“Seçkilərə qədər Sarqsyanı devirə bilərlər” - PROQNOZ

23.06.2015 19:20     A-reaksiya     2348

Elxan Şahinoğlu: “Ermənistanın hazırkı hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addım atmağa qadir deyil"

“Ermənistanda Qərbi dəstəkləyən qüvvələrin hakimiyyətə gəlməməsi naminə, Rusiya öz siyasi və hərbi gücünü işə sala bilər”

Bunu Reaksiya.Az-a açıqlamasında politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, hazırda Ermənistandakı siyasi mühit gərgindir və ölkənin iqtsadi durumunun pisləşməsi xalqın etiraz dalğasının güclənməsinə şərait yaradacaq: “Serj Sarqsyan dövründə Ermənistan nəinki iqtisadi problemləri həll edə bilmədi, hətta ölkənin iqtisadi çətinlikləri daha da dərinləşdi. Əksər fabrik və zavodlar su qiymətinə Rusiyaya satılıb, Rusiya isə bu müəssisələri işlətməkdə maraqlı deyil. İşsizlik və əhalinin maliyyə durumunun pisləşməsi bir yandan, elektrik enerjisinin qiymətlərindəki artım sadə insanları qəzəbləndirdi. Dünənki hadisələrdə müxalifət yox idi, insanlar spontan şəkildə küçələrə axışmışdı. Hazırda Rusiya da, Qərb də durumu kənardan izləyir. Lakin Ermənistanda proseslərin gərginləşməsi şəraitində Rusiya Sarqsyanı dəsəkləməkdən əl çəkib, ona qarşı etirazları da dəstəkləyə bilər. Hələlik Rusiya Ermənistanın daxili işlərinə qarışmır, Sarqsyan da vəziyyəti polis gücünə nəzarətdə saxlayır. Lakin vəziyyət belə çox davam etməyəcək. Köçəryan da hələ kənardadır, lakin o da yenidən səhnəyə gətirilə bilər. Sarqsyanın 2018-ci ildə gözlənilən seçkilərə qədər devrilməsi ehtimalı da güclüdür. Ermənistanda Qərbi dəstəkləyən qüvvələrin hakimiyyətə gəlməməsi naminə, Rusiya öz siyasi və hərbi gücünü işə sala bilər”.

Avropanın maraqlarına gəldikdə isə Elxan Şahinoğlu qeyd edib ki, hazırda Avropa İttifaqının Yunanıstan kimi problemi var, heç ən yaxın müttəfiqlərdən sayılan Ukraynaya da kömək edə bilmir: “Aİ-nin başı öz işlərinə qarışıb, Ermənistanı himayə edəcək, arxa duracaq halda deyil. Qərb də Ermənistanın Rusiya təsirindən çıxmasını istəyir, lakin ölkədəki proseslərə müdaxilə etmək imkanları böyük deyil”.

Politoloqun fikrincə, sentyabrda gözlənilən Azərbaycan və Ermənistan prezidentləri arasındakı görüş də bir neçə ay təxirə salına bilər: “Ölkədəki narazılıqların fonunda Sarqsyan konkret addım atmaqdan çəkinəcək. Danışıqlarda son təşəbbüsü Levon Ter-Petrosyan prezident olarkən göstərmişdi, onu da devirdilər. Ermənistanın hazırkı hakimiyyəti Dağlıq Qarabağ danışıqlarında hər hansısa dəyişikliyə gətirən, ciddi addım atmağa qadir deyil”.

 

Şərhlər