Aktrisa: Fahişə rolunu necə oynamalıydım?...
29.05.2015 12:58 Artreaksiya 1663
Bu gün küçədən keçən birinin serialda çəkilməsi təbii ki, tamaşaçıya maraqsızdır...
Müsahibimiz Akademik Milli Dram Teatrının qabaqcıl aktrisası, iyirmi ildən çoxdur ki, həmin teatrda çalışan qabaqcıl aktrisa Dilarə Nəzərovadır. Dilarə xanımla söhbətləşib onun sənətinə, keçdiyi ömür yoluna birgə nəzər salmağa çalışdıq.
-Dilarə xanım, uzun illərdir ki, sənətdəsiniz. Tamaşaçılarımız sizi necə xatırlaya bilərlər?
-Mənim vizit kartım ilk olaraq bir zamanın məhşur teleserialı olan “İtkin gəlin” serialındaki Simon olub. Bundan sonra “Bağdada putovka var” və başqa filmlərdə çəkilmişəm. Daha sonra son dönəmlər “Gürzə” və “Bir ailəm var” seriallarında rollar oynamışam Amma mənim fikrimcə tamaşaçılar məni daha çox “İtkin Gəlin”dən sonra tanıdılar.
-Teatr tamaşaçısının səhnədə gördüyu Dilarə Nəzərova ilə film izləyən tamaşaçının ekranda gördüyü Dilarə xanımın fərqli cəhətləri hansılardır?
-Mənim fikrimcə, aktyor və aktrisa rəngarəng olmalıdır. Rəssam bir əsəri işləyəndə necə ki, rəngləri bir birinə qataraq, hər rəngdən istifadə edərək gözəl bir əsər meydana çıxarır, aktyor da öz daxili rənglərindən, duyğularından istifadə edərək öz oynadığı qəhrəmanı üzə çıxarır.
-Hər bir aktrisa müəyyən bir rolu sevir, müəyyən bir rolunsa öhdəsindən gəlmədiyin düşünür. Bəs, Dilarə xanım bir aktrisa kimi hansı rolun öhdəsindən gələ bilməyəcəyini düşünür?
-Mənim fikrimcə öhtəsindən gəlmədiyim rol Nicat Kazımovun quruluşunda qurulan “Məlikməmməd” tamaşasında Böyük div obrazı olmuşdur.
-Bəs Dilarə Nəzərovanın dublaj sahəsində fəaliyyəti olubmu? Yoxsa hələ bu sahədə özünüzü sınamamısınız?
-Maraqlıdır ki, beş bədii filmdə oynasam da, bu filmlərin heç birində oynadığım rolu özüm səsləndirməmişəm. Təkcə bir dəfə “Sevimli xəstə” filmində rolu mən ifa etməsəm də, səsləndirmə qızın anası rolunda mənə aiddir.
-Son zamanlar çəkildiyiniz “Gürzə” filmindəki səhnələrin birində açıq - saçıq gecə geyimində olmağınız sosial şəbəkələrdə tənqid olundu. Sizcə, buna səbəb nədir?
-Maraqlısı burasındadır ki, o film 2008 - ci i ildə çəkilsə də, bu filmdəki həmin səhnə 2013 - cü ildə gündəmə gəldi. Mənim fikrimcə də buna əsas səbəb ümumi mental düşüncədə olan bir qrup savadsız kütlənin bunu anlamamasıdır. Teatrşünas və tənqidçilər bu barədə heç bir fikir söyləməyiblər. Fahişə rolunu necə oynamalıydım? Çadra geyərəkmi? Mən aktrisayam, bir gun tamaşaçı qarşısına “Gürzə”dəki Ziba, bir gun “Ag atlı oğlan”dakı Səidə, bir gün isə “Mənim günahım”dakı Gözəl kimi çıxa bilərəm
-Bəs bu filmdəki səhnələrə ünvanlanan tənqidlər sizin ailənizə təsir etdimi?
-Xeyr. Bu filmdəki həmin məqamlar nə ailəmə, nə də şəxsi həyatıma təsir etmədi.
-Sizcə, bir aktrisa kimi rejissorlar sizin potensialınızı göstərmək üçün kifayət qədər imkan yaradıblarmı?
-Düşünürəm ki, hələ yox. Mən son dövrlər daha çox komik rollar ifa etsəm də, daha çox dram rolları oynamaq öz potensialımı dram rollarında da göstərmək istərdim.
-Dilarə xanım, sizi tamaşaçılar Azərbaycan teleməkanındakı verilişlərdə niyə qonaq qismində görə bilmirlər. Dəvət etmirlər, yoxsa özünüz televiziyalardan qaçırsınız?
-Kifayət qədər dəvətlər var. Sadəcə, mən aktrisayam. Öz sənətim haqda danışa bilərəm, qiybət mövzuları haqda yox.
-Dövrümüzdə çəkilən teleseriallarda professionalların yox, qeyri-professionalların çəkilməsi bir aktrisa kimi sizə təsir edirmi?
-Mən düşünürəm ki, bu məndən çox tamaşaçıya təsir etməlidir. Bu gün küçədən keçən birinin serialda çəkilməsi təbii ki, tamaşaçıya maraqsızdır.
-Son üç ildir teatr sahəsində uğurlarınız olsa da, televiziya və kino sahəsindəki fəaliyyətinizdə durğunluqdur. Kinoya və teleseriala qayıtmaq fikriniz varmı?
-Dəvət olunsam və səviyyəli iş olsa niyə də yox?!...
-Dilarə xanım, bir çox aktrisalar özlərini aparıci kimi sınayırlar. Siz özünüzu aparıcı kimi sınamaq istərdinizmi?
-Qətiyyən yox. Mən aktrisayam, mənim yerim səhnədir.
-Son illərdəki fəaliyyətinizdə rollarınızla bağlı məlumat verərdiniz...
-Son dövrlər Ramiz Novruzun “Silinder” tamaşasındakı iki rol “Mənim günahım” tamaşasında Gözəl və yeni qurulan Hüseyinbala Mirələmovun əsəri əsasında Oruc İzzət oğlunun “Mərhumun mesajı” əsərində əsas rollardan birini ifa edirəm. Tamaşaçılardan da bu tamaşaları gəlib izləməyi xahiə edirəm Biz aktyorları yaşadan tamaşaçıların sevgisidir.
Söhbətləşdi: Əşrəf Həşimoğlu
Şərhlər