Filarmoniyanın direktoruna şiddətli töhmət verilib
22.12.2015 02:35 Artreaksiya 1911
Dekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən iclasda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti, Sumqayıt, Mingəçevir və Şəki Dram Teatrlarının yaradıcılıq fəaliyyəti və repertuar siyasəti, Turizm sənayesi nümayəndələrinin xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində fəaliyyəti və bunun ölkəni ziyarət edən əcnəbi turistlərin dinamikasına təsiri, Şirvan şəhər, Neftçala və Yardımlı rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində mövcud vəziyyət və kitabxana-informasiya şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, Bərdə, Saatlı və Göyçay rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyəti, “Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inkişafı üzrə Xüsusi Fəaliyyət Proqramı (2016-2020-ci illər)” layihəsinin qəbul olunması, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-ci ilin birinci yarımili üçün iş planının təsdiq edilməsi müzakirə olunub.
İclasda Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara da yol verildiyi aşkarlanıb. Qeyd olunub ki, bədii şuraların iclasları keçirilmir, kollektivlərin repertuarının yenilənməsi, bilet satışı lazımi səviyyədə deyil. Ölkəmizin regionlarında konsertlər təşkil olunmur, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlər görülmür. Tədbirlər haqqında ictimaiyyət əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmır.
Mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verilib.
Fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edilib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq olunub.
Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib.
Şərhlər