Səməd Vurğunun ev muzeyindən reportaj - FOTOLAR

24.02.2016 14:33     Artreaksiya     1853

Səməd Vurğunun ev muzeyi Tərlan Əliyarbəyov küçəsi 6-da yerləşən binanın üçüncü mərtəbəsindədir. Qapıda bizi Qədimova Nazilə xanım qarşılayır. Daxıl geyib muzeyin içinə keçirik. O, bizi rəhbərliklə görüşdürür. Sonra ömrünün son iki ilini burda yaşamış şairin bütün əşyaları ilə tanış edir:

 

– Səməd Vurğunun ev muzeyi 1975-ci il oktyabrın 6-da açılan ilk memorial muzeydir. Muzey altı otaqdan ibarətdir. Şairin iş otağı, qonaq otağı və yataq otağı olduğu kimi saxlanıb. Muzeyin ekspozisiya otaqlarından biri şairin övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğluna həsr olunub. Otaqlardan biri isə şairin həyat və yaradıcılığını özündə əks etdirir. 


İş otağı... 

 


Şairin iş otağındayıq. Yazı masasındakı “Bir səslə” şeirinin əl yazması, papiros qutusu adamı bu stolun arxasında yazılan əsərlər: "Vaqif", "Fərhad və Şirin", "İnsan", "Aygün" dövrünə aparır. Maraqlıdır, görəsən, şair burda əsərləri necə yazardı? Amma bir şey yadımıza düşür. Xavər xanım xatirələrində deyərdi ki, Səməd Vurğun heç vaxt masa arxasına ev paltarında əyləşməzdi, onu burda ancaq rəsmi geyimdə görmək olardı.


Stolun üstündə Ukrayna şairi Maksim Rılskinin hədiyyəsi olan bəzək qutusu, işıq lampası, telefon aparatı da var. 


Divardan Səməd Vurğun və Xavər xanımın fotoşəkilləri və şairin naturadan çəkilmiş portreti asılıb. Kitab şkaflarında onun şəxsi kitablarından nümunələr var. Rəfdə şairin çay daşı üzərində iki oyma portreti də qoyulub.  


Otaqda şairin dramaturji yaradıcılığını əks etdirən iki stend var. Biri “Fərhad və Şirin”ə, o biri isə “Vaqif” və “İnsan” dramlarına həsr olunub. Burda dramlara çəkilən illüstrasiyalar asılıb.


Şairin iş otağında onun ovçuluğa olan həvəsi bir guşədə öz əksini tapıb. Guşəyə şairin Bolqarıstandan aldığı kürk, qaragül papağı, dostu Konstantin Simonovun hədiyyəsi olan gödəkcə, ov tüfəngi və saz qoyulub.


1956-cı ildə şairin 50 illik yubileyi qeyd olunur. Lakin Səməd Vurğun səhhəti ilə bağlı həmin yubileydə iştirak edə bilmir. Amma yubileyin gedişini radio ilə dinləyir. Bu gün o radio da şairin iş otağında saxlanılır.   


Eksponatlara baxa-baxa o biri otağa keçirik.


Həyat və yaradıcılığını əks etdirən otaq...

 


Otaqda şairi həyat və yaradıcılığını, ictimai fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlər, kitablar, müxtəlif sənədlər, mükafatlar, xarici səfərlərindən gətirdiyi materiallar və şairin şəxsi əşyalarından ibarət vitrinlər nümayiş olunur. Burada divara vurulmuş rəsm əsərində şairin anadan olduğu Yuxarı Salahlı kəndi təsvir olunub (rəssam: Səməd Haqverdiyev, 1975). 


Ekspozisiyada Səməd Vurğunun maddi yardımı ilə 1950-ci illərin əvvəlində qohumu olan iki yetim qardaş üçün tikdirdiyi evin maketi sərgilənir. Maketin yuxarısındakı divardan xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi “Gənc şair” (1975) əsəri asılıb. Maketin sağ tərəfindəki stenddə şairin uşaqlıq, gənclik, seminariyada oxuduğu illərdən çəkilmiş şəkilləri, müəllimlərinin və oxuduğu II Moskva Universitetinin binasının fotosu öz yerini alıb. Burada şairin şəxsi əşyaları yer alıb: 1953-cü ildə Ukraynadan gətirdiyi onların milli geyimi, diş fırçası, darağı, qayçısı, saatı, portsiqarı və başqa əşyaları.    


Bu otaqda iki stend şairin həyat yoldaşı Xavər xanıma və qızı Aybəniz xanıma  həsr olunub. Birinci stenddə Xavər xanımın müxtəlif illərdə çəkdirdiyi şəkillər, müxtəlif sənədlər və şəxsi əşyalar: üzüyü, mirvarisi, iki saatı, iki şərfi, yelpiyi, güzgü ilə daraq dəsti, əl çantası nümayiş olunur. 


İkinci stenddə Aybəniz xanımın müxtəlif illərdə çəkdirdiyi fotolar vurulub. Vitrinə Aybəniz xanımın müxtəlif sənədləri və şəxsi əşyaları: qolbağı, əl çantası, yelpiyi, araxçını, örpəyi qoyulub.


Yusif Səmədoğlu və Vaqif Səmədoğluya həsr olunmuş otaq...

 

 

Üçüncü otaq. Bura isə şairin övladları Yusif Səmədoğlu və Vaqif Səmədoğluna həsr olunub. Otaqda hər ikisinin ayrılıqda yazı masası və stulları var. Burada Pianino, skripka və digər əşyalar da nümayiş olunur.  


Yusif Səmədoğlunun “Qətl günü” romanından Kirlikir obrazının maketi də burda var. Vaqif Səmədoğlunun şəxsi geyimləri, ordenləri, şeir tacı, özünün çəkdiyi avtoportreti burada nümayiş olunur. 


Tarixi royal... 

 


Qonaq otağında şairin ailəsinə məxsus Almaniya istehsalı olan royal, qoz ağacından hazırlanmış mebel dəsti, çay servisi, fiqur, antik saat, rəsm əsərləri və başqa eksponatlar nümayiş olunur. 


Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov kimi görkəmli bəstəkarların ifa elədiyi royalın üstünə qədim şamdan qoyulub. 


Otağın divarından Səməd Vurğunun xalq rəssamı Mikayıl Abdullayev tərəfinən naturadan çəkilmiş ilk portreti asılıb. 


Qonaq otağında şairə əlli illik yubileyi münasibəti ilə bağışlanmış hədiyyələrdən bir neçəsi sərgilənir: Azərbaycan Elmlər Akademiyasının təqdim etdiyi şairin portreti işlənmiş xalça (müəllif Lətif Kərimov), Abdulla Şaiqin ailəsindən hədiyyə olunmuş etajerka, servantın üzərində gürcü şairi George Leonidzenin hədiyyəsi olan şərab dəsti, Azərbaycan Rəssamlar İttifaqının bağışladığı “Qudyalçay” mənzərəsi (Səttar Bəhlulzadə, 1953). 

 


Otaqdakı saat ev muzeyi üçün çox dəyərlidir. Çünki 1956-cı il may ayının 27-də axşam saat 19:30-da şair gözlərini əbədi yumduğu anda həyat yoldaşı Xavər xanım otaqdakı saatın əqrəbini saxlamışdı. Yadıma şairin bir misrası düşür: 


Bir yaxşı dünyadan vaxtsız gedəndə
Min sızıltı qopur ürəyimizdən.
Bir alov parçası ayrılır bizdən


Şair son dövrdə çəkilmiş şəkli....

 


Yataq otağında taxt və Xavər xanımın cehizliyi - güzgü və digər əşyalar sərgilənir. 


Digər otaqlarda isə Vəkilovların XVI-XX əsr nəsil şəcərəsi, şairin kitabları, portretləri və heykəli var. 


Burada eyni zamanda şairin paltosu, papağı, əsası və son dövrdə çəkilmiş şəkli də yer alıb. Moskvadan qayıdarkən onu bir mühəndis tanıyır və şəklini çəkir. Bir müddət sonra həmin mühəndis şəkli göndərəndə artıq şair həyatda yox idi. Yəni özü bu şəkli görməyib. 


Beləcə, Səməd Vurğunun ev muzeyindən reportajımızı yekunlaşdırıb ordan ayrılırıq. Sonda reportajımızı şairin cümləsi ilə bitiririk: “Boş və mənasız günlər, torpaqdan aldıqları həyat şirəsini yalnız öz budaqlarına verən, meyvə yetişdirməyən barsız ağaclara oxşayır...”


Sərvər Şirin

 
Tarix: 24 Fevral - 12:52
 
 

- See more at: http://teleqraf.com/news/88715#sthash.0vTAtp1Q.dpuf

Şərhlər