Ələsgər Məmmədoğlu dəfn edildi - YENİLƏNİB
22.12.2015 14:30 Artreaksiya 3182
Əməkdar artist Ələsgər Məmmədoğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Reaksiya.az APA-ya istinadən xıbır verir ki, dəfn mərasimində Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, əməkdar incəsənət xadimi Cahangir Novruzov, aktyorun ailə üzvləri və sənət dostları iştirak edib.
Qeyd edək ki, Ələsgər Məmmədoğlu dünən axşam saatlarında dünyasını dəyişib.
13:31
Dünən gecə vəfat edən əməkdar artist Ələsgər Məmmədoğlu ilə vida mərasimi keçirilir.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, mərhumun evində keçirilən vida mərasimində Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının direktor müavini Natiq Güləhmədov, xalq artisti Hacı İsmayılov, Ələsgər Məmmədoğlunun sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərhum bu gün Bakıdakı “Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu ötən gün axşam saat 21:00 radələrində öz evində dünyasını dəyişib. Aktyorun səhhəti qəfil pisləşib, təcili yardım gəlsə də, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ə. Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə. Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmir -qaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino- jurnalının 20 -yə yaxın süjetinə çəkilən Ə. Məmmədoğlu, “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları”(Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə. Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Şərhlər