Putini müharibəyə çəkənlər nə qazanacaq, nə itirəcək? - TƏHLİL

18.11.2015 17:45     A-reaksiya     2173

Misirdə qəzaya uğramış Rusiyaya aid A321 təyyarəsində partlayan bomba plastitdən hazırlanıb və saatlı mexanizmə malik olub.

Həmçinin, Rusiyanın xüsusi xidmətlərindən mətbuata sızan məlumata görə, bombanın təyyarəyə yerləşdirilməsində Şarm-əl-Şeyx aeroportunun əməkdaşlarının iştirak etdiyi güman olunur.

Aviaqəza məsələsində terror fərziyyələrinin real çıxması xəbəri rəsmi Moskvanın hiddəti ilə müşayiət olundu. İstər XİN başçısı Sergey Lavrov, istərsə də Vladimir Putin səviyyəsindəki sərt bəyanatlar Rusiyanın İŞİD-ə qarşı daha sərt addımlar atacağına dair yeni gözləntilərə səbəb oldu.

Təyyarənin terror aktı səbəbindən qəzaya uğraması fərziyyəsinin təsdiqi əslində gözlənilən idi, lakin  Putinin sərt bəyanatları daha çox diqqət çəkdi. Bundan sonra isə, “artıq Rusiya İŞİD-ə müharibə elan etdi” deyənlərin sayı daha da artdı.

Hətta Sentyabrın 30-dan bəri “Rusiya İŞİD-i yox, müxalifləri bombalayır” deyənlər belə, Moskvanın bu dəfə İŞİD-ə qarşı birmənalı və qətiyyətli hücuma keçəcəyinə şübhə etmir. Hazırda Rusiyadakı ictimai əhval-ruhiyyə də, 2001-ci il sentyabrın 11-dən sonra ABŞ-da yaranan əhval-ruhiyyəyə bənzəyir.

Rusiyanın Suriyadakı hava əməliyyatlarını “lazımsız məsrəf” adlandıran bəzi rusiyalı siyasətçilər belə, “cinayətkarların cəzalandırılmasını” tələb edirlər.

Terror aktı fərziyyəsi Rusiyanın ən az inanmaq istədiyi fərziyələrdən idi, belə ki, partlayışdan dərhal sonra ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrinin rəhbər şəxsləri bu hadisəni terror aktı kimi dəyərləndirdi, hətta əminliklə “bunu İŞİD törədib” deyənlər də oldu.

Rusiya rəsmiləri də öz növbəsində bildirmişdi ki, “hələ bunu heç kim deyə bilməz və Qərb bizi çaşdırmağa çalışır”.

Qərbin terror fərziyyələri nə qədər şübhə doğursa da, FSB rəhbəri Bortnikovun “xarici istehsal olan bomba izlərinə rast gəlinib” sözlərindən sonra, nəhayət ki, Rusiyanın “fakt qarşısında qaldığı” göründü. İŞİD də Rusiyanı təhdid etdi, lakin A321-lə bağlı “xilafət” tərəfindən bir etiraf açıqlamasına rast gəlinmədi.

Bu vəziyyət bir sıra sualları ortaya çıxardı: Bəlkə, bu “terror aktı” fərziyyəsi ilə Kremlin razılaşması və sərt addımlara keçməsi elə Qərbin istədiyi şey idi? Yox, əgər bu işi İŞİD görməyibsə, o zaman hansı terror təşkilatına qarşı mübarizə aparmaq lazımdır? Yaxşı, iki aya yaxındır Suriyada hər gün 4 milyon dollara yaxın “pul xərcləyən” Rusiya bundan sonra hansı addımlar atacaq?

Rusiya rəsmiləri açıqlama ilə tələsmədilər, lakin Putinin sərt bəyanatları istər İŞİD, istərsə də Qərb koalisiyası üçün “həyəcan siqnalı” oldu. Rusiyadan sonra Fransanın da terror zərbəsinə məruz qalması Parisi də regionda fəal oyunçu kimi ortaya çıxardı. Həmçinin Böyük Britaniyanın da hava zərbələrini artırması və 44 il fasilədən sonra Körfəz bölgəsində - Bəhreyndə hərbi dəniz bazası qurmağa başlaması regionun daha qaynaq bir müharibə ocağına çevriləcəyindən xəbər verir.

Bu, həm regionun, həm də Suriyanın köhə ağası Fransa ilə müstəqillik illərindən bəri Dəməşqdə söz sahibi olan Rusiyanın konfrontasiyasına yox, “ortaq faciə üzərində birləşməsinə” də səbəb ola bilər.

Əlbəttə ki, Rusiyanın istər Fransa, istərsə də Aİ ilə konfrontasiyası həmişə olub, lakin terror amili bir müddətlik də olsa, bu oyunçuları yaxınlaşdıra bilər.

Rusiyalı ekspertlər də bildirir ki, 2  aya yaxın davam edən əməliyyatlar müddətində ilk dəfə noyabrın 16-da Rusiyanın müharibəyə başladığı hiss olundu.

Məlumatlar yayılır ki, Rusiya, Fransa və ABŞ “İslam dövləti” ilə mübarizədə adi danışıqlar çərçivəsindən kənara çıxıb və “böyük koalisiya” halında hərəkət etməyə başlayırlar.

ABŞ prezidenti Barak Obama deyib: "Əgər Rusiya özünün Suriyadakı strategiyasın dəyişsə, Moskvanın hərbi kampaniyasını genişləndirməsində Vaşinqtondan da dəstək görəcək". 

Bundan başqa, Fransua Olland da rusiyalı həmkarına zəng edərək, birgə planları müzakirə edib və gələn həftə Moskva və Vaşinqtona ehtimal olunan səfərləri barədə məlumat verib.

Ollandın yeni, böyük bir alyans məqsədi ilə bu səfərləri reallaşdıracağı gözlənilir. Artıq Qərb Rusiyaya "əl uzadır" və "döyüşürsənsə, gəl birlikdə döyüşək" deyir. 

Beləliklə, Putin bir müddət müxalifləri də unudaraq, bütün diqqətini İŞİD-ə yönəldəcək. Lakin Qərb bu dəfə də narazılıq edəcəkmi, görəsən?

Çünki İŞİD-i məhv edən gücün regiondakı nüfuzu yüksələcək, “qənimət” o dövlətə çatacaq.

Lakin fakt da odur ki, Suriyada bir yox, onlarla silahlı qruplaşma var. Putin təkbaşına onlarla qruplaşma, dolayısı yolla isə bir neçə dövlətlə müharibə aparmalı olacaq.

Beş il əvvəl Suriyanı İŞİD kimi bir təhdidlə birgə təsəvvür etmək mümkün deyildi, lakin indi Suriyanı da İŞİD-siz təsəvvür etmək xeyli çətinləşib.

Ən maraqlısı odur ki, Rusiyanı bu cür müharibəyə kim çəkir? Əgər Moskva heç nə qazanmayacaqsa, qarşı tərəfin qazancları nədən ibarətdir?

Görünür ki, 1980-ci illərdəki Əfqanıstan sindromu öz mahiyyəti ilə geri qayıdır. Rusiya bütün düşmənlərini məhv etmədən Suriyada çıxmayacaq. Çıxa bilməyəcək...

Yox, əgər Putin öz soyuqqanlılığını və strateqliyini lazımınca göstərə bilsə, yəni, prosesərdən qalib olaraq çıxsa... Qərb bütün regionu itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Rusiyanın bölgədən çıxması isə ... Artıq mövzu ola bilməz.

Şərhlər

Çox oxunanlar