Putin öz “satrap”ına nə deyəcək? - TƏHLİL

24.06.2015 02:38     A-reaksiya     4182

 Ermənistandakı olayların ardından hamının gözü Moskvaya yönəldi. Görəsən, Kremldə bu işə nə deyəcəklər?... Əlbəttə ki, əgər Ermənistan suveren dövlət olsaydı, dünya mətbuatı da, ekspertlər də öz təhlil obyektləri kimi məhz İrəvanı, Ermənistanın siyasi dairələrini seçərdilər.

Amma məsələ aydındır – əgər rejimə etiraz edən ermənilər də öz prezidentlərini “satrap” (yəni, canişin) deyə çağırırsa, onunla görüşməkdən belə imtina edirsə, bu proseslərin yekun sözü Rusiya prezidenti Vladimir Putində olmalıdır. Ermənistanda baş verənlər bir günün, bir həftənin, bir ayın söhbəti deyil.

Əvvəlcə ermənilərin milli hislərindən istifadə edib Ermənistan xalqını Azərbaycanla müharibəyə sürükləyən, sonrakı illərdə isə davamlı şəkildə “baxın, biz olmasaq, Azərbaycan və Türkiyə sizi qırar” kimi qorxu ilə yaşadıb boyun əydirən Qarabağ klanı bu dəfə vəziyyətdən çıxmağa yeni yollar axtarmağa məcburdur.

Aprel ayında uydurma “erməni soyqırımı”nın 100-cü ildönümündə eyforiyaya girən, beynəlxalq mətbuatda Türkiyə və Azərbaycanı ittiham edən, erməni xalqının bütün bəlalarında, özünün və komandasının fərsizliyində belə türkləri günahlandıran Sarqsyan cəmi 2 ayın içində fiaskoya uğradı. Çünki ermənilər də insandır. Onlar da insan kimi yaşamaq istəyə bilər...

Ermənilərin normal insan kimi yaşamasını, onların “tarixi düşmən” elan etdikləri azərbaycanlılar da çox istəyir. Hətta, ermənilərin özündən də çox. Ən azından, əgər Ermənistanda xalq insan kimi yaşasa-yaşadılsa, qonşu xalqlar da vəhşiliklərdən, vandalizmdən, quldurluq və hərislikdən sığortalanmış olar. Bəzən forumlarda və sosial şəbəkələrdə xəmiri türkə düşmənliklə yoğrulmuş, Sarqsyan rejimin təbliğatından əlli-ayaqlı kin tuluğuna dönən erməni gəncləri bizə qarşı belə atmacalar yazmaqla təsəlli tapır: “Gedin Monqolustana, bananınızı yeyin”.

Türklərin hara gedib-getməyəcəyi başqa məsələdir, başqa millətə qarşı şovinizm göstərmək də ayrı məsələ... Amma erməni gənclərinin Monqolustanda banan yetişmədiyini bilməməsi... Bu, əsl faciədir! Ermənistan dövləti və erməni-qriqoryan kilsəsi öz xalqına kin-küdurət yerinə elm-savad vermiş olsaydı, bu gün o millətin gəncləri hər mübahisədə o cür məntiqsiz atmacalardan təsəlli duymazdılar...

Əgər türkə düşmənlik bəsləyən sıravi bir erməni bu gün ölkəsindəki böhrandan, Rusiya ağalığından, iqtisadiyyatın çökməsindən gileylənirsə, bunun günahını ilk növbədə özündə axtarmalıdır. Əgər ermənilər “Böyük Hayestan” xülyasına düşməsəydi, gah Türkiyəyə, gah da Azərbaycana qarşı “qan davası” aparmasaydı, indi bu dövlət Rusiyanın əlində alətə çevrilməzdi.

Putin aprel ayında “soyqırım”dan danışdı. Hamıya gün kimi məlumdur ki, bu, Gümrüdə bir ailənin qətlindən sonra güclənən anti-rus əhvalı sakitləşdirmək üçün atılan addım idi. Və o da məlumdur ki, Rusiya Ermənistanı himayədə saxlasa da, Azərbaycanı da özünə düşmən etmək istəmir. Vaxtaşırı Azərbaycanda da anti-Rusiya əhval-ruhiyyəsinə doğru bir işartılar görünəndə, Moskva öz elçilərini Bakıya göndərir, Rusiya-Azərbaycan dostluğu yenidən gündəmə gəlir. Bu gün Azərbaycana ən çox silah-sursat satan ölkə də Rusiyadır.

Təbii ki, bu silahların əvəzində Azərbaycan Rusiyaya pul ödəyir. Neft layihələrindən əldə olunan pullar. Amma Azərbaycan bu pulu da “diş-dırnaq” qazanır, çünki beynəlxalq layihələrin gerçəkləşməsi yolunda həmişə Rusiyanın narazılığı, narahatlığı gündəmə gəlir... Azərbaycanın silahlanması Rusiyanın da maraqlarına cavab verir. Çünki Ermənistan xalqı bununla Rusiyaya daha çox bağlanır, daha çox asılı vəziyyətə düşür. Sevgi ilə qorxu arasında qalan narazı ermənilər avtomatik olaraq “qorxu”nu seçir. Rusiyadan nə qədər narazı olsalar da, Moskvanın son sözü qanun qüvvəsi daşıyır. Bəs Putin nə deyəcək? Ermənistan xalqını sakitliyə çağıracaq, yoxsa, Sarqsyanın qulağını buracaq...

Əlbəttə ki, Ermənistanda iğtişaşların davam etməsi Kremlin maraqları xaricindədir. Sadə xalqın başını qatmaq, xırda güzəştlərlə ovundurmaq lazımdır...Çünki irəlidə daha vacib işlər var. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəfləri ortaq məxrəcə gətirmək, daha konkret desək, bir neçə rayonun Azərbaycana qaytarılmasına nail olmaq.

Bu, Rusiyanın da maraqlarındandır. Hətta bunu özləri hiss etməsələr belə, Rusiyanın hakim dairələri belə bir başlanğıcla Azərbaycan xalqının da rəğbətini qazanmış olacaq. Münaqişədəki yumşalma Türkiyənin Ermənistana münasibətini də yumşaldacaq və Rusiya öz forpostunu "dolandırmaq" üçün əlavə başağrılardan xilas olacaq.

Ermənistan isə lap Rusiyadan küssə də, bir rayona, bir kəndə də razılaşmasa belə... heç hara gedə bilməyəcək. Yunanıstana “gün ağlaya”bilməyən Avropa İttifaqı Ermənistanamı sahib çıxacaqmı? Halbuki, Yunanıstanda olan iqtisadi potensialın, turizm şəraitinin bir faizi də Ermənistanda yoxdur. Azərbaycanın Rusiya ilə necə yaxınlaşmasına gəldikdə isə: Düzdür, 20 Yanvar faciəsi unudulmayıb və unudulmayacaq...

Çünki o qətliamın əmri Moskvadan verilib, dövlətin adı, rəhbəri və quruluşu dəyişsə də, paytaxt şəhər və əmr verilən saray (Kreml) dəyişməyib. Bu Moskva və Kreml amilləri hər zaman xalqımızın altşüurunda qalacaq... Amma münasibətlərin yaxşılaşması heç də pis olmazdı. Şimal qonşusu ilə bərabər tərəfdaşlıq Azərbaycan üçün də uduş olar. Ən azından Moskva da, Bakı da növbəti səhvlərdən uzaqda qalar.

 

Rüfət Əhmədzadə

Reaksiya.Az

Şərhlər