Avropa miqrantların üzünə bağlandı? - TƏHLİL
17.11.2015 12:43 A-reaksiya 2307
Fransanın paytaxtı Paris şəhərində noyabrın 13-dən 14-nə keçən gecə baş verən silsilə terror aktları bütün dünyanı kədərləndirdi və terrora qarşı birgə mübarizənin vacibliyini bir daha xatırlatdı.
Digər tərəfdən bu yaşanan qanlı hadisələr Avropan ən təhlükəsizlik ölkəsi hesab olunan Fransanın bu statusunu şübhə altına salıb. Bundan sonra, yanvardan etibarən Avropaya 750 mindən çox axın etmiş miqrantların da sonrakı taleyi əsas müzakirə mövzularından birinə çevrilib.
Avropa ölkələrinin miqrantlara qarşı hansı addımları atacağı, Yaxın Şərqdəki vəziyyətin necə olacağı haqda politoloq Qabil Hüseynli Reaksiya.az-la fikirlərini bölüşüb.
O, baş verən hadisələrdən sonra miqrantların vəziyyətinin elə də ürəkaçan olmayacağını qyed edib: “İslamafobiya əvvəl də güclü idi, amma son hadisələrdən sonra Avropada anti-islam mövqeləri daha da güclənəcək və miqrantların vəziyyəti pisləşəcək. Hollandiya da miqrantların sığınacaqlarının bir hissəsi bağlanmaq üzrədir. Bu dalğa Fransaya da sıçraya bilər. Yaxınlarda Fransada yerli bələdiyyə orqanalarına seçkilər olacaq. Həmin seçkilərdə sağcı qüvvələrin qalib gəlmək ehtimalı çox böyükdür. Və bu da sağçı-millətçi, radikal qüvvələrin yerli hakimiyyətə gəlişi miqrantlar üçün vəziyyəti daha da ağırlaşdıracaq. Terror aktından sonra bütün Avropa ölkələri miqrantlar üçün sərhədlərini bağlayıblar. Bu, miqrant axınının məhdudlaşdırılacağına və onlar üçün müəyyən imtiyazlar verilməsinin azaldılacağına işarədir”.
Q.Hüseynli belə hesab edir ki, Fransa yaşanan son hadisədən sonra, İŞİD terror qruplaşması ilə mübarizədə daha ciddi addımlar atacaq.
“Fransa quru əməliyyatlarında da iştirak etmək istəyir, bu barədə Nazirlər Kabineti də məlumat yayıb. Fransanın qüvvələri yaxın vaxtlarda Aralıq dənizi vasitəsilə Suriya ərazisinə çıxa bilər. Ümumiyyətlə, İŞİD-in məhv edilməsi və sıradan çıxarılması istiqamətindəki quru əməliyyatlarına bir çox dövlətlərin qatılması gözlənilir. Türkiyə artıq quru əməliyyatları həyata keçirir. Fransa da bu terror hadisələrindən sonra iştirak edəcəyini bildirib”, - deyə politoloq əlavə edib.
O, Yaxın Şərqdəki, xüsusilə Suriya ətrafında baş verən son prosesləri belə qiymətləndirib:
“Üçüncü Vyana danışıqlarında, Obama və Putinin görüşü zamanı əldə olunmuş razılaşmaya əsasən, Suriyada atəşkəs elan olunub. Suriyada Əsəd rejiminə tabe olan qoşunlarda İŞİD-ə qarşı vuruşmağa başlayıb. Suriya Azadlıq Ordusu İraqın şimalında yerləşən peşmərgələrlə birləşərək İŞİD-ə qarşı vuruşmaq qərarı qəbul ediblər. İŞİD nə qədər şişirdilsə də, əgər deyilənlər həyata keçirilsə, tez bir zamanda İŞİD məhv oluna bilər”.
Politoloq İŞİD-in növbəti terror aktları həyata keçirib-keçirməməsi ilə bağlı da fikirlərini bildirib: “İŞİD terror qruplaşması yenə Avropanı hədələyir, İranı hədələyir. Rusiyanı isə xeyli müddət əvvəldən hədələyirdi. Ola bilsin ki, növbəti hücumlar həyata keçirtsinlər. Amma Avropa bir neçə gün ərzində qüvvələrini birləşdirib İŞİD-i sıradan çıxartsa, terror üçün hazırlanmış qüvvələrdə təbiki öz canlarını qorumaq üçün illeqal şəraitə keçəcək və terror hadisələri də səngiməyə başlayacaq”.
Şərhlər