Azərbaycanlı tələbələrə Boris Şukin adına Teatr İnstitutunda oxumaq imkanı yaradılıb
12.02.2016 13:12 Artreaksiya 2644
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası, Azərbaycan teatrının dünya mədəniyyətinə inteqrasiyası, milli teatr sənətinin inkişafının, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənclərin dəstəklənməsi, kadr hazırlığı, əlavə təhsil sisteminin təkmilləşdirilməsi və istedadlı gənclərin xarici dövlətlərdə məqsədli təhsilinə şərait yaradılması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni layihənin icrasına başlanılacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Rusiyanın dünyaca məşhur Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrı nəzdində Boris Şukin adına Teatr İnstitutunda Azərbaycan Respublikası üçün məxsusi hədəf kurslarına tələbə qəbulu keçiriləcək. Bu barədə tərəflər arasında müqavilə imzalanıb. Kursun rəhbəri Rusiyanın Əməkdar İncəsənət Xadimi, professor Mixayıl Borisovdur.
Qəbul əsasən iki ixtisas istiqaməti üzrə müəyyənləşdirilib: Dram teatrı və kino artisti – qəbul sayı 15 nəfər (təhsil müddəti - 4 il); Teatr rejissorluğu – qəbul sayı 5 nəfər (təhsil müddəti – 5 il).
İnstituta qəbul 2016-cı ilin iyul ayında Moskvadan dəvət olunmuş peşəkar şəxslərdən ibarət xüsusi imtahan komissiyası tərəfindən həyata keçiriləcək.
Qəbul olunan şəxslərin illik təhsil haqqı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödəniləcək.
Qəbulla bağlı ətraflı məlumat üçün Azərbaycan Teatr Xadimləri İttifaqına müraciət etmək olar.
Şərhlər