Qafqazda terror təhdidləri - TƏHLİL
19.11.2015 14:38 A-reaksiya 2747
XX əsrin sonlarına qədər terrorizmin fəaliyyət mexanizmi araşdırılarkən, sanki ləng hərəkət etdiyi, terror təşkilatlarının fəaliyyət sahəsi məhdud olduğu müşahidə edilsə də, bu gün terrorizm coğrafiyasını və sərhədlərini olduqca tez genişləndirir və yaxud dəyişir.
Bunu son 2-3 ildə Yaxın Şərqdə yaşanan hadisələrin nümunəsində görmək mümkündür. Dünya iki qütblü sistemlə idarə olunanda supergüclər nüvə silahlarına və müasir silahlara sahib olsalar da, qarşı qütblər bir-birini tarazlaya bilirdi. Bu gün dünyanın ən böyük dövlətləri belə terrordan sığortalanmayıb.
2011-ci il 11 sentyabrda ABŞ-da, bu il isə 31 oktyabrda Rusiya və 13 noyabrda Fransa nümunəsində gördük. Təəssüflər olsun ki, bu qədər insan tələfatı ilə nəticələnən terror aktları da, adı keçən dövlətləri terrora qarşı mübarizədə ortaq məxrəcə gətirə bilmir. Terrorizmin mərkəzi Yaxın Şərq coğrafiyası kimi görünsə də, əslində bunun səbəblərini daha geniş coğrafiyada hətta başqa qitələrdə axtarmaq lazımdır.
Böyük dövlətlər səbəblərdən daha çox nəticələr üzərindən terrorizmə qarşı mübarizə aparmağa çalışır və məncə bu yanlış strategiyadır. Bu baxımdan beynəlxalq aləmdə son 20 ildir terrorizmə qarşı mübarizədə ciddi nəticələrin əldə edilməməsi xüsusilə diqqəti çəkir. Yaxın Şərqdə bəzi böyük dövlətlərin dəstəyi ilə pöhrələnən terrorizm digər bölgələrə də yayılır və istər Şimali, istərsə də, Cənubi Qafqaz coğrafiyasında son 20 ildə yaşanan hadisələr terrorun bu coğrafiyaya sıçramasına münbit şərait yaranır. Bu mənada Şimali Qafqazda “Qafqaz imarəti” kimi radikal qrupların yenidən fəallaşması və aktiv fəaliyyət fazasına keçmə ehtimalı olduqca yüksəkdir.
Bildiyimiz kimi? bu qrup keçdiyimiz günlərdə İŞİD-ə itaət andı içib. Şimali və Cənubi Qafqazdakı terrorist qruplaşmaların canlanmasında İŞİD-in xüsusilə virtual aləmdə təbliğatının genişlənməsi və eyni zamanda təxminən üç ilə yaxındır ki, beynəlxalq koalisiyanın mübarizəsinə qarşı qoya bilmə amili böyük rol oynayır. Əslində İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın nə qədər effektli iş gördüyü və mübarizə apardığı da şübhəlidir. Ciddi mübarizə aparılsaydı, İŞİD-in son illərdə güclənməsi yerinə zəifləməsi gərəkməzmiydi?
Rusiya bir neçə il Yaxın Şərqdəki bu xaotik vəziyyətə ciddi müdaxilə etmədi. Bəşər Əsəd rejiminin çökəcəyi təhlükəsi ortaya çıxdıqdan sonra Əsəd Rusiya ziyarətində rəsmən bu ölkədən kömək tələb etdi. Rusiya son illərdə müxtəlif terror qurplaşmalarını nəzarətdə saxlayaraq ölkə daxilində təhlükəsizlik mühitini qorusa da, böyük bir ehtimalla bunun nəticələrinin nə olacağını əvvəlcədən təxmin edərək yenə də, Əsədin kömək tələbini qəbul etdi.
Suriya ərazisindəki İŞİD və müxalif silahlı birləşmələrə qarşı hərbi əməliyyatlara başladı. Rusiya bunun neqativ mənada nəticəsini çox tez gördü və Rusiya rəsmiləri Misirdən Sankt-Peterburqa uçan sərnişin təyyarəsinin terror aktı nəticəsində düşürüldüyünü rəsmən etiraf etdi.
Əlbəttə, Rusiyanın Əsədi dəstəkləyərək İŞİD və müxalif silahlı birləşmələrə qarşı mübarizəyə başlamasından sadəcə terror təşkilatları deyil, bölgədə, xüsusən Suriyada Əsəd rejiminin güclənməsinin milli təhlükəsizlik maraqlarını zədələdiklərini düşünən dövlətlər də bundan məmnun olmadı.
Rusiya sərnişin təyyarəsinin terror aktı nəticəsində düşürülməsinin məsuliyyəti hüquqi baxımdan İŞİD-in üzərinə düşürsə, siyasi baxımdan bu məsuliyyət Əsəd rejiminin möhkəmlnməsindən narahat olan və beynəlxalq terrorizmə qarşı səmərəli mübarizə aparmaq istəməyən dövlətlərin üzərinə düşür.
Yaxın Şərqdə yaşanan son hadisələr analiz edildiyində qısa və yaxın gələcəkdə böyük dövlətlərin beynəlxalq terrorizmə qarşı ortaq mübarizə meydanında bir araya gələcəkləri ehtimalının zəif olduğunu görürük. Fransada törədilən terror aktından sonra ortaq məxrəcə gəlmək yönündə siyasi iradə ortaya qoyulsa da, bu mübarizənin hansı taktika və strategiyaya çərçivəsində aparacaqları haqqında razılığa gəlmələri müşkül məsələ kimi görünür.
Böyük dövlətlərin terrora qarşı mübarizəni ortaq təhlükəsizlik prinsipindən ələ almamaları, informasiya mübadiləsi etməmələri, başqa dövlətlərə qarşı törədilən terror aktlarına səssiz qalıb, özlərinə qarşı törədilən terror aktları zamanı “bir qaşıq suda tufan” qoparmaları onların səmimiyyətini ciddi şəkildə şübhəyə alır. Hətta bu böyük dövlətlərin Yaxın Şərqdəki terror təşkilatlarına öz mənafeləri çərçivəsində müxtəlif vasitələrlə dəstək vermələri də bilinməkdədir.
Belə ki, Azərbaycan Prezidenti Əlham Əliyev keçdiyimiz günlərdə Antalyada G20 Zirvəsindəki çıxışında Azərbaycanın qarşılaşdığı terror problemini dilə gətirmiş, Rusiya Prezidenti Vladimir Putin isə G20-yə üzv olan dövlətlərin belə terrorizmə dəstək verdiyini bildirmişdir. Bölgədə son 25 ildə terrorizmdən ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır.
Ermənistan dövləti rəsmən Azərbaycana qarşı terror aktları həyata keçirir, Azərbaycanın terrorizmə qarşı mübarizə çağrığına dəstək verən yoxdur. Bu ayrı seçkilik davam etdiyi müddətdə nəinki Azərbaycanın, heç böyük dövlətlərin də terrorizmə qarşı mübarizəsində uğurlu nəticələr əldə edəcəklərini gözləmək mümkün deyildir. Dünyanın böyük dövlətləri beynəlxalq terrorizmə mübarizədə birlikdə hərəkət etmədikləri müddətdə, terrorizm nəinki zəifləyəcək, əksinə daha da güclənəcək və coğrafiyasını genişləndirəcək.
Hatəm Cabbarlı
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru
Şərhlər