“Ulduz” filminin “Nazik”i nazir Əbülfəs Qarayevdən şikayət etdi

02.02.2016 21:11     Artreaksiya     1374

Azərbaycan kino tarixində özünəməxsus yer tutan “Ulduz” filminin Naziləsi (Nazik) bu gün göz yaşları içərisindədir. Necə deyərlər, o şux, gülərüz, naz-qəmzəli sənətkardan əsər-əlamət qalmayıb.
 
Modern.az saytının “Kadrarxası” layihəsi üçün müsahib kimi müraciət etdiyi 86 yaşlı Məleykə Ağazadə (Nazik) sənətdən küskün olduğunu dilə gətirdi və üzləşdiyi problemlərlə bağlı ağlaya-ağlaya danışdı.
 
Əslində onunla görüşmək, söhbətləşmək istəyirdik. Amma Məleykə xanım yaşadığı evin qonaq qəbul edilə bilməyəcək qədər bərbad vəziyyətdə olduğunu nəzərimizə çatdırdı. 
 
“Suğra Bağırzadə əməkdarartistdir mən isə evdar qadın!” 
 
“Hamı zəng edir, hamı görüşmək istəyir, mənsə bu evdə heç kimi qarşılaya bilmərəm. Tələbə olarkən məni operaya dəvət etdilər. 1955-ci ildə Üzeyir Hacıbəyovun doğum günündə səhnədə bunlar idi: Niyazinin simfoniyası, Bülbül, Firəngiz Əhmədova, “Koroğlu”dan “Qızlar” rəqsi və mən...
 
İfa etdiyim bütün rolların öhdəsindən yüksək səviyyədə gəlmişəm. “Ulduz”da oynayan  5-6 nəfər xalq artisti adını alıb. Epizodik rolda çıxış edən Suğra Bağırzadə bu gün əməkdar aktrisadır, mən isə heç kiməm, evdar qadınam. Mənə nə ad verilib, nə də təqaüd alıram. Yaşadığım evdən utanıram. 140 manat təqaüd alıram”. 
 
“Nazir müavini 7 ildir “kömək edir”” 
 
 
Məleykə Ağazadə konkret olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən şikayətçidir:
 
“Prezident Adminstrasiyasına da yazıb xahiş etmişəm ki, mənə Prezident təqaüdü versinlər, hər hansı bir şəkildə kömək etsinlər. Onlar da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin üstünə göndəriblər. Nazirlikdən mənə verilən cavab məktubunda deyilir ki, “məsələyə baxılacaq”.
 
İki ildir baxırlar. Mənim nə qədər ömrüm var ki, hələ onların məsələyə baxmasını da gözləyim. Məgər mən istedadsız aktirisayam?! Korifeylərdən qalan bir mənəm, mən də acınacaqlı vəziyyətdə yaşayıram. 140 manatla kim dolana bilər indiki zamanda?!
 
Bu vəsait nə işıqpuluna, nə qazpuluna, nə də xərclərimə çatır. Prezident göstəriş verir ki, sənət adamlarına qayğı ilə yanaşın. Budurmu qayğıları?!
 
Mən dərdimi kimə deyim?! 86 yaşım var”.
 
Elmira Axundovanın dəstəyinə nazir müsbət cavab verməyib
 
M.Ağazadə yalnız deputat tərəfindən dəstək gördüyünü deyib: “Deputat Elmira Axundova nazir Əbülfəs Qarayevə mənim barəmdə müraciət edib. Nazir cavabında “biz işləyənlərə ad veririk” deyib. Məgər mən işləməmişəm? O kimdir ki, mənə ad versin, ya verməsin?! Onun birinci müavini Ədalət Vəliyev tədbirlərin birində məni görəndə bildirmişdi ki, “siz xalq artisti adına layiqsiniz, mən sizin problemi həll edəcəm”. 7 ildir həll edir. Bütün telekanallar məni çağırır, utanıram getmirəm. Məni küçədə görəndə insanlar başıma yığılır. Amma dövlət mənə dəstək vermir”.
 
Qeyd edək ki, Məleykə Ağazadə “Ulduz” filmi ilə yanaşı, “Qızmar günəş altında”, “Onu bağışlamaq olarmı?”, “Qəribə əhvalat”, “Yaşamaq gözəldir, qardaşım!”, “Var olun, qızlar...” kimi ekran əsələrində də müxtəlif rollar oynayıb.

Şərhlər