Gərginləşən Türkiyə-Rusiya münasibətləri və Azərbaycan - TƏHLİL
28.11.2015 13:11 A-reaksiya 3412
Son günlər məlum olduğu kimi Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması olayında Türkiyə ilə Rusiya münasibətləri, sonucun nə ilə nəticələnə biləcəyi və baş verən hadisələr fonunda Azərbaycanın yeri, mövqeyi və perspektivi mətbuatımızda əsas mövzuya çevrilib.
Hadisə necə baş verdi?
Mətbuatdan bildiyimiz kimi noyabrın ayının 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vuruldu.
Vurulan təyyarədə olan hər iki pilot paraşütlə tullana bilib. Pilotlardan birinin Suriya ərazisində öldürüldüyü deyilsə də, digər pilotun sağ olduğu söylənir. Hadisə baş verən gün Rusiya Müdafiə Nazirliyi açıqlama yayaraq vurulan təyyarənin sərhədi keçmədiyini bildirib. Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada belə deyilir: “Su-24 təyyarəmiz Suriya üzərində vuruldu. Hava sahəsi pozulmamışdı, bütün uçuşlar Suriya torpaqlarında oldu. Təyyarənin düşməsinə səbəb açılan atəş olub”. Bu açıqlamadan sonra CNN-in yazdığına görə, Rusiyanın dövlət başçısı Vladimir Putin Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.
Türkiyə Silahlı Qüvvələri isə açıqlamasında rus təyyarələrinə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bəyan edib.
Rusiya Türkiyəni təhdid etməyə başladı
Bu günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri gözlənilirdi. Lakin məlum hadisədən sonra planlaşdırılan bu səfər təxirə salındı. Lavrov bununla da kifayətlənməyib Rusiya vətəndaşlarını Türkiyəyə səfər etməməyə çağırdı. Onun sözlərinə görə, Türkiyə terror təhlükəsi baxımından Misirdən daha etibarlı yer deyil.
Əslində bu bəyanatın arxasında təhdid, Türkiyədə terror aktlarının törədiləcəyi və bu ölkənin Misirin gününə salınacağı ilə bağlı hədə vardı.
Rusiya prezidenti Vladimir Putin isə bu olayı “arxadan bıçaqlanmaq” kimi dəyərləndirdi. Üstəlik rus təyyarəsinin Suriya ərazisində vurulduğunu və bunun Türkiyənin rus təyyarəsini vurmaqla bağlı qərarını “sağlam düşüncəyə və beynəlxalq qanuna zidd” addım olduğunu dilə gətirdi.
Beləliklə, bölgədə olduqca gərgin anlar yaşanmağa başladı.
Rusiyadan fərqli olaraqTürkiyə tərəfi, özəlliklə Ərdoğan məsələyə bir qədər soyuqqanlı münasibət sərgilədi. O, son çıxışlarının birində belə dedi:
“Biz hadisələr başlayandan bəri çox çalışdıq ki, kimsə ölməsin. Rusiyanın açıqlamalarını kədərlə izləyirik. Rusiya bizim strateji tərəfdaşımızdır. Bölgədə yeni qarşıdurmaların baş verməsini istəmirik. Lakin sərhədlərimiz yenə pozulsa, eyni qarşılığı verərik”.
Bundan başqa Ərdoğan təyyarə olayının dövlət və millət maraqları naminə deyil, Ərdoğanın şəxsi maraqları naminə, özəl biznesinə ciddi ziyan dəydiyi üçün vurdulduğunu deyənlərə də cavab ünvanladı:
“Yaxın Şərq başqaları üçün bataqlıq ola bilər. Lakin ora min illik parçamızdır. İŞİD-dən istifadə edərək, Yaxın Şərqin xəritəsini yenidən dizayn etmək istəyənlərin gerçək üzünü gördük. Türkiyədən başqa ciddi şəkildə İŞİD-lə mübarizə aparan ölkə yoxdur. İŞİD-dən ən çox zərər görən bizik. Türkiyə İŞİD-dən neft alır deyənlərə haram olsun. Türkiyənin neft-qazını aldığı yer bəllidir. İŞİD-in çıxardığı nefti Bəşər Əsəd satır. İŞİD-in ən böyük dəstəkçisi Əsəddir”.
Rusiya prezidenti Vladimir Putininin itirdikləri və itirəbiləcəkləri və ya Putini qəzəblən nədir?
Vladimir Putin və eləcə də Rusiya üçün təyyarənin vurulması əslində çox kiçik itkidir. Onu bu qədər qəzəbləndirən şey nüfuzuna və imicinə dəyən zərbə oldu. Son dönəmdə Rusiyaya iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Putin xalq arasında öz nüfuzunu qoruyub saxlaya bilmişdi. Üstəlik sərt və gözlənilməz addımları ilə dünyaya meydan oxuması, minimum itki ilə Krımı ələ keçirərək çox mühüm strateji bölgəyə sahib olması və sair bu kimi addımlar onun siyasi lider və məğlubedilməz sərkərdə obrazını formalaşdırmışdı. Rusiya təyyarəsinin vurulması həm də Putinin sinəsindən vurulan yumruq effekti verdi. Bu isə cəmiyyətdə və beynəlxalq arenada onun nüfuzuna böyük zərbə vurdu. Obrazlı desək, Putin mifi çat verdi. Bəlli ki, Vladimir Putin hörmətinə və nüfuzuna vurulan bu zərbəni cavabsız qoymamağa və liderlik imicini qoruyub-saxlamağa çalışacaq. Lakin bu, bəzilərinin düşündükləri kimi elə də asan olmayacaq. Əvvəla Rusiyanın başı kifayət qədər böyük dərddədir. Ukrayna ilə münasibətlər kifayət qədər gərgin olaraq qalır, üstəlik Avropa ilə iqtisadi sorunlarını həll etməyib.
Daha incə məqam ondan ibarətdir ki, Rusiyanın tərkibində kifayət qədər türksoylu toplumlar yaşayır həm də Türkiyəni özünə arxa-dayaq hesab edən qonşu türk dilli dövlətlərin Rusiya-Türkiyə münasibətlərinin kəskinləşəcəyi təqdirdə Rusiyada daxili nizamsızlığın meydana çıxa biləcəyini istisna etmək olmaz. Fikrimcə, Rusiya Türkiyə ilə münasibətlərində yaratmaq istədiyi iqtisadi birliyin iflasa uğraması ilə nəticələnəcəyini də hesaba alır və almalıdır da. Bir mühüm cəhəti unutmaq olmaz ki, Rusiya tərkibində türk dilli xalqların kifayət qədər muxtar respublikaları var və hadisələrin müəyyən qədər yumşaq sonuclanması Rusiya üçün də məqsədə müvafiqdir.
Türkiyə nə itirə bilər?
İqtisadçı ekspertlərin açıqlamasına görə Rusiya Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab edilir. Daha aydın olmaq üçün deyək ki, ötən il 4 milyon 480 min rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına verdiyi fayda 4 milyard dollardan çox olub. Müqayisə üçün bildirək ki, ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34.3 milyard dollar olub. Deməli, rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu da heç də kiçik rəqəm deyil. Türkiyənin dövlət büdcəsinin yarısının turizmdən gələn gəlirlər hesabına formalaşdığını və bu gəlirlərin xeyli hissəsinin Rusiyadan gələn turistlər hesabına təmin olunduğunu nəzərə alsaq, Türkiyə-Rusiya münasibətlərinin kəskin pisləşəcəyi təqdirdə Türkiyənin itirəcəklərini təsəvvür etmək çətin deyil. Bundan başqa Rusiyadan Türkiyəyə ixrac rəqəmi əhməyyətli dərəcədə böyükdür. Belə ki, ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milyard dollar olub. Rusiyanın ixracının məbləğinin çox olması Türkiyənin eneji resurslarına tələbin ödənilməsində Rusiyanın dominant mövqeyi ilə bağlıdır. Belə ki, Rusiyadan ildə 28 milyard kub metr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan alır. Bütün bunlar Türkiyə-Rusiya münasibətlərinə yenidən baxmağı tələb edir.
Çıxış yolu nədir?
Əlbəttə, çox istərdik ki, belə bir hadisə yaşanmayaydı. Rusiya Türkiyəyə qarşı dəfələrlə sayğısızlıq etməyəsəydi qarşılıqlı anlaşma olsaydı vəziyyət bu həddə çatmazdı.
Son dönəm Rusiya Türkiyəyə qarşı dünyanın gözü qarşısında açıq-aydın dəfələrlə sayğısızlıq etdi, bir neçə dəfə sərhədini pozdu. Türkiyə Rusiya ilə münasibətləri pozmamaq üçün Rusiya Xarici İşlər Nazirliyinə 3 dəfə nota verdi. Bu notaların ikisi sərhəd pozulması, biri türkmənlərin qırğını ilə bağlı idi. Əvəzində Rusiya heç bir reaksiya vermədi və nəticədə məlum olay baş verdi. Həm Rusiyanın sayğısılığı və həm də Türkiyənin sərt reaksiyası olmamalı idi. Lakin necə deyərlər, artıq olan olub, keçən keçib.
Yara isti olduğu üçün Rusiya tərəfdən daha çox gərgin və qızışdırıcı bəyanatlar eşidilməkdədi. Hələ ki, məsələni soyuq başla analiz edənlərin çıxışları azlıq təşkil edir. Lakin güman ki, bir müddət sonra soyuq başla qərar verə biləcək adamların təklifləri dinləniləcək. Gərginliyin davam etməsi nəticədə müharibəyə çevrilə bilər ki, bu da milyonlarla itki deməkdir. Üstəlik son zamanlar Avropa ilə münasibətləri gərginləşəndən sonra Rusiyanın Türkiyə ilə əlaqələrinin tarixdə ən yüksək səviyyədə olduğu bir zamanda gərginliyin meydana gəlməsi əsla arzuolunmazdır. Nəzərə alsaq ki, yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyarda yüksələcəyi planlaşdırılırdı, o zaman barışın əldə olunmasının nə qədər əhəmiyyətli ola biləcəyi məlum olur. Ən azından gələcəkdə iki dövlət arasında münasibətlərin normallaşacağına ümid edirik. Azərbaycan olaraq bizim üçün ən sərfəli olan da budur.
Dünən Latviyanın paytaxtı Riqada səfərdə olan NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Filip Bridlavın haqqında danışdığımız mövzu ilə bağlı bu gün Riqada söylədikləri bu ümidləri bir qədər də artırır: Filip Bridlav belə deyib:
“Gərginləşmiş vəziyyəti yumşaltmaq əzmindəyik. Heç kim hər hansı formada vəziyyətin mürəkkəbləşməsini arzulamır. Hazırda bu istiqamətdə səylər davam etdirilir”.
Azərbaycan nə etməlidir?
Sözsüz ki, bizim ölkəmiz Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsini əsla istəməz. Bu ölkələrdən biri ən böyük qonşumuzdur və burada milyonlarla soydaşımız yaşayır. Digəri isə soyu soyumuzdan olan qardaşımızdır. Bəzi istisnaları nəzərə almasaq, hər zaman yanımızda olmuş, çətin durumda dəstək vermişdir.
Zənnimcə, kifayət qədər həssas olan bu mövzuda Azərbaycan son dərəcə diqqətli davranmalı və balanslaşdırılmış siyasət yeritməlidir. Tərəflər arasında vəziyyətin yenidən normallaşdırılması üçün ən maraqlı tərəfli olduğunu təzahür etdirməli, Rusiya ilə qonşuluq, Türkiyə ilə qardaşlıq münasibətlərinə xələl gəlməməsi üçün son dərəcə düşünülmüş addımlar atmalıdır. Kiçik bir yanlışlıq prosesdən ciddi itki ilə çıxmağımızla nəticələ bilər.
Şərhlər