Türkiyə-Rusiya münaqişəsində Azərbaycanın yeri - TƏHLİL

25.11.2015 11:50     A-reaksiya     2585

Ötən-gün Türkiyə-Suriya sərhədində Rusiyanın Su-24 təyyarəsinin Türkiyənin F-16 qırıcısı tərəfindən vurulması ciddi naraharlıq yaradıb.

Moskva və Ankara arasında yaranan gərginliyin bundan sonra hansı səviyyədə artacağı, Azərbaycana hansı təsirlər göstərəcəyi sual doğurur.

Bu məsələ ilə bağlı Reaksiya.az-a danışan politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, yaşanan hadisənin ciddi qarşıdurmaya çevrilmə ehtimalı çox deyil.

“Yaşanan hadisə Rusiya və Türkiyə münasibətlərində soyuqluğu daha da artıracaq. Artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfərini təxirə salıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də ikitərəfli əlaqələri müzakirə etmək üçün Moskvaya gedəcəkdi, yəqin ki, bu səfər də təxirə salınacaq. Əlbəttə, münasibətlərdə gərginlik olacaq, amma bunun ciddi qarşıdurmaya çevriləcəyini zənn etmirəm. Çünki iki ölkə əməkdaşlıqda maraqlıdır. Rusiya Türkiyəyə qaz satır, Türkiyə də bundan gəlir əldə edir”, - deyə politoloq qeyd edib.

O, belə hesab edir ki, iki ölkə arasındakı münasibətlərin gərginləşməsi Azərbaycanın maraqlarına ziddir.

“Rusiya sərt addımlar atarsa, vəziyyəti daha da gərginləşdirəcək. Bu baxımdan Azərbaycan üçün də müəyyən çətinlik yaranacaq. Çünki Türkiyə Azərbaycanın əzəli müttəfiqidir, Rusiya ilə də normal əlaqələr yaradılması üçün səy göstərilir. İki dövlət arasında gərginlik yaranması Azərbaycanin maraqlarına cavab vermir. Ermənistan da bu gərginlikdən öz məqsədləri üçün istifadə edə bilər. Təyyarənin vuruluması ilə bağlı ortaq komissiya da yaradılması ehtimalı var, bu, münasibətlərin gərginləşməməsində mühüm rol oyanaya bilər”, - deyə "Atlas" rəhbəri əlavə edib.

Şərhlər

Çox oxunanlar