İraq və Suriya türkmənləri ciddi təhdid altındadır - Politoloq
18.11.2015 18:12 A-reaksiya 3555
Səddam Hüseynin devrilməsi və İraqın işğalından sonra, Kərkük türkmənlərinin də kürdlər kimi Qərb tərəfindən müəyyən dəstək görəcəyi gözlənilsə də, bu baş vermədi. On iki il boyunca İraqda aparılan islahatlar və milli azlıqlara "hüquqların verilməsi" prosesindən türkmənlər kənarda qaldılar. Hazırda İŞİD-ə qarşı bölgədəki səfərbərlik və yeni manevrlər bir daha Kərkük türkmənlərinin taleyini gündəmə gətirib. Eyni zamanda, Suriya türkmənlərinin də "münaqişənin nizamlanması" prosesində unudulub-unudulmayacağı, demokratik hüquqlar və bölgənin zəngiliklərindən yararlanmaq imkanları əldə edib-etməyəcəyi suallar doğurur.
Reaksiya.az-ın bu və digər suallarını "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb.
O, İraq türkmənlərinin hazırki vəziyyətini şərh edərkən Səddam rejiminin devrilməsindən sonra, onların vəziyyətinin daha da pisləşdiyini bildirib:
“Türkmənlərin Səddam Hüseyn dövründə də böyük problemləri var idi, o vaxtda sıxışdırılırdılar, dini liderlər həbsxanaya atılırdı, öldürülürdü. Sədda Hüseyn devriləndən sonra, ABŞ qoşunları İraqa daxil olanda digər xalqlar kimi İraqdakı türkmənlərin də azadlıq qazanacaqları ehtimal olunurdu. Amma belə olmadı, daha da əks proseslər baş verdi. İraq türkmənləri İraqda baş verən vətəndaş müharibəsinin mərkəzində qaldılar. Türkiyə də onlara zamanında lazımi dəstəyi göstərmədi. Zamanında onlara silah-sursat verilsəydi, onlar da kürdlər kimi silahlanıb öz haqları uğrunda mübarizə aparardılar. Düzdür müəyyən qruplar var mübarizə aparırlar, amma bu çox azsaylı qruplardır. Kifayət qədər dəstək verilmədiyinə görə, indi iqtisadi-sosial problemləri daha da dərinləşib”.
E.Şahinoğlu belə hesab edir ki, İraq türkmənlərini çətin vəziyyətə salan amillərdən biri də İŞİD terror qruplaşmasıdır.
“Bir tərəfdən də İŞİD terroru tuğyan edir. İŞİD terror qruplaşması həm onların şəhərlərini, qəsəbələrini işğal edir, həm də ələ keçirilən türkmənləri şiə olduqlarına görə, qətlə yetirirlər. Bu məsələ dünya birliyinin də diqqətinə çıxarılmır. Bu məsələdə elə Azərbaycanın da, Türkiyənin də üzərinə böyük yük düşür türkmənlərin taleyi barədə dünya birliyinə, beynəlxalq təşkilatların diqqətinə lazımi məlumatlar çatdırsınlar. Çünki İraq türkmənləri faktiki biz azərbaycanlılarıq, bizdən heç bir fərqləri yoxdur. Ona görə bizim də üzərimizə məsuliyyət düşür”, - deyə politoloq əlavə edib.
O, İraqda yaşayan türkmən və kürdlərin münasibətlərini belə qiymətləndirib: “Səddam Hüseyn devriləndən sonra daha çoxda İraqdakı kürdlər türkmənlərin yaşadığı qəsəbələrə getdi. Hər halda kürdlər türkmənlərə qarşı silahlı terror həyata keçirtmədi və iki xalq bir yerdə yaşamağa alışdı. İŞİD terroru isə hər iki xalqa qarşıdır, həm kürdləri, həm də İraq türkmənlərini qırır. Təkcə İraqdakı və Suriyadakı kürdlərdən və türkmənlər yox, ümumi olaraq birləşmək lazımdır. Türkiyədə keçirilən G20 sammitinin də əsas qayəsi terror ilə mübarizə idi. İŞİD terroru artıq bütün dövlətləri vurur, ən son baş verən rus təyyarəsinin vurulması, Fransadakı qanlı hadisələri misal olaraq göstərə bilərik. İraq və Suriyada da ən çox qətliama uğrayan müsəlmanlardır. Ona görə də şiə türkmən birliyi və bütün dövlətlərin İŞİD-ə qarşı mübarizə aparması vacibdir. Yoxsa, İŞİD həm Suriya, həm də İraq ərazisindəki türkmənləri, kürdləri tələf etməkdə davam edəcək”.
Politoloq Suriyadakı kürdlərin hazırki vəziyyətindən danışarkən onların İraq türkmənlərindən fərqləndiyini söyləyib: “PKK-nı çıxmaq şərtilə, İraqın şimalındakı kürdlərlə, İraq türkmənləri arasında əslində ortaq məxrəc tapılmışdı. Düzdür, kürdlər daha çox türkmən şəhərlərinə iddia edirdi, amma ortaq həyat sürürdülər və neftdən əldə olunan gəlirdən müəyyən qədər türkmələrə də pay çatırdı, hətta İraq kürdlərinin təşkil etdiyi parlamentdə türkmənlər də var idi. Suriyada isə vəziyyət bir az fərqlidir. Kürdlər artıq PKK-nın bir qolu kimi fəaliyyət göstərirlər və bu türkmənlər üçün gələcəkdə təhlükə yarada bilər”.
E.Şahinoğlu İraq türkmənlərinin vəziyyətinin yaxşılaşmasında Türkiyənin üzərinə böyük rol düşdüyünü vurğulayıb: “İŞİD-ə qarşı koalisiya formalaşacaqsa, burada Türkiyə də aktiv rol oynamalıdır, quru əməliyyatlarında iştirak etməlidir. Bu əzəli torpaqlarda rolunu artırmalıdır ki, türkmənlərin hüquqlarını Türkiyə qoruya bilsin. Əks halda Türkiyə kənarda qalsa, anti-İŞİD koalisiyasında Rusiya, qərb dövlətləri fəal olsa, onda yenidən kürdlərin həm Suriyada, həm də İraqda rollarının artmasından narahatlıq keçitməliyik. O zaman İraq türkmənləri daha da çox sıxışdırılacaq. Əsas odur ki, siyasi hüquqları artırılsın, parlamentdə daha çox təmsilci hüququ qazansınlar. Ondan sonra, neft payının bölüşdürülməsində İraq türkmənlərinin haqqı da tanına bilər ki, bu da sosial problemlərin həlli ilə nəticələnər”.
Şərhlər