Dünyanın tanınmış teatr tamaşaları Bakıda nümayiş etdiriləcək

03.01.2016 15:57     Artreaksiya     1776

Dünyanın tanınmış teatrlarının – Kral Milli və “Qlobus” Şekspir (London), Kral Şekspir (Stratford-na-Eyvone), Böyük Teatr (Moskva), Metropoliten Opera (Nyu-York) və digər tanınmış teatrların ən məşhur tamaşaları Bakı kinoteatrlarında nümayiş olunacaq

"Reaksiya" "Report"a istinadən xəbər verir ki, məlumatı “British Council Azərbaycan” yayıb. 

Məlumata görə, “British Council Azərbaycan”ın TheatreHD layihəsi çərçivəsində “British Council Azərbaycan”,Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Azərbaycandakı səfirliyi, “CoolConnections” şirkəti, Nizami Kino Mərkəzi və “Park Cinema”nın birgə əməkdaşlığı nəticəsində həyata keçirilən layihə paytaxt sakinlərinə dünya teatrının və rəsm sənətinin şah əsərlərini görmək imkanı verəcək.

Baş rollarda dünya səviyyəli ulduzlar - Benedikt Kamberbetç, Tom Hiddlston, Reyf Fayns, Helen Mirren, Stiven Fray, Mark Stronq, Kristofer Plammer Yonas Kaufman, Cillian Anderson, Anna Netrebko, İldar Abdrazakov, Svetlana Zaxarova, Vladislav Lantratov və başqaları oynayırlar.

Bundan başqa, TheatreHD layihəsinə unikal film-sərgilər də daxildir ki, bu filmlər dünyanın ən məşhur muzeylərinə səyahət etmək və Mone, Vermeyer, Van Qoq, Rembrandt və digər görkəmli rəssamların məşhur əsərlərini detalları ilə izləmək imkanı verir.

TheatreHD layihəsi çərçivəsində yanvarın 5-də “Park Cinema”da (Flame Towers) Benedikt Kamberbeçin iştirakı ilə “Şerlok” filmi nümayiş etdiriləcək.

Nizami Kino Mərkəzində isə yanvarın 13-də Benedikt Kamberbetçin iştirakı ilə Uilyam Şekspirin “Hamlet” əsəri, 27-də Şarlotta Brontenin “Ceyn Eyr” əsəri təqdim olunacaq.

Qeyd edək ki, TheatreHD nümayişləri Rusiyanın 35-dən artıq şəhərində, həmçinin Ukrayna və Qazaxıstanda həyata keçirilir. Azərbaycan tamaşaçıları TheatreHD-i 2016-cı il iyunun 30-dək izləyə biləcəklər.

Şərhlər