və Ermənistan hökumətinə bir il vaxt verilir, bu müddət ərzində tərəflər öz maddi iddialarını və bu iddiaların qəbul və ya rədd edilməsini əsaslandırmalıdır. İstənilən halda Ermənistan bir il ərzində “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə iddiaçılara kompensasiya ödəməli olacaq. Ödəmə prosesi həm də bir presedent yaradacaq ki, bu da 800 minə yaxın məcburi köçkünün Ermənistana qarşı maddi təzminat davası açması ilə nəticələnəcək.  “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar artıq presedent kimi qəbul olunur, bu səbəbdən Avropa Məhkəməsinin digər azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı maddi təzminat iddiaları ilə bağlı fərqli qərar çıxarması qeyri-mümkün sayılır.

Beşincisi, “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əlavə üstünlük verir. Bu üstünlüyü qazandıran məqam, işğalçı dövlətinDağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti aparmasının məhkəmə tərəfindən rəsmən tanınmasıdır. Avropa Məhkəməsi azərbaycanlıların Ermənistan Silahlı Qüvvələrinin effektiv nəzarət həyata keçirdiyi ərazilərdən kütləvi şəkildə qovulmasını etnik təmizləmə kimi dəyərləndirib. Qeyd edək ki, etnik təmizləmə insanlığa qarşı ağır cinayətlərdən sayılır və Azərbaycan Avropa Məhkəməsinin bu qərarı ilə daha yüksək və mötəbər məhkəmə instansiyalarında Ermənistana qarşı iddia qaldırmaq imkanı əldə edib. Azərbaycan həm də Avropa Şurası və digər siyasi institutlarda Haaqa Məhkəməsinin yurisdiksiyasını qəbul etməyi Ermənistanın qarşısında öhdəlik kimi qoymaq tələbi irəli sürə, yaxud bu tələbi öz xarici siyasi fəaliyyətinin əsas prioritetlərindən birinə çevirə bilər.

Göründüyü kimi, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında yeni bir mərhələnin əsasını qoymuş olub. Bu, Azərbaycan diplomatiyasının daha çevik fəaliyyətinə, Dağlıq Qarabağmünaqişəsində mövcud status-kvonu dəyişməyə imkan yaradan bir mərhələdir. Bu qərar ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda Ermənistanın mövqeyini dəfələrlə zəiflətmiş olacaq, çünki qərar İrəvanın danışıqlarda istifadə etməyə çalışdığı saxta arqumentlərin əksəriyyətinin üzərindən qalın bir xətt çəkmiş olub.

 

Vüqar Məsimoğlu, APA Analitik Mərkəzi

 

Şərhlər