"İnsanı belə alçaltmaq olmaz" - Müğənnilər şərhlərdən giley etdilər
19.02.2016 16:00 Artreaksiya 1472
Müasir dövrdə “sosial şəbəkə xəstəliyi”nə yoluxanların sayı günü-gündən artır. Bundan ən çox əziyyət çəkənlər isə tanınmış simalardır. Onların paylaşımlarını hər gün on minlərlə insan izləyir. Bu paylaşımlara kimi tərif, kimi tənqid, kimi isə təhqir dolu cümlələr yazır.
Axşam.az tanınmışlar arasında sorğu apararaq onların sosial şəbəkədəki fəaliyyətlərini soruşub:
Əməkdar artist Almaz Ələsgərli həm "Facebook"-da, həm də İnstaqramda oturduğunu bildirib:
“Hər iki sosial şəbəkənin fəal iştirakçılarındanam. Amma mənə heç kim təhqir yazmır. Bir vaxtlar adıma saxta profillər açılmışdı, indi heç onlar da yoxdur”.
Əməkdar artist Aybəniz Haşımova müğənnilərə çox təhqir yazılmasından şikayətlənib:
“Öz başıma belə hadisə gəlməyib. Başqa ifaçıların paylaşımlarında təhqirlər oxumuşam. Mənim sosial şəbəkəmə tələbələrim də nəzarət edir. Bəlkə olur, onlar silir. Sağlam tənqid normaldır. Amma insanın şəxsiyyətini vicdansızcasına alçaltmaq düz deyil”.
Aparıcı Afaq Gəncəli İnstaqramdan yorulduğunu və silmək istədiyini deyib:
“Hərdən elə istəyirəm ki, silim, canım qurtarsın. Amma vərdişim buna mane olur. Düşünürəm ki, başımı nəylə qataram? Düzgün olmayan şərhlər, tənqidlər yazırlar. Adam dəhşətə gəlir”.
Aparıcı Cavid Gül təhqir yazanı “qara siyahıya” atdığını deyib:
“Bəzən tənqid, bəzənsə təhqir yazırlar. Əvvəl düşünürdüm ki, həmin insanı tapım, cəzasını verim. Amma şərhi silib izləyicini “qara siyahı”ya atmaq ən yaxşı vasitədir”.
Müğənni Emil Bədəlov hər zaman paylaşdıqlarına diqqət etdiyini bildirib:
“Sosial şəbəkələrdə hər zaman diqqətli olmaq lazımdır. Yazılanlara cavab verəndə də ehtiyatlı olmalısan. Fəal üzvlərdən biriyəm. Bir-iki dəfə təhqir yazan olmuşdu, çalışdım tapım. Amma sonra gördüm ki, boş yerə özümü əsəbiləşdirirəm. Tənqidi şərhlərə cavab vermirəm, onları silirəm”.
Müğənni Samira Allahverdi “Neqativ şərhlər yazırlar. Onu silmirəm. Təhqir etsə, “qara siyahı”ya salaram. Amma təhqirə keçən olmayıb” deyə, söyləyib.
Aparıcı Nərgiz Vahabqızı tənqid yazanları "paxıl" adlandırıb:
“Sosial şəbəkədə gənc qızlar çox tənqid yazırlar. Onlara isə əhəmiyyət vermirəm. Çünki hamısı paxıllıqdan irəli gəlir. Təhqir edəni isə aradan qaldırmaq asandır. Atırsan “qara siyahı”ya, bitib gedir”.
Aktrisa Ülviyyə Əliyeva İnstaqram xəstəliyinə yoluxmadığını deyib:
“Təkcə "Facebook"-da varam. Onu da ancaq xəbərləri oxumaq üçün istifadə edirəm. Dostluğumda tanımadığım insanlar olmadığı üçün mənə təhqir yazanlar da yoxdur. Hələ ki İnstaqram xəstəliyinə yoluxmamışam”.
Müğənni Əbdül Xalid paylaşdığı şəkillərə ciddi nəzarət etdiyini vurğulayıb:
“İnstaqramda varam. Yazılanlara nəzarət edirəm. Elə edirəm ki, heç vaxt təhqir yazmırlar. Amma "mən səni bəyənmədim" yazanlar var, onu silmirəm. Məcbur deyil ki, hamı məni bəyənsin”.
Müğənni Kərim Abbasov isə heç bir sosial şəbəkədə olmadığını deyib:
“Mən sosial şəbəkədə yoxam. Profilimi köməkçim istifadə edir. Şəkillərim olanda da ona göndərirəm, yerləşdirir”.
Şərhlər