Nardaran: Radikal islamçıların növbəti fiaskosu

27.11.2015 00:22     A-reaksiya     2601

Nardaran böyük-kiçik yeri bilinən, ağsaqqala, ağbirçəyə hörmət edilən, hər məsələdə ağsaqqal sözünün keçdiyi, əməlisaleh, mömin insanların yaşadığı kənddir.

Bəs bu gün nə baş verdi? O baş verdi ki, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, guya şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə yaradılan "Müsəlman birliyi" adlı hərəkatın qulbeçələri "rəhbər"ləri Taleh Bağırovu tutmaq istəyən polis əməkdaşlarına qarşı silaha əl atdılar. Bəli, məhz silah!

Əvvəlcə rəsmi məlumatlara göz gəzdirək: "Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır".

Sual yaranır: dindarların adından danışan, guya dindarların hüquqlarını (Azərbaycandakı hansı dindarın hüququ pozulub ki?) qoruyan, hətta özlərini dindar, mömin adlandıran radikal şəxslər silah-sursatı haradan tapdılar? Nardarana bir belə silah-sursat necə və hansı yolla keçdi? Hansısa başqa ölkənin maraqlarına xidmət edərək öz məqsədlərini həyata keçirmək üçün din adından istifadə edən həmin marionetkaların silahlanması niyə məhz polis əməliyyatı zamanı məlum oldu? Və yaxşı ki, məlum oldu.

Deməli, Azərbaycan polisi bir qədər də geciksəydi, daha böyük qarşıdurma yarana bilərdi və hətta bu, qaçılmaz olacaqdı...

Adını "birlik" qoyub, əslində cəmiyyətdə dağıdıcılıqla məşğul olan bu radikal qruplaşma üzvlərinin noyabrın 5-də Bakıxanov qəsəbəsində Sabunçu rayon Polis İdarəsi qarşısında aksiya keçirməyə cəhd etməsi ciddi siqnal idi. Əgər onlar "sədrlərinin müavini" hesab etdikləri Elçin Qasımov adlı şəxsi müdafiə etmək üçün polislə qarşıdurmaya girdilərsə, deməli, "lider"lərini polisə verməmək üçün də mübarizə aparacaqdılar. Və təbii ki, ən güclü mübarizə silahlanmaqdır. Ortaya yenə də eyni sual çıxır: bu qulbeçələr silah-sursatı haradan əldə etdilər?

Din pərdəsi altında fəaliyyət göstərən, özünü “Müsəlman birliyi" adlandıran bu radikal qruplaşma üzvlərinin hansısa xarici ölkədən və ya təşkilatdan maddi dəstək aldığı gün kimi aydındır.

Başqa bir sual da yaranır: bu əbləhlər kiçik bir qəsəbəyə sığınaraq bir neçə silah-sursat toplamaqla çevrilişmi etmək istəyirdilər? Onlara belə "cəsarət"i verən nədir? Onları kim aldatdı ki, Azərbaycan dövləti 5-10 təxribatçının əlində çarəsiz qalacaq qədər acizdir?

Baş verənlər bir daha Azərbaycan polisinə inamı artırdı. Azərbaycan polisi, ümumilikdə hüquq-mühafizə orqanları istənilən təhlükənin, təxribatın, hətta terror aktının qarşısını almaq iqtidarındadır! Bəli, Nardarandakı təxribatı terror aktı da adlandırmaq olar.

Gün kimi aydın olan digər məsələ isə budur ki, Nardaran əhli həmin təxribatçıları vaxtında tanımayıb və əlbəttə, Nardaran sakinləri baş verənlərin əleyhinədir. Çünki Nardaran böyük-kiçik yeri bilinən, ağsaqqala, ağbirçəyə hörmət edilən, hər məsələdə ağsaqqal sözünün keçdiyi, əməlisaleh, mömin insanların yaşadığı kənddir...

Şərhlər

Çox oxunanlar