Əzizbəylilər ailəsində ağır itki
27.02.2016 14:18 Artreaksiya 2709
Müğənni Nurlan Əzizbəylinin atası dünyasını dəyişib.
Müğənni Nurlan Əzizbəylinin ailəsində ağıt itki baş verib. İfaçının atası Rafiq Əzizbəyli dünyasını dəyişib. Bu barədə ifaçı ANS PRESS-ə özü məlumat verib. Açıqlamasında ifaçı bildirib ki, atasının səhhətində elə bir ciddi problem olmayıb.
“Hər şey qəfil oldu. Heç bir yeri ağramırdı. Düzdür, diabet xəstəliyi var idi, amma o qədər yüksək deyildi. Atam ürək çatışmazlığından rəhmətə getdi”, - deyə Nurlan Əzizbəyli bildirib.
Sənətçinin sözlərinə görə, atası Rafiq Əzizbəyli 1941-ci ildə anadan olub. Bu il onun 75 yaşını qeyd edəcəkdilər.
Nurlan Əzizbəyli atasının vəfatı haqqında öz Facebook səhifəsində də yazıb.
Qeyd edək ki, Rafiq Əzizbəyli xalq artisti Ramiz Əzizbəylininqardaşıdır. Xalq artisti Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Bu səbəbdən hətta həmin vaxt maşını ilə yüngül qəza da törədib. Artıq iki ilə yaxındır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan xalq artisti uzun müddətdir səhnə fəaliyyətindən də kənar qalıb.
67 yaşlı xalq artisti, aktyor və kinorejissor Ramiz Əzizbəyli "Bəyin oğurlanması", "Alma almaya bənzər", "Yol əhvalatı" və digər bədii filmlərdə yaratdığı onlarla obrazı, ekranlaşdırdığı "Bəxt üzüyü" filmi ilə xalqın böyük sevgisini qazanıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə o, 2000-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsüdür.
Şərhlər