İlhamə Quliyevanın mirasına həbs qoyuldu
05.03.2016 15:46 Artreaksiya 1899
Xalq artistinin bahalı əşyaları olan seyf blomblanıb.
Fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Xalq artistinin qohumu, tanınmış müğənni Əli Mirəliyev ANS PRESS-ə bu barədə açıqlama verib.
İfaçı qeyd edib ki, hüquq-mühafizə orqanları İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan tələb ediblər ki, mərhuməyə məxsus mənzilin açarlarını təhvil versin və maşını avtodayanacağa qoysun. İ.Quliyevanın bahalı əşyalarını saxladığı seyf isə blomblanıb.
“Mən axı demişdim İlhamə Quliyevanın mirası kimsəsizlərə qalacaq. Onun mirasına həbs qoyulub. Orxan kimdir ki? İlhamə Quliyevanın ən etibar etdiyi, sevdiyi insan birincisi dayısı oğlu Eldar İsmayılov idi, sonra mən və mənim qızım Samirə. Nə olsun ki, xalasının nəvəsini saxlayıb? Orxan böyüyəndən sonra oğul kimi özünü təsdiqləyə bilməyib. Orxan ancaq İlhamənin malından, adından istifadə edib”.
Xalq artistinin miras davası, demək olar ki, o, dünyasını dəyişən gündən başlayıb. Bir neçə gün öncə ANS PRESS-ə açıqlama verən Ə.Mirəliyev ifaçının mirasının onun bacılarına çatmalı olduğunu demişdi. "İndi isə Orxan deyir ki, miras ona qalmalıdır. Niyə axı? Əgər sənin anandırsa, niyə yanında olmamısan? Necə olur İlhamə öləndən sonra onun maşınının açarını götürüb sürürsən? Niyə evinin açarlarını dəyişirsən? Orxanın o evə gediş-gəlişi olmayıb. Belə olmaz axı! Onun ata-bir bacıları var. Birinin adı İradə, digərininki isə Gülbahardır. Mən onun dayısının kürəkəniyəm, miras lazım deyil".
Məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Nadirov da açıqlama verib. O, hazırda bu məsələ ilə maraqlanmadığını və yas saxladığını demişdi.
İlhamə Quliyeva 25 fevral səhər saatlarında vəfat edib. Ailəsi təcili tibbi yardım xidmətini çağırsa da həkimlər onu xilas edə bilməyiblər. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Ə.Mirəliyevin qızı Samirənin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi.
Şərhlər